19 Sentyabr 2020, Şənbə

Bu gün Ermənistanda iqtisadiyyatdan tutmuş siyasət və digər sahələrə qədər vəziyyətin daha sürətlə pisləşməsi özünü qabarıq göstərir. Belə durumda ən çox diqqəti cəlb edən məqamlardan biri də baş nazir Paşinyan və Konstitusiya Məhkəməsi ətrafındakı gərginliyin ən yüksək həddə çatmasıdır. Bunu son hadisələr də göstərir. Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin istefasına dair 5 aprel tarixində keçiriləcək referendum təxirə salınıb. Ermənistan Mərkəzi Seçki Komissiyası bəyanat yayaraq Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsinin müəyyən vaxtadək təxirə salındığını açıqlayıb.

Baş nazir Nikol Paşinyan isə bildirib ki, referendum fövqəladə vəziyyət şəraitində keçirilə bilməz. Referendum fövqəladə vəziyyət rejimindən 50 gün əvvəl, 65 gündən gec olmayaraq keçirilməlidir. Referendumun təbliğat prosesi bitdiyi yerdən başlanacaq.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin yeni tərkibini müəyyən etmək üçün nəzərdə tutulan referendum barədə qanun layihəsinin lehinə 88 deputat, əleyhinə isə 15 deputat səs verib. "Çiçəklənən Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib. Böyük əksəriyyəti baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının üzvü olan "Mənim addımım” bloku 132 deputatdan ibarət parlamentdə 88, "Çiçəklənən Ermənistan” Partiyası 26, "İşıqlı Ermənistan” Partiyası 17 mandatla təmsil olunur.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına "Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsinin sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.

Bu arada onu da qeyd edək ki, koronavirusla əlaqədar yaranan vəziyyət ucbatından iqtisadiyyatın pisləşməsi "iqtisadi inqilab” vədi verən Paşinyan hökumətini həddən artıq çətin vəziyyətə salıb. "Qraparak” qəzetinin yazdığına görə, vəziyyətdən çıxmaq üçün hakimiyyət nümayəndələri keçmiş hökumətin təmsilçilərinə müraciət ediblər. Parlamentdə hazırkı hökumət nümayəndələri ilə sələflərinin qapalı görüşü keçirilib. Görüşə keçmiş maliyyə naziri Vardan Aramyan, baş nazirin keçmiş müavini Vaçe Qabrielyan, maliyyə məsələləri üzrə ekspert Ovannes Avetisyan və iqtisadçı Aşot Xurşudyan dəvət edilib. Görüşdə əsas müzakirə mövzusu ölkəni iqtisadi tənəzzüldən qurtarmaq yolları olub.

Erməni siyasətçilərini ən çox narahat edən başlıca məsələ Ermənistanın ölməkdə olan iqtisadiyyatını böhran zamanı heç olmasa az da olsa ayaqda saxlamaqdır. Belə görünür ki, bunun üçün hakimiyyət ianə toplantısına hazırlaşır, ölkə iqtisadiyyatını "qorumaq” üçün yeni bir fond yaratmağa çalışır.

"Lragir” saytı ölkədəki siyasi partiya rəhbərlərinə müraciət ünvanlayaraq, onları ölkədə milli konsensus yaratmağa çağırıb. Ermənistan mediasına istinad edən sayt ötən gün bir neçə erməni iqtisadçısının iqtisadi məsələlərlə bağlı qapalı iclas keçirdiyini bildirsə də, bunun Ermənistan iqtisadiyyatı üçün heç bir "təhlükəsizlik yastığı” yaratmayacağına əmindir.

Bildirilir ki, "təhlükəsizlik yastığı” kimi başa düşülən fond erməni siyasi partiyaları və varlı insanlar tərəfindən yaradılmalıdır. Amma sual olunur - yaradılacaqmı? Fövqəladə vəziyyət şəraitində ölkədə keçiriləcək referendumun təxirə salınması milli konsensusun təşəkkül tapmasını asanlaşdıra bilməyəcək.

Bütün bunlar ondan xəbər verir ki, Ermənistanı qarşıdakı dövrdə daha böyük böhran gözləyir.

 

 

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR