01 İyun 2020, Bazar ertəsi

Ötən əsrin 70-80-ci illərində əldə olunmuş əsas nailiyyətlərdən biri də ondan ibarətdir ki, Naxçıvan aqrar məkandan sənaye diyarına çevrilmiş və bu uğurun əsasında ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət dayanmışdır.

Muxtar respublikaya xüsusi qayğı göstərən görkəmli dövlət xadimi ­ölkəmizdə ilk siyasi hakimiyyəti dövründə diqqətdən kənarda qalan və çətin həyat problemləri yaşayan qədim diyarın inkişafını təmin etmək üçün ciddi fəalliyyət göstərmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə doqquzuncu beşillikdə Naxçıvan MSSR-in xalq təsərrüfatının inkişaf planı işlənib hazırlanmış, bu planın həyata keçirilməsi ilə qısa müddət ərzində iqtisadi və sosial inkişafda yüksək nəticələr əldə edilmiş, muxtar respublikada sənayenin inkişafı yeni vüsət almışdır. Bu dövrdə Naxçıvanda istehsal edilən daşduz, sink, qurğuşun, molibden, mineral sular, ipək xammalı, mərmər, şərab, mürəbbə konservləri ölkə sənayesində xüsusi yer tutmaqla xarici ölkələrə də göndərilmişdi. 1970-1985-ci illərdə iqtisadiyyata əsaslı vəsait qoyuluşunun artırılması ilə Naxçıvan Tütün-Fermentasiya, Alüminium Qablar Zavodu, Dəmir-Beton Məmulatı zavodunun birinci növbəsi, Sirab mineral sular, iki şərab zavodu istifadəyə verilmiş, elektrotexnika və avtotəmir zavodlarının təşkili, Ordubad baramaaçan və Naxçıvan tikiş fabrikləri yenidən qurulmuşdur. Sənaye müəssisələrinin yaradılması muxtar respublikada elektrik enerjisi istehsalını da zəruri edirdi. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq 1970-ci illərdə İranla birlikdə gücü 21 milyon kilovat-saat olan Araz Su Elektrik Stansiyası tikilib istifadəyə verildi ki, muxtar respublikanın blokadada olduğu çətin günlərində Araz SES Naxçıvan əhalisinə çox böyük dayaq oldu.

Maşınqayırma və metal emalı sahəsində elektrotexnika məhsulları, təsərrüfat və məişət təyinatlı metal qablar, istehsal təyinatlı metal məhsullar və sair kimi muxtar respublika üçün vacib olan bir sıra sənaye məhsulları istehsal edilirdi. Qeyd etmək lazımdır ki, bu gün Naxçıvanın tikinti materialları istehsalı mərkəzinə çevrilməsi o dövrdə, üzlük plitələrin buraxılması üzrə yeni müasir müəssisələrin yaradılması və istehsalın daha da inkişaf etdirilməsi ilə bağlı qərarların qəbul olunması nəticəsində baş tutmuş və beləliklə, dahi rəhbər Heydər Əliyevin ideyaları gerçəkləşmişdir.
Azərbaycan Respublikasında 1990-cı illərdə yaranmış qarışıqlıq dövründə yenə də Naxçıvanın tənəzzülünün qarşısının alınması ulu öndərin Naxçıvana qayıtması nəticəsində baş tutdu. 1993-cü ildə ümummilli liderimizin yenidən hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılmış və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım olmuşdur.
Sonrakı dövrdə – 1995-ci ildən etibarən muxtar respublika rəhbəri tərəfindən bu siyasi kursun qətiyyətlə davam etdirilməsi nəticəsində sənayenin inkişafı daha da sürətlənmiş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər yerində, o cümlədən də Naxçıvanda iqtisadiyyatın gücləndirilməsi istiqamətində dövlət siyasəti davam etdirilmişdir. Muxtar respublikada gedən sənayeləşmə prosesi məşğulluq probleminin həllinə kömək etmiş, mineral-xammal resurslarına əsaslanan sənaye sahələrinin, kənd təsərrüfatı xammalının emalına xidmət edən müəssisələrin yaradılması bu sahənin inkişafına səbəb olmuş, əhalinin sənaye məhsullarına olan tələbatı ödənilmiş, regionlararası və regiondaxili, o cümlədən xarici iqtisadi əlaqələr təkmilləşdirilmiş və son nəticədə, əhalinin həyat səviyyəsi yüksəldilmişdir.

