02 İyun 2020, Çərşənbə axşamı

Dünən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən Naxçıvan şəhərində yaradılan “Decoria” alış-veriş mərkəzi istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, muхtаr rеspublikаda özəl bölmənin inkişafına dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır, hər il yеni iş yеrləri аçılır, əhаlinin mаddi-rifаh hаlı yüksəldilir. Sosial-iqtisadi və eləcə də digər sahələrdə müşayiət olunan dinamika muxtar respublikada inkişafın davamlı xarakter almasının daha bir təsdiqidir. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada aparılan uğurlu iqtisadi siyasət nəticəsində geniş sahibkarlar sinfi formalaşıb və bu təbəqə sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. Sürətli inkişaf bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın şəkildə göstərir. Təsadüfi deyil ki, iqtisadiyyatda əldə olunmuş uğurlarda ticarət sektorunun da inkişafı və genişlənməsi vacib rol oynayır.

Vurğulanıb ki, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan “Decoria” alış-veriş mərkəzi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlı xarakter daşıdığının daha bir göstəricisidir. Mərkəzin yaradılmasına 1 milyon 600 min manat vəsait sərf olunub. Ərazisi 1800 kvadrat metrdən 4000 kvadrat metrə çatdırılan mərkəzdə muxtar respublika əhalisinin tələbatına uyğun olan ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən bütün növ məişət əşyalarının, elektrik materialları və avadanlıqlarının, müxtəlif növ mebellərin, avtomobil aksesuarlarının satışı bölmələri, anbar və digər xidmət sahələri yaradılıb. Mərkəzin 3000 kvadrat metri satış bölməsinin, 1000 kvadrat metri anbar və ofis bölmələrinin payına düşür. Burada yerli məhsullarla yanaşı bir sıra xarici ölkələrin istehsalı olan 8500 çeşiddən çox məhsulun satışı həyata keçiriləcək.

Sonra tədbir iştirakçıları mərkəzdə satışa çıxarılan məhsullarla əyani tanış olublar.
Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən “Decoria” alış-veriş mərkəzindən mətbəx, yemək dəstlərini, elektrik materialları və avadanlıqlarını, xırdavat, təmir-tikinti alətlərini, plastik boruları, divar kağızlarını, yataq və bağça mebel dəstlərini, taxta və seyf qapılarını, hədiyyəlik əşyaları, məişət texnikalarını, dəftərxana ləvazimatlarını, təmizlik məmulatlarını, təhlükəsizlik vasitələri və geyimlərini, boya və izoliyasiya məhsullarını, hamam və avtomobil aksesuarlarını və digər malları sərfəli qiymətə əldə etmək mümkündür. Mərkəzdə kredit bölməsi də fəaliyyət göstərir ki, müvafiq sənədləri təqdim etməklə 3 aydan 6 ayadək kreditlə məhsul almaq olar. Qarşıya qoyulan əsas məqsəd ilk növbədə yerli istehsal mallarının satışını təşkil etmək, satılan malların çeşid bolluğunu və keyfiyyətini diqqətdə saxlamaqdır. Burada yerli məhsullarla yanaşı Almaniya, Hollandiya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan məhsulların da satışı həyata keçirilir.
Qeyd edək ki, mərkəzdə nağd, eləcə də Post-terminal vasitəsilə alış-verişin həyata keçirilməsi mümkündür. Müştərilərin rahatlığı üçün ikitərəfli giriş-çıxışı yaradılan mərkəzin geniş avto dayanacaq yerləri də mövcuddur. Həyətyanı sahə abadlaşdırılıb, yaşıllıqlar salınıb. Mərkəzdə istilik və soyutma, təhlükəsizlik kameraları, yanğından mühafizə sistemləri quraşdırılıb. Hazırda burada 50 nəfər daimi işlə təmin olunub, işçilər gündəlik yemək və mövsümi geyimlə təmin edilirlər.

 Nail ƏSGƏROV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR