02 İyun 2020, Çərşənbə axşamı

Müasir dövrdə dövlətin sosial-iqtisadi inkişafının əsasını təşkil edən əsas amillərdən biri də ixracdır. Bu səbəbdən xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Artıq bir neçə ildir ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində əldə olunan müsbət saldo uğurlu iqtisadi strategiyanın nəticəsidir. Bu istiqamətdə 2020-ci ilin yanvar-mart aylarında da müsbət tendensiya saxlanılmışdır.

 

Muxtar respublikamızda sahibkar­lığa göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq yerli xammala əsaslanan, rəqabətqabiliyyətli və ixrac­yönümlü məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisələrin yaradılması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına geniş imkanlar ­açmışdır.
Aparılan məqsədyönlü tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac ili” elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə, ixrac potensialının genişlənməsinə böyük stimul vermişdir.
İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirlərini gücləndirmək də əsas prioritetlərdəndir. Belə ki, 2020-ci ilin ötən dövründə 4 sahibkarlıq subyektinin 17 nümayəndəsi 3 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etmiş, muxtar respublikada istehsal olunan ərzaq məhsulları Rusiya Federasiyasında keçirilən “Prod­Expo – 2020”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood – 2020” sərgilərində nümayiş olunmuşdur. Adıçəkilən sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikada istehsal olunan 133 çeşiddə məhsulun nümayişi təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meyilləri artmaqdadır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənməkdədir.
Bu cür sistemli tədbirlər nəticəsində muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanları artmaqla iqtisadi əlaqələri daha da genişlənmişdir. Diyarımızın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, hazırkı mərhələ həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaqdan ibarətdir. Qeyd etmək yerinə düşər ki, cari ilin ötən dövrü ərzində Gürcüstan, Türkiyə, ABŞ, İraq, Ukrayna, Əfqanıstan kimi ­ölkələrə vafli məhsulları, tütün məmulatları (siqaret), travertin, mərmər, mineral sular ixrac olunmuşdur.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə qida məhsullarının ekspertizası üzrə beynəl­xalq akkreditasiyadan keçmiş laboratoriya fəaliyyət göstərir. İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin edilir. Nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında cari ilin ötən dövründə, ümumilikdə, 756 halda laboratoriya təhlilləri aparılmış, həmçinin istehsal olunan məhsulların xarici bazarlara çıxarılması məqsədilə 38 mənşə sertifikatı verilmişdir.
Sahibkarların mütəmadi olaraq maarifləndirilməsi onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi seminar və treninq­lər təşkil olunur. Məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilir.
İxracın artırılmasına nail olmaq üçün qarşıda duran əsas istiqamət isə rəqabətqabiliyyətli və yüksəkkeyfiyyətli məhsulların istehsalını təşviq etmək, müəssisələrin mövcud potensialını inkişaf etdirmək, məhsulların daha geniş məkanda təbliğini təmin etmək və real sektorda dayanıqlı ixraca nail olmaqdan ibarətdir.


Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR