04 Avqust 2020, Çərşənbə axşamı

Hər gün, hər saat dəyişən Şərur başdan-başa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yaşayış massivləri, emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi... Bunlar Şərurun bugünkü mənzərəsidir.

Rayon mərkəzi olan Şərur şəhəri, bölgənin kəndləri bu gün füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb. Həyatın bütün sahələrində qazanılan uğurlar isə getdikcə artmaqdadır.

Son 25 ildə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi o qədər böyükdür ki, onları adbaad sadalamaq mümkün deyil. Təkcə 2020-ci ilin ötən dövründə inşası başa çatdırılan və hazırda davam etdirilən obyektlərə diqqət yetirmək kifayətdir ki, rayonda həyata keçirilən quruculuq tədbirlərinin coğrafiyası barədə təsəvvürə malik olasan. Belə ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2020-ci ilin yanvar-may aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 26 milyon 687 min 800 manat həcmində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsait 25 milyon 715 min manat təşkil edib.
Yaşayış məntəqələrinin abadlaşdırılması və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, həmçinin insanların sosial rifah halının yaxşılaşdırılması, əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər rayon sakinləri, idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir.
Onu da qeyd edək ki, əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2020-ci ilin birinci rübündə rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 7 min 460 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur.
Bəhs olunan dövrdə rayonda 13 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir edilib.
Aprel ayında rayon mərkəzində Mərasim evi və dini icma üçün iş otaqlarının, “Çomaxtur” elektrik yarımstansiyasının, may ayında isə Məmmədsabir kəndində kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Muğancıq-Mehrabda kənd və xidmət mərkəzlərinin, tam orta məktəb binasının, feldşer-mama məntəqəsinin tikilib istifadəyə verilməsi şərurlularda böyük sevinc hissi yaradıb.
Hazırda 20-dək ünvanda müxtəlif istiqamətli tikinti və ya yenidənqurma işləri həyata keçirilir.
Onlardan biri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən bölgədə inşası aparılan Sənaye Məhəlləsidir. Məlumat üçün bildirək ki, ötən il dekabr ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur Sənaye Məhəlləsinin yaradıldığı əraziyə gəlib, görülən işlərlə tanış olub, tikinti işlərinin layihəyə uyğun aparılması, daha çox tələbat olan məhsulların istehsalına üstünlük verilməsi, mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.
Qeyd edək ki, Sənaye Məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələri yaradılacaq. Məqsəd tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək, əhalinin məşğulluq səviyyəsini artırmaqdır. Tikinti işlərinin keyfiyyətlə aparılması, obyektlərin vaxtlı-vaxtında təhvil verilməsi üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. Texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İnşaat işləri başlanandan əhalinin məşğulluğunun artırılmasına da imkan yaranıb.

Müstəqilliyimizin, azadlığımızın, dinimizin, inkişafımızın, tərəqqimizin rəmzi olan bayrağımıza böyük sevginin ifadəsi kimi bu gün rayonda Bayraq Meydanı tikilir. Rayonun Yuxarı Daşarx kəndi ərazisində inşa olunan Bayraq Meydanının ümumi sahəsi 3 min kvadratmetrdir. Meydanın ətrafında istirahət parkı yaradılacaq. Meydanda işıqlandırma sistemi qurulacaq, yaşıllıqlar salınacaq.
Şərur şəhərinin bir neçə ünvanında istirahət guşələrinin yenidən qurulması və genişləndirilməsi şərurlular tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir. Hazırda rayon mərkəzinin dəmiryol stansiyası ərazisində 6250, inşası aparılan bazar ərazisində 3080, şəhər univermağının yaxınlığında 1369, tikintisi başa çatdırılmış Təqaüdçülər klubu ərazisində 2350 kvadratmetr sahədə həmin tədbirlər davam etdirilir. Onu da qeyd edək ki, Təqaüdçülər klubunun qarşısında musiqili fəvvarə də inşa olunur. Tikintisi yekunlaşdırılmış “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hərtərəfli şərait yaradılıb.
Rayondakı inşaat obyektləri müxtəlif təyinatlıdır. Belə ki, “N” hərbi hissə üçün infrastruktur obyektlərinin, Şərur şəhərində zirzəmisi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, Dizə kəndi ərazisində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğu və 27 min kubmetr həcmində 3 ədəd su anbarının, rayon mədəniyyət sarayının, Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının, avtovağzal binasının tikintisi, 7 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda yolda inşaat işləri davam etdirilir.
Cəlilkənddə içməli su xəttinin, Şərur şəhəri ilə Naxçıvan-Sədərək magistral yolunu birləşdirən avtomobil yolunun çəkilişi aparılır. Şərur şəhərinin Nizami küçəsində isə 35/10 kilovoltluq “Subartezian” yarım­stansiyasının qurulması rayonun quruculuq xəritəsini daha da genişləndirib.
Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: şərurluların yaşayış tərzini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Bunun üçün bölgə sakinləri də təşəbbüskarlıqlarını günü-gündən artırır, təsərrüfatın müxtəlif sahələrində çalışır, məhsul bolluğu yaratmağa səy göstərirlər. Bu prosesdə rayonda son illərdə yaradılmış mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının əməyi xüsusi qeyd olunmalıdır.

Rayonun iqtisadiyyatında taxılçılıq mühüm yer tutur. Bölgənin məhsuldar torpaq sahələri, uzun illərin təcrübəsi və yaradılan şərait bu sahənin inkişafına marağı getdikcə artırır. Bu səbəbdəndir ki, ötən il də taxılçılıqda yüksək göstəricilərə nail olunub. Belə ki, 3524 hektar sahədən 12 min 17 ton buğda, 603 hektar sahədən 1930 ton arpa tədarük edilib. Cari ildə 4865 hektar sahədən taxıl tədarük olunacaq.
Şərurun torpaq mülkiyyətçiləri 2019-cu ildə 4647 hektar sahədə dənli və dənli-paxlalı bitkilər əkiblər. Əkinlərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilib. Məhsuldarlıq orta hesabla 33,6 sentner təşkil etməklə, 15 611 ton məhsul istehsalına nail olunub. Dənli-paxlalılar əkilmiş 520 hektar sahədən 1664 ton məhsul tədarük edilib. 717 hektar dən üçün qarğıdalı əkini sahəsindən 6 min 740 ton məhsul yığılıb. Dən üçün günəbaxan əkini sahəsində də yüksək artım müşahidə edilib. Belə ki, torpaq mülkiyyətçiləri 92 ton məhsula sahib olublar. Bu, əvvəlki illə müqayisədə 2,9 faiz çoxdur.
İkinci çörək sayılan kartofun əkilib-becərilməsinə də ciddi önəm verilib. Bəhs olunan dövrdə 1094 hektar kartof əkini sahəsindən 16 min 890 ton kartof tədarük edilib.
Bostan məhsullarının əkilib-becərilməsinə üstünlük verilən bölgədə torpaq mülkiyyətçiləri 482 hektar bostan bitkiləri əkini sahəsindən 6 min 685 ton bostan məhsulları yığıblar.
Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi də rayonda diqqətdə saxlanılıb. Belə ki, torpaq mülkiyyətçiləri və sahibkarlar 2010 hektar tərəvəz bitkiləri əkini sahəsindən 38 min 12 ton tərəvəz məhsulları, barverən meyvə bağlarından 20 min 214 ton, üzüm bağlarından 1582 ton məhsul tədarük ediblər.
Rayonda tütünçülüyə də maraq artır. Bəhs olunan dövrdə 2,5 hektar sahədən 3,4 ton qurudulmuş tütün yığılıb.
Rayonda təzə və ekoloji cəhətdən sağlam ət, süd və süd məhsullarına olan tələbatı torpaq mülkiyyətçiləri yerli istehsal hesabına ödəməyə çalışırlar. Bölgədə baytarlıq xidmətinin düzgün təşkili bu sahədə də nəzərəçarpan uğurların qazanılmasına imkan verib. Bunun nəticəsidir ki, bəhs olunan dövrdə rayonda diri çəkidə 8627,1 ton ət, 28 min 707,6 ton süd, 22 258 min ədəd yumurta, 194,4 ton yun istehsal edilib.
Onu da qeyd edək ki, rayonda son illər arıçılığa da maraq xeyli artıb. Bu səbəbdəndir ki, ötən il bölgədə 188 ton bal istehsal olunub.
Ümumilikdə, 2019-cu ildə rayonun kənd və balıqçılıq təsərrüfatlarında 155962,3 min manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4,4 faiz çoxdur.
Torpaq mülkiyyətçilərinin istehsal etdikləri məhsulların satışına şərait yaradılıb, onların Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında iştirakı təmin edilib. Həmçinin müxtəlif təsərrüfat sahələri üzrə muxtar respublika paytaxtında keçirilən festivallarda şərurlu sahibkarlar, torpaq mülkiyyətçiləri, ailə təsərrüfatçıları yüksək yerlərə sahib olublar. Ötən il rayonda da keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı yaddaqalan olub.
Məlumat üçün qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ilin də bəhs olunan dövründə rayonun bir sıra yaşayış məntəqələrində yeni təsərrüfat sahələri yaradılıb. İstehsal olunan meyvə və tərəvəz məhsullarının tələbatdan artıq hissəsi müvafiq mövsümlərdə satılması üçün soyuducu anbarlarda saxlanılıb.
Ötən il qazanılan uğurlar torpaq mülkiyyətçilərinin ailə büdcəsinə xeyli gəlir gətirib. Bundan ruhlanan Şərurun əmək adamları 2020-ci ilin yanvar-may aylarında da nailiyyətlər qazanmağa səy göstəriblər. “İxrac ili”nin bəhs olunan dövründə məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 240 min 700 manat dəyərində 18 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə bölgədə fəaliyyət göstərən sahibkarlara satılıb.
Mövcud şəraitdən səmərəli istifadə olunmasına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, 1 iyun 2020-ci il tarixə olan məlumata əsasən Şərur rayonunda 11344 hektar sahədə yazlıq bitkilər əkilib. Vaxtlı-vaxtında aqrotexniki qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişdirilib. Ümumilikdə, bəhs edilən dövrdə rayonun torpaq mülkiyyətçiləri 17 milyon 154 min 900 manatlıq kənd təsərrüfatı məhsullarına sahib olublar. Bu, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz çoxdur.

Rayonun iqtisadiyyatında heyvandarlıq mühüm yer tutur. Bunun ifadəsidir ki, yanvar-may aylarında diri çəkidə 2314,3 ton ət, 14096 ton süd, 11800,2 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 1 faiz artıb.
Şərur rayonunda sahibkarlığın inkişafına göstərilən qayğı da ildən-ilə artır, hər il yeni istehsal və emal müəssisələri yaradılır. Bölgə sahibkarları “İxrac ili”ndə daha da əzmkarlıq nümayiş etdirirlər. Cari ilin yanvar-may aylarında 44 milyon 793 min 100 manatlıq sənaye məhsulunun istehsal olunması bunu bir daha sübut edir. Göründüyü kimi, torpağa ən qiymətli sərvət kimi baxan, zəhmətdən qorxmayan şərurlu sahibkarlar, torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları “İxrac ili”nin ilk günlərindən uğurlar qazanmaq üçün yaradılan şəraitdən lazımınca istifadə edirlər. Biz isə arzu edirik ki, onların zəhməti ilə hasilə gələn məhsullar ixrac məhsullarımız içərisində daha çox olsun.
Son olaraq qeyd edək ki, 25 il ərzində sürətli inkişaf yolu keçən bu bölgədə görülən işlərin həcmi o qədər böyükdür ki, bunlar barədə bir qəzet yazısında ətraflı bəhs etmək mümkün deyil. Təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər sahələrdə qazanılan uğurlara da hərtərəfli dövlət qayğısı hesabına nail olunub. Bu səbəbdəndir ki, Şərur rayonuna dünən yolu düşənlər bu gün yenidən burada olarkən təəccüblərini gizlədə bilmirlər. Hər addımda bir yenilik, hər gün bir təzəliklə rastlaşmaq isə şərurlular üçün adi hala çevrilib. Bu qədim yurd yeri yenidən qurulduqca daha da gözəlləşir.
Görülən bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşması kiçik məsələ deyil. Və bütün bunların təməlində doğma yurda bağlılıq, sevgi və məhəbbət, insan amilinə, yurd amilinə böyük diqqət dayanır.

- Muxtar MƏMMƏDOV
Elman MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR