03 Avqust 2020, Bazar ertəsi

İlin elə bir vədəsidir ki, indi diyarımