Son illərdə ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da rəsmi statistikanın inkişafına xüsusi diqqət yetirilir, bu sahənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür.

Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” statistika sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsini, dayanıqlı inkişaf ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini, bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədilə hazırlanıb.

Dövlət proqramında 29 bənddən ibarət tapşırıqlar nəzərdə tutulub. 2 bənd üzrə müəyyən edilmiş tapşırıqların icrası başa çatdırılıb. Belə ki, həyətyanı sahələrdə yetişdirilən məhsullarla bağlı seçmə statistik müayinə aparılıb, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Statistik Məlumatlar Sisteminin elektron bazası, proqram təminatı hazırlanıb və təqdimatı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Müasir inzibati binaların tikilərək istifadəyə verilməsi, ərazi nümayəndəliklərində statistika ştatlarının təsis olunması, şəhər və rayon idarələrinin yaradılması muxtar respublikanın statistika orqanlarının fəaliyyətində əsaslı dönüşə səbəb olmuşdur. Artıq Dövlət Statistika Komitəsinin fəaliyyəti üçün hərtərəfli şərait var. Statistik Məlumatlar Sisteminin təqdimatı isə kollektivin işini xeyli asanlaşdıracaqdır. Ona görə də statistika işçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, məlumatlar onlayn qəbul edilməli və işlənilməli, düzgün və təhlilli statistik hesabatlar hazırlanmalıdır”.

2020-ci ilin ötən dövründə proqramın 8 bəndinin icrası ilə bağlı işlər görülüb, mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sisteminin hazırlanması və məlumat bazasının yaradılması ilə bağlı tapşırığın icrası istiqamətində 2019-cu ilin yekun məlumatları əsasında 2020-ci il üzrə müəssisələrin mikro, kiçik, orta və iri kateqoriyalarına görə bölgüsü müəyyənləşdirilib. Yeni bölgüyə əsasən aylıq və rüblük dövrdə hesabatların təqdim edilməsi üçün Statistik Məlumatlar Sistemində müvafiq yeniliklər aparılıb, hesabatların qəbuluna və məlumat bazasının yaradılmasına başlanılıb.

Dövlət proqramında müxtəlif sahələr üzrə statistik müayinələrin keçirilməsi nəzərdə tutulub. Ötən dövrdə muxtar respublika üzrə işçi qüvvəsinə, turizmə və ev təsərrüfatları büdcələrinin tədqiqatına dair seçmə statistik müayinələr keçirilib, sənaye müəssisələrində mövcud olan istehsal avadanlıqlarının vəziyyəti və onlardan istifadəyə dair statistik müayinənin keçirilməsi ilə bağlı tapşırığın icrası istiqamətində müvafiq proqram təminatı hazırlanıb və Statistik Məlumatlar Sistemində yerləşdirilib. Bu sahədə statistik müayinənin keçirilməsinə aprel ayından başlanılıb.

Proqramın icrasına uyğun olaraq 2020-ci il 1 yanvar tarixinə təsərrüfatbaşına uçot sənədləri əsasında kənd təsərrüfatı ilə məşğul olan ailə-kəndli və ev təsərrüfatlarının elektron məlumat bazasının yaradılması işləri Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonları üzrə başa çatdırılıb.

Muxtar respublikada dövlət orqanlarının maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Dövlət proqramında da Dövlət Statistika Komitəsinin və onun yerli orqanlarının informasiya və kommunikasiya texnologiyaları avadanlıqlarının yenilənməsi ilə bağlı tapşırıq nəzərdə tutulub. Ötən dövrdə tapşırığın icrası məqsədilə komitənin aparatında server quraşdırılıb.

Peşə hazırlığı əmək məhsuldarlığının yüksəldilməsinə təsir edən ən mühüm faktorlardan biridir. Proqramın icrasına uyğun olaraq yerli statistika orqanları işçilərinin peşə hazırlığının artırılması da diqqətdə saxlanılır.