Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə verilən məlumatda bildirilib ki, bu il həyata keçirilən ekoloji tədbirlər çərçivəsində yaz və payız əkini mövsümlərində 525 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, üç yüz mindən çox ağac və gül kolu əkilib.
Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması, atmosferə atılan zərərli maddələrin azaldılması, istehsalat tullantılarının zərərsizləşdirilməsi məqsədilə muxtar respublikada bir sıra ekoloji tədbirlərə geniş yer verilib. Qarşıdakı 2013-cü ildə də yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərindən biri də ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin təmin edilməsidir. Bu baxımdan muxtar respublikada keçirilən yaşıllaşdırma iməcilikləri çərçivəsində yeni meşə massivləri, yaşıllıq zolaqları salınır. Müxtəlif qurumlar, idarə, təşkilat və müəssisələr, ayrı-ayrı vətəndaşlar ekoloji tədbirlərin keçirilməsində fəallıq nümayiş etdirirlər. Regionun yaşıllıqlar diyarına çevrilməsi isə muxtar respublika sakinlərinin və buraya səfər edən qonaqların rifahına xidmət edir.


Xəbərlər şöbəsi