1995-ci ildən başlayaraq muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət məhsul istehsalının və göstərilmiş xidmətlərin həcminin artımında, əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır.
1995-ci il sentyabrın 29-da “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycanda aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri olmaqla muxtar respublika iqtisadiyyatına öz müsbət təsirini göstərmişdir. 1995-2001-ci illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika iqtisadiyyatında yaranmış durğunluq tamamilə aradan qaldırılmış, 2001-ci ildə sənayenin ümumi məhsulunun həcmi 1995-ci illə müqayisədə 1,7 dəfə artmışdır. Diyarımızın blokada şəraitində olmasına, xamma­lın və materialın daşınması sahəsində çətinliklərə baxmayaraq, alt trikotaj, tikiş və mebel fabriklərinin, emal müəssisələrinin, elektrotexnika zavodunun fəaliyyəti bərpa edilmiş, Badamlı-Vayxır-Naxçıvan mineral su kəmərinin çəkilməsi ilə mineral su istehsalı artmışdır. Şüşə qablar zavodunda energetika sənayesi üçün keramik izolyatorların, dəmir-beton zavodunda beton elektrik dirəklərinin, yol kənarına düzmək üçün beton plitələrin və digər məmulatların istehsalına başlanılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların davamı kimi muxtar respublikamızda da regionların tarazlı inkişafı ilə bağlı üç böyük dövlət proqramının reallaşdırılması sayəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, muxtar respublika iqtisadiyyatında həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermişdir. Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” təsdiq edilmişdir.
Ümumi daxili məhsulun tərkibində ilk yerə sahib olan sənaye sahəsində aparılan uğurlu islahatların nəticəsində bu sahədə sürətli inkişafa nail olunmuş, muxtar respublikada sənayeləşmə prosesinə start verilmişdir. Təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi, sənaye müəssisələrinin bərpa olunması və yenidən qurulması, müəssisələrin dünya standartlarına uyğun texnologiyalarla təmin olunması, səmərəli kredit mexanizminin qurulması, yerli və xarici bazarlara çıxış imkanlarının sadələşdirilməsi artımla müşahidə olunmuş, 2019-cu ildə 1015,0 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 1,4 faiz çoxdur.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ildə 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur. Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərma­nına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar yaradacaqdır. Altı istehsalat korpusundan ibarət nəzərdə tutulmuş sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub ki, bu da həmin məhsulların idxalının azalmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Sənaye məhəlləsi özəl sektorun inkişafına daha böyük dövlət dəstəyi olmaqla burada əlverişli infrastrukturun təşkil edilməsi, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların maksimal sadələşdirilməsi və xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradacaqdır.
Enerji sektoru sənayenin inkişafına təkan verən əsas mexanizmlərdən biridir. Muxtar respublikanın günəşli və küləkli günlərinin miqdarına görə bərpa olunan enerji mənbələrinin potensialı baxımından əhəmiyyətli mövqeyə malik olduğu dəyərləndirilərək Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Hazırda muxtar respublikanın enerji ehtiyatlarına olan tələbatının 60 faizi məhz bu stansiyanın istehsal etdiyi enerji hesabına ödənilir. Külək enerjisinin əldə olunması istiqamətində isə Culfa rayonu ərazisində işlər davam etdirilməkdədir. Muxtar respublikada elektrik enerjisi istehsalı müəssisələrinin sayının 1-dən 8-ə çatdırılması enerji təhlükəsizliyini təmin etmiş, Naxçıvan enerji idxalatçısından ixracatçısına çevrilmişdir ki, bu da sənayeləşmə siyasətinin genişlənməsinə yollar açmışdır.
Kənd təsərrüfatı məhsulunun istehsal həcminin dinamik şəkildə yüksəlməsi, əhalinin əsas qida məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, dövlət ehtiyatlarının yaradılması nəticəsində muxtar respublikada ərzaq təhlükəsizliyi təmin olunmuşdur.
Ümummilli liderin iqtisadi inkişaf strategiyasının uğurla həyata keçiril­məsinin nəticəsidir ki, bu gün Naxçıvanda ərzaq və enerji təhlükəsizliyinin təminatına nail olunmuşdur. Sənayenin bu cür yüksək sürətlə inkişaf etməsinə muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatlar və dövlətin həyata keçirdiyi iqtisadi siyasət geniş baza yaratmışdır. Dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri isə yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul istehsal etmək, müasir texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləməklə onun rəqabət qabiliyyətini artırmaq, həm daxili bazara, həm də xarici bazara inte­qrasiyanı təşkil etməkdən ibarət olmuşdur. Muxtar respublikada həyata keçiri­lən iqtisadi islahatların və sosial siyasətin nəticələri olaraq “Caspian European Club” tərəfindən müəyyən edilən investisiya reytinqində Naxçıvan 2017 və 2018-ci illərdə ən yüksək ümumi bal toplayaraq qalib olmuşdur.

Bütün bu göstəricilər sənaye sahəsində olan iqtisadi tənəzzül dövrü ilə iqtisadi yüksəliş arasındakı fərqi və ulu öndərin bu istiqamətdə müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının düzgünlüyünü bir daha sübut edir.

Mehriban İMANOVA
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR