30 Mart 2020, Bazar ertəsi

Öz yeni inkişaf dövrünü yaşayan Azərbaycan üçün uğurlarla dolu olan 2019-cu il də arxada qaldı. 2020-ci il bütün dünyanı narahat edən qlobal problemlərlə başlasa da, şükürlər olsun ki, bu çətinliklər ölkəmizin vətəndaşlarından çox kənardadır. Xalqımız, bütün dünyadakı həmvətənlərimiz 2020-ci ildə də sıx birləşib bir hədəf seçiblər: ölkəmizin hərtərəfli inkişafı, insanlarımızın rifahı və xoşbəxtliyi üçün daha da həmrəy olub, inamla çalışmaq!

 Vətənimizin hər bir guşəsində olduğu kimi, qədim Naxçıvanda da ötən ilin yaddaqalan təəssüratları yaşanmaqdadır. 2019-cu ilin təqvim vərəqlərinə bir-bir yenidən baxdıqda ötən illərdə iqtisadi, sosial-mədəni həyatda, beynəlxalq münasibətlərdə və ordu quruculuğunda əldə olunmuş nailiyyətlərin məntiqi davamı kimi çox sayda işlərin reallaşdırıldığının şahidi olmaqdayıq. Bir vaxtlar inanılması çox çətin olan layihələri artıq yaxşı mənimsəmiş naxçıvanlılar 2019-cu ildə də muxtar respublika iqtisadiyyatının daha da inkişafı üçün yeni güclə işlərinə davam etdilər. Nəticədə, artıq Naxçıvan Muxtar Respublikası, sadəcə, ölkəmizin inkişaf edən bir regionu kimi deyil, eyni zamanda Şərq-Qərb astanasında özünü mühüm cazibə mərkəzi kimi tanıtmağa başlayan, iqtisadi inkişafda, elm və mədəniyyət sahələrindəki nailiyyətlərlə getdikcə diqqətləri üzərinə çəkən məkana çevrilməkdədir. Müqayisə üçün uzağa getməyək. Bu gün dənizlərə çıxışı olan, quru, dəmir və ya hava yolları kəsişməsindəki bir sıra dövlətlərdə belə, iqtisadi böhran olduğu bir dövrdə 30 ilə yaxın bir zaman ərzində blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının əldə etdiyi iqtisadi və mədəni inkişaf səviyyəsi tanınmış analitikləri belə, yenidən düşünməyə vadar edir. Beləliklə, ötən il özünün 95 illik muxtariyyət zəfərini yaşayan Naxçıvan Muxtar Respublikasının ölkəmizin beynəlxalq imicinin yüksəlməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rolu bir daha ortaya çıxaraq düşmənə gözdağına, dostlarımız üçün ən tutarlı arqumentə çevrildi.

İndi artıq “Naxçıvan” kəlməsi Azərbaycanı araşdıranların ən çox işlədilən açar sözü mənası kəsb etməkdədir. Rəsmi səfərlərə, beynəlxalq tədbirlərə və sadəcə, turizm səyahətlərinə gələn minlərlə əcnəbinin gözü ilə Naxçıvana baxdıqda burada hər şeyin onların gözlədiyindən də qat-qat artıq səviyyədə olduğunu görmək çox asandır. Bu qonaqlar indi bir zamanlar soyuq, qaranlıq qış gecələrinə məhkum edilmiş Naxçıvanın əvəzində gecələri gündüz kimi işıqlı diyarımızda, sanki öz evlərindəki kimi rahatlıqla gəzib-dolaşırlar. Zəngin tarixi və təbii sərvətləri ilə yanaşı, istehsal və sosial infrastrukturun tamamilə yenilənməsi, ekoloji mədəniyyətin ən dərin səviyyədə insan şüuruna hakim kəsilməsi, ictimai asayişdə dünyada analoquna rast gəlinməyən bir mədəni mühitin formalaşması və həssas qonaqpərvərlik kimi müsbət təəssüratları Naxçıvana səyahət edən istənilən qonaqdan eşitmək mümkündür.
Naxçıvanda insan inkişafı indeksi, rifah səviyyəsi yüksəldikcə əhali tələbatlarının ödənilməsi məqsədilə istehsal və xidmət sahələrində yeni layihələrin reallaşdırılmasına geniş imkanlar yaranır. Dövlətin sahibkarlığa göstərdiyi hərtərəfli dəstək, ailə təsərrüfatlarının sadə profildən çıxıb, istehsal və xidmətyönümlü çox geniş sahələrədək şaxələnməsi nəticəsində muxtar respublikanın istehlak bazarı ən müxtəlif yerli ərzaq və qeyri-ərzaq məhsulları ilə dolub daşıb. Muxtar respublikada istehsal olunan sənaye məhsulunun ümumi daxili məhsulda 27,6 faizlik bir paya sahib olması digər mühüm makroiqtisadi göstəricilər fonunda çox mühüm bir inkişaf nümunəsi kimi diqqəti cəlb edir.
İqtisadi fəallığın artmasında bazar iqtisadiyyatına xas olan işgüzarlığın əsas subyektlərindən olan sahibkarlığın inkişaf etməsi muxtar respublikada əldə olunmuş nailiyyətlərin əsas faktorlarındandır. Bu mənada, Naxçıvanda istehsal olunan sənaye məhsulunda özəl bölmənin payının 94 faizdən artıq olması və bu göstəricinin ölkəmizin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək səviyyəni təşkil etməsini vurğulamaq yerinə düşər. Ümumi daxili məhsulda özəl bölmənin payının artması əhali gəlirlərinin də çoxalmasına müsbət təsir edən digər bir mühüm amildir. Ümumilikdə isə muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsulun həcminin əvvəlki ilə nisbətən 1,6 faiz artaraq 6200 manatı (təxminən 3650 ABŞ dolları) ötməsini də mühüm bir keyfiyyət göstəricisi kimi qeyd etmək lazımdır. Belə ki, bu rəqəm dünyanın Misir, Ukrayna, Hindistan kimi bir sıra böyük dövlətlərinin əldə etdiyi səviyyədən üstün, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi keçmiş sovet respublikaları ilə müqayisədə isə dəfələrlə çoxdur.

Müasir Naxçıvan nəhəng quruculuq meydanını xatırladır. Burada kənd və xidmət mərkəzlərindən tutmuş yaşayış binalarına, Günəş Elektrik stansiyalarınadək, güclü nasos qurğularından içməli su xətlərindən soyuducu anbarlaradək inşa olunan hər bir obyekt, son nəticədə, əhalinin qonşu payından asılı olmadan rahat və firavan yaşayışı üçün nəzərdə tutulub. Beynəlxalq hava dəhlizi və mühüm tranzit yol üzərindəki Naxçıvanın istehsal imkanları çoxaldıqca onun xarici ticarət dövriyyəsi də müsbət saldo ilə sürətlə artmaqdadır. 2019-cu ilin yekunlarına əsasən 425 milyon 539 min ABŞ dollarından artıq həcmdə ixrac potensialı əldə etməsi muxtar respublikanın “Made in Azerbaijan” brendi altında ölkəmizdə həyata keçirilən qeyri-neft ixracına verdiyi mühüm töhfədir. Bütün bunlar isə möhkəm zəmin üzərində qurulmuş dövlət-sahibkar işbirliyinin nəticəsində mümkün olub.
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına xüsusi dövlət qayğısı vardır. Kiçik ailə təsərrüfatlarının böyüyüb gələcəkdə sahibkara çevrilməsi, onların tutduğu biznes profilləri üzrə yüksək dərəcədə ixtisaslaşıb rəqabətqabiliyyətli məhsullarla dünya bazarına çıxmasınadək keçən bütün yolda dövlətimiz sahibkarların yanında olur, hər cür maliyyə dəstəyi və metodoloji köməkliklər göstərir. Sahibkarlara kreditlərin verilməsi, onların fəaliyyətinin stimullaşdırılması üçün sərfəli şərtlərlə xammal, avadanlıq alınması, ixrac bazarlarına çıxış üçün sərgi, yarmarka və biznes görüşlərdə iştirakın təmin edilməsi həmişə diqqətdə saxlanılaraq bu gün öz bəhrəsini verməkdədir. 2019-cu ildə muxtar respublikada iş adamlarına yeni istehsal sahələrinin yaradılması və ya genişləndirilməsi məqsədilə 12 milyon 131 min manatdan, ümumilikdə isə 29 milyon 16 min manatdan artıq həcmdə verilmiş kreditlər, bu mənada, sahibkarlarımızın dayanıqlı fəaliyyətinin əsas faktoru kimi vurğulanmalıdır.
2020-ci ildə muxtar respublika iqtisadiyyatının daha da inkişaf etdirilməsi yolunda özəl sektorun qarşısında mühüm vəzifələr dayanır. Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrası bu baxımdan cari ilin prioritet məsələlərindəndir.
Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye ­Məhəlləsinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Bu, muxtar respublikada sənayenin inkişafına yeni imkanlar yaradacaq, digər biznes subyektləri üçün yeni bazar imkanları açacaq. Bütün bu vəzifələrin uğurlu həlli üçün isə bu gün daha münbit şərait vardır.

 Əli CABBAROV
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR