07 Aprel 2020, Çərşənbə axşamı

Qış fəslində belə, bazar-dükanlarda yer alan tərəvəz məhsullarına tələbat çox olur. Sahibkarlar istixanalarda ərsəyə gətirdikləri məhsulları şəhər və rayon bazarlarına çıxarıb yaxşı qazanc əldə etməklə bərabər, əhalini payız, qış mövsümlərində də tərəvəz ilə təmin edirlər. İstixanalarda müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunması ilə yanaşı, keyfiyyətli məhsul istehsalında da mühüm rol oynayır. Bu mənada, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” böyük əhəmiyyətə malikdir. Belə ki, proqramın icrası istiqamətində davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır.

Muxtar respublikanın digər rayonları ilə yanaşı, Babək rayonunda da bir neçə istixana kompleksi fəaliyyət göstərir. Dövlət dəstəyi və sahibkarların şəxsi vəsaiti hesabına qurulan bu istixanalarda yetişdirilən tərəvəz məhsulları muxtar respublikanın bazar, dükan və marketlərində satışa çıxarılmaqla yanaşı, ölkəmizin digər bölgələrinə də ixrac edilir.
Bu günlərdə Babək qəsəbə sakini, təsərrüfat sahibi Rövşən Nağıyevlə həmsöhbət olduğumuzda o bildirdi ki, nübar məhsulu dekabr ayından başlayaraq bazara çıxarır. İxtisasca müəllim olan sahibkar uzun illərdir ki, bu sahə ilə məşğuldur. Deyir ki, təxminən, 35-40 ildir ki, ruzimizi bu istixanalardan çıxarırıq. Ərazilərimizdə göyərti əkmişik. Pay torpaqlarımızla göyərti əkini sahəsini daha da genişləndirmişik. Torpaq gün-güzəranı və dolanışığı təmin edən ən qiymətli sərvətdir. Naxçıvan bazarında bu məhsulların yaxşı da alıcısı vardır. Bu təsərrüfatlardan həm biz dolanırıq, həm də bir neçə ailənin məşğulluğu təmin edilir.
Müsahibimin sözlərinə görə, istixanaların üstünün örtülməsi, adətən, oktyabrın əvvəlindən başlayıb, noyabr ayının sonuna qədər davam edir. O deyir ki, soyuğa davamlılığına görə göyərtilərin üstünü ayrı-ayrı vaxtlarda örtürük. Sahədə cəfəri, kəvər, keşniş, şüyüd, məzrə, nanə becəririk. Bu da qışın oğlan çağında belə, Naxçıvan bazarında istənilən göyərtini tapmağa kömək edir. Sahibkarlar dövlətdən güzəştli şərtlərlə kredit əldə edərək öz təsərrüfatlarını genişləndiriblər. Bu həm də muxtar respublikada ərzaq təhlükəsizliyinin aradan qaldırılmasına verilən bir töhfədir. Əvvəllər xaricdən gələn meyvə-tərəvəz, həmçinin göyərtilər bazarda üstünlük təşkil edirdi. İndi isə yerli məhsullar bolluğu və keyfiyyətliliyi ilə seçilir.

“Nehrəm-Aqro” tərəvəz məhsulları istixana kompleksi də dövlət dəstəyindən bəhrələnərək fəaliyyətini uğurla davam etdirən sahibkarlıq subyektidir. Babək rayonunun Nehrəm-Çeşməbasar yolu kənarında yerləşən istixana kompleksinin yaradılmasına 2012-ci ildə başlanılıb. Burada bir il ərzində istixanalar qurulub, inzibati bina tikilib, əraziyə su xətti çəkilib. 2013-cü ildən isə müxtəlif tərəvəz məhsullarının yetişdirilməsinə başlanılıb. Sahibkar Nağı ­Nağıyev bildirir ki, həmin il aldığı 161 min manat dövlət maliyyə dəstəyi hesabına təsərrüfatını qura bilib. Hazırda 5950 kvadratmetr ərazini əhatə edən kompleksdə tərəvəz məhsullarının becərilməsi ilə məşğuldurlar. İstixanalarda, əsasən, yerli pomidor və xiyar məhsulları yetişdirilir və dad-tamına, keyfiyyət göstəricilərinə görə idxal olunan məhsullardan xeyli fərqlənir. Ötən il 84 ton tərəvəz məhsulunu yerli bazarlarda satışa çıxardıqlarını deyən sahibkar bu il məhsulunu paytaxt Bakının bazarlarında da satışa çıxarmağı planlaşdırdığını bildirir. O qeyd edir ki, tələbatı nəzərə alaraq bu il üçün də əkin aparıblar, hətta xiyar əkininə də başlayıblar.
Yuxarı Uzunoba kənd sakini Murad Cabbarov tərəfindən 3500 kvadratmetr ərazidə qurulan istixana təsərrüfatı da daxili bazarı yerli məhsullarla təmin edir. Sahibkar deyir ki, əvvəlcə qardaş Türkiyə Respublikasında eyni­profilli təsərrüfatda təcrübə keçib. Sonra şəxsi vəsaiti hesabına tərəvəz məhsulları istehsal edən bu cür kompleks qura bilib, dövlət maliyyə dəstəyi hesabına imkanlarını genişləndirib. Kompleksdə 7 nəfərin daimi işlə təmin olunduğunu bildirən sahibkar deyir ki, bu cür istixanaların fəaliyyət göstərməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük köməkdir. Məhsul bolluğu həm də qiymətlərin aşağı olması deməkdir.
Nəcəfəlidizə kəndində 2015-ci ildə yaradılan istixana kompleksinin sahəsi 2000 kvadratmetrdir. Sahibkar İlkin Abdullayev bildirir ki, dövlət maliyyə dəstəyi ilə yaratdığı kompleksdə, əsasən, pomidor əkini ilə məşğul olur. Ötən il 25 ton məhsulu bazara çıxaran təsərrüfat rəhbəri deyir ki, öz ailəmlə yanaşı, daha 4 ailə buradan evinə çörək aparır. O, sahibkarlara göstərilən dəstəyə görə dövlətimizə minnətdarlığını bildirdi.
Bu gün bir rayonda sahibkarlığa göstərilən qayğıdan bəhrələnib öz təsərrüfatlarını quran insanlarla söhbətlərimizdən belə qənaətə gəlirik ki, muxtar respublikada əhalinin qış aylarında da tərəvəz məhsulları ilə təmin olunması istiqamətində xeyli iş görülüb. İstixanaların və soyuducu anbarların yaradılması, sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi, əldə edilən məhsulların satışa çıxarılması üçün imkanların genişləndirilməsi həm yeni təsərrüfat sahələrinin yaradılmasına təkan verir, həm də ərzaq bolluğunu təmin edir. Bu qayğıdan bəhrələnənlər isə gün-güzəranını təmin etməklə bərabər, sahibkar adını qazanır, özü ilə birgə bir neçə ailəni də çörək sahibi edir.

 Ramiyyə ƏKBƏROVA
Muxtar RZAZADƏ

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR