01 İyun 2020, Bazar ertəsi

Muxtar respublikamızın işgüzar həyatında mühüm rola malik olan Naxçıvanbank hər gün yenilənən innovativ xidmət növləri ilə müştərilərin rahatlığını və tərəfdaşlarının korporativ maraqlarının ödənilməsinə çalışır. Müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən yeni “İnternet bank” xidməti də, bu mənada, Naxçıvanbankın müştəriləri üçün məsafədən bir sıra bank xidmətlərinə onlayn rejimdə əlçatanlığı təmin edəcək.

“İnternet bank” günümüzdə çox populyar olan bank xidmətlərindən biridir. Artıq müştərilər banka getmədən onlara lazım olan xidmətlər üçün internetin imkanlarından istifadə edir, zamana qənaət, sosial izolyasiyaya əməl etməyə çalışırlar. Belə xidmətlər isə müasir dövrdə cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyələrini izləməsi, həmçinin onlayn ödənişlər etmək, ödənişlərin tarixçəsini görmək, kartdan-karta pul köçürülməsi, əmanət məbləğini artırmaq, bank daxili və xarici pul köçürmələri kimi geniş saydadır. Naxçıvanbank da müasir texnologiyalar vasitəsilə müştərilərinə banka gəlmədən bir sıra bank xidmətlərini kompüter və ya mobil telefon vasitəsilə internet üzərindən həyata keçirməsi üçün bu xidməti təklif edir. Bunun üçün bankın rəsmi internet səhifəsində yerləşdirilmiş “İnternet bank” bölməsinə daxil olmaq kifayətdir.
Bankdan aldığımız məlumata əsasən “İnternet bank” xidmətinə qoşulmaq üçün müştərilər şəxsiyyət vəsiqəsi ilə birlikdə bankın müvafiq xidmət nöqtəsinə müraciət etməlidirlər. Müraciət əsasında müvafiq sənədlər imzalandıqdan sonra xidmət aktivləşdirilir və xidmətdən istifadə üçün müştəriyə SMS vasitəsilə istifadəçi adı və şifrə göndərilir. Qeyd edək ki, Naxçıvanbankın bu xidməti tamamilə ödənişsizdir.

 Əli CABBAROV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR