05 Aprel 2020, Bazar

Artıq xalqımız müqəddəs bayramlarımızdan biri sayılan Novruzu qarşılamağa hazırlaşır. Hər bir ailə çalışır ki, bayramda süfrəsi bol olsun. Bu məqsədlə insanlar üz tuturlar bazarlara. Bazarlarımızda da ilin bütün vaxtlarında olduğu kimi, yenə də bolluq müşahidə edilir. Naxçıvan şəhərində ənənə halını alan, bayramqabağı yarmarkalar bu əziz bayramı da çeşid-çeşid nemətlərlə süfrələri bəzəməyə imkan verir.

Bayram ərəfəsində ötən şənbə günü növbəti yarmarkanın təşkil olunmasında da məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçılara seçim imkanlarının yaradılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir. 

Həmin gün Naxçıvan şəhərindəki Mərkəzi bazarda bizim də üz tutduğumuz yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər neçə illərdir, mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu yarmarkaya üz tutanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki onlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan ucuz qiymətə ala bilirdilər. Yarmarkada istehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunurdu. Sakinlər yarmarkada müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz əldə edə bilirdilər.
Muxtar respublikamızın müxtəlif yerlərindən yarmarkaya gətirilən məhsullar həm keyfiyyəti, həm də qiymətinin ucuzluğu ilə insanların bayram tələbatlarını ödəyir.
Burada yaradılmış şəraitlə yaxından tanış olduq. Gördüklərimiz muxtar respublikanın iqtisadi mənzərəsini əks etdirmək baxımından insanda xoş duyğular oyadırdı. Müşahidə etdiyimiz qələbəlik insanların təşkilatçılıqdan xeyli razı olduqlarını göstərirdi. Yarmarkaya məhsul gətirənlərin və alıcıların bir neçəsi ilə görüşüb həmsöhbət olduq.
Naxçıvan şəhər sakini, təqaüdçü Validə Məmmədova bildirdi ki, bu tədbir bütün şəhər sakinlərinin ürəyincədir. Bayram üçün almaq istədiyimiz məhsulların hamısı burada var. Qiymətlər də mağazalardakı qiymətlərdən aşağıdır. Əsas məsələ ondadır ki, məhsulların hamısı yerli istehsaldır. Deməli, builki Novruz bayramında da süfrələrimizin bəzəyi öz məhsullarımız olacaq.

Daha bir alıcı Fatma Abbasova isə bildirdi ki, muxtar respublikamızın son illərdəki inkişafı həyatımızın bütün sahələrində özünü göstərir. İllər əvvəl bayrama hazırlaşarkən xeyli çətinliklərlə üzləşirdik. Arzuladığımız məhsulları tapıb ala bilməyəndə isə həm qonağın, həm də uşaqların yanında üzüqara olurduq. Sağ olsun, dövlətimiz. Artıq heç bir çətinlik çəkmədən yarmarkadan bayram üçün istədiyimizi almaq imkanı yaradılıb.
Muxtar respublikanın ən böyük rayonu olan Şərur rayonunun Mahmudkənd sakini, təxminən, yarım hektar sahədə alma ağacı əkərək kiçik təsərrüfatını quran Nicat Məmmədov bu şəraiti yaradanlara minnətdarlığını bildirərək vurğuladı ki, qiymətin ucuzluğu həmin məhsulların yarmarkaya çıxarılmasında heç bir problemin olmaması ilə bağlıdır. Burada istehsalçılardan rüsum alınmır. Onlar lazımi avadanlıqlarla təmin olunurlar. Bütün bunlar alıcı və satıcıların ürəyincədir. Mən çox minnətdaram ki, yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb. Buradakı səliqə-sahman da satıcı və alıcıların ürəyincədir. Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunur. Bizim üçün yaradılan şəraitə görə bir daha minnətdarlığımı bildirirəm.
Şahbuz rayon sakini Fəxrəntac Bağırova isə qeyd etdi ki, bu yarmarkalarda insanlar nəinki meyvə-tərəvəzlərə, həmçinin toyuq, hinduşka, quzu ətindən hazır­lanmış qovurmalara, qurudulmuş göyərtiyə də maraq göstərirlər. Fəxrəntac xala öz həyətyanı sahəsində yetişdirdiyi pencərləri, dağlardan topladığı və qurutduğu yabanı bitkiləri satışa çıxarmışdı. O deyir ki, alıcılar daha çox məzrə, nanə, reyhan, şüyüd, keşniş qurusunu alırlar. Onlar yurdumuzun səfalı havasında, təmiz torpağında bitən bu bitkilərdən uzaqda yaşayan qohum-­əqrəbalarına da sovqat göndərirlər.
Fəxrəntac Bağırova artıq 2 ildən çoxdur ki, bu məhsulları yarmarkaya çıxarır, alıcısı isə, necə deyərlər, başının üstündədir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsindən olan Ramidə Rüstəmova da ailə təsərrüfatı sahibidir. O, satışa müxtəlif şirniyyat növləri çıxarıb. Deyir ki, münbit torpağımız və dövlət qayğısı bizi öz elimizə, obamıza bağlayıb. İndi zəhmət çəkən hər kəs bəhrəsini görür. Dövlətimiz bizim yaxşı dolanışığımız üçün hər cür şərait yaradıb. Məhsulumuzu istədiyimiz kimi satır, ailə büdcəmizin gəlirini ildən-ilə artırırıq. Bu cür yarmarkaların təşkili hamı­mızın ürəyincədir.
Qeyd edək ki, həmin gün yarmarkaya muxtar respublikanın, ümumilikdə, 100-dən çox ailə təsərrüfatı, 50-yə yaxın sahibkar­lıq subyekti tərəfindən müxtəlif çeşidli məhsullar çıxarılmışdı.
Yarmarka bayram günlərində də davam etdiriləcək.

 Telli MƏMMƏDOVA

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR