03 İyun 2020, Çərşənbə

Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, aqrar sektorda dinamik inkişaf qorunub saxlanılmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan ərzaq təhlükəsizliyi tədbirləri, ilk növbədə, cəmiyyətin sağlam həyat tərzinin qorunub saxlanılmasına, səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, muxtar respublikanın davamlı inkişafına yeni imkanlar yaratmışdır.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm sahələrdən biri də heyvandarlıqdır. Muxtar respublikada yeni heyvandarlıq təsərrüfatlarının yaradılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əlverişli yem bazası, baytarlıq idarələrinin maddi-texniki bazasının gücləndirilməsi, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə subsidiyanın verilməsi və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafını ­sürətləndirmişdir.
Heyvandarlığın inkişafı istiqamətində cari ilin ilk rübündə 16 heyvandarlıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 12 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi hazırda davam etdirilir. Bu sahə ilə məşğul olan təsərrüfat subyektlərinə cari ilin ilk rübündə bank və kredit təşkilatları tərəfindən 3 milyon 152 min 600 manat kredit verilmişdir.
Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmışdır. Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi hazırda davam etdirilir.
2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 2543 baş inək, düyə və camış süni yolla mayalandırılmış, ötən ildə mayalandırılmış inək, düyə və camışlardan 3246 baş sağlam bala alınmışdır.
Həyata keçirilən dəstəkləyici tədbirlər iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin etmişdir. Belə ki, 1 aprel 2020-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 123 min 51 baş, xırdabuynuzlu heyvanların sayı isə 767 min 814 baş olmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəriciləri 16,3 və 19,6 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə cari ilin ilk rübündə 2 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilmişdir. Bundan əlavə, arıçılığın inkişafı istiqamətində müvafiq tədbirlər görülmüş, 5 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmış, 3 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir. Cari ilin ilk rübündə quşçuluğun və arıçılığın inkişafına, ümumilikdə, 131 min 500 manat kredit verilmişdir.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatının qorunub saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Əldə olunmuş uğurlu nəticə kimi 2020-ci ilin ilk rübündə muxtar respublikada diri çəkidə 6330,5 ton ət, 13060,7 ton süd, 27974,5 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 33,7, 16,4 və 60 faiz çoxdur.

Əsas heyvandarlıq məhsulları istehsalı
(yanvar-mart ayları üzrə)

2020-ci ilin yanvar-mart aylarında 26 milyon 806 min 500 manatlıq heyvandarlıq məhsulları istehsal edilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.
Muxtar respublikada heyvandarlığın inkişafı məqsədilə qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası və görülən digər mühüm işlər bundan sonra da əhalinin keyfiyyətli və yerli heyvandarlıq məhsulları ilə təmin olunmasına müsbət təsir göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR