04 Avqust 2020, Çərşənbə axşamı

Bazar iqtisadi münasibətlərinin mühüm tərkib hissəsi olan etibarlı sığorta sisteminin yaradılması ölkəmizdə həyata keçirilən iqtisadi sosial siyasətin əsas məqsədlərindən biridir. Bu mənada, dünyada geniş yayılmış sığorta növlərinin tətbiq olunması və sığorta maarifləndirməsinin genişləndirilməsi məqsədilə aparılan işlər Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində saxlanılmaqdadır.

“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti də yaradıldığı ilk gündən etibarən muxtar respublikanın sığorta bazarında aktiv rol oynamaqla qarşısına mühüm vəzifələr qoyub. 2014-cü ilin aprel ayından fəaliyyətə başlamış “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikanın işgüzar həyatında mühüm mövqe tutur. Maliyyə bazarlarına nəzarət orqanının müvafiq lisenziyası əsasında sığorta fəaliyyətini uğurla həyata keçirən şirkət hazırda 5 könüllü sığorta növü üzrə xidmət göstərir.

Əmlakın yanğından və digər əlavə risklərdən sığortası, fərdi qəza sığortası, yüklərin sığortası, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası, hüquqi şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin kasko sığortası kimi vacib istiqamətlərdə fiziki və hüquqi şəxslərin qarşılaşdığı riskli hallara görə maddi zəmanət verir. Müasir sığorta bazarında mühüm tələbat görən bu xidmətlər muxtar respublikamızın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi kimi geniş istehlakçı kütləsinə malikdir. Cəmiyyətimizdə işgüzar fəal­lığın artması, tikinti-quruculuq işlərinin genişlənməsi, fərdi avtomobillərin sayının çoxalması və insanların səyahət mobilliyinin sürətlənməsi, öz növbəsində, gözlənilməz riskli hadisələrin də yaranmasına gətirib çıxarır ki, bunların vurduğu maddi zərərlərə görə sığorta təminatının verilməsi günün vacib tələblərindəndir. Bütün bunlar isə qarşıya qoyulmuş vəzifələr olaraq “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikamızda vətəndaşlara ən yüksək­keyfiyyətli sığorta xidmətləri kimi göstərilməkdədir.
Müasir tələblərə cavab verən sığorta şirkəti üçün maddi-texniki baza modern xidmət infrastrukturu vacib şərtlərdən biridir. Bu mənada, “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti üçün yaradılmış şərait onun normal fəaliyyətinə imkan verən mühüm amillərdəndir. Belə ki, fəaliyyəti dövründə şirkətin maddi-texniki bazası gücləndirilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq proqram təminatı alınaraq qurulub istifadəyə verilib. Cari ilin may ayında Naxçıvan şəhərinin mərkəzi prospektində şirkət üçün istifadəyə verilmiş yeni ofis binası isə vətəndaşlara daha rahat sığorta xidmətləri göstərilməsi baxımından ən gözəl hədiyyə olub.
Heydər Əliyev prospekti 4 ünvanında yerləşən, ən müasir üslubda dizayn edilmiş, həmçinin yeni kompüter, server və digər avadanlıqlarla təchiz edilmiş bu binada vətəndaşların sığorta müqavilələri bağlaması, məsləhətlər alması və digər məsələləri həll etməsi üçün hər cür komfort və erqonomik şərait yaradılıb. Bütün bunlar isə, sözsüz ki, son nəticədə, müştəri məmnuniyyəti kimi şirkət reputasiyasının yüksəlməsinə təsir edən amillərdəndir.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin qısa müddətdə uğur qazanmasının digər bir mühüm amili isə işə peşəkar yanaşmanı təmin edən gənc, dinamik kadr resurslarıdır. İnsan resursları formalaşdırılması və seçiminə ciddi diqqət edən şirkət müasir sığorta mütəxəssisi timsalında insanlarla gülərüz davranan, problemləri təhlil edib, fərdi yanaşma qabiliyyətinə malik olan işçilərə ilk olaraq yer ayırır. Buna görə də hazırda “Naxçıvansığorta”da çalışan işçilərin sırasına daha çox istedadlı iqtisadçı və müasir informasiya-kommunikasiya texnologiyalarından baş çıxaran bacarıqlı gənclərin qoşulması onun kadr potensialını daha da gücləndirərək öz əhatə dairəsini gələcəkdə daha çox genişləndirəcək. Bütün bu amillər “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin gələcək üçün əsas hədəf kimi seçdiyi sığorta xidmətlərində müştərilərin etimadını qazanmaq, tərəfdaşlarının sayını artırmaq və nəticədə sığorta bazarında ən nüfuzlu sığorta şirkəti kimi tanıması yolunda öz təsirini göstərəcək.
- Əli CABBAROV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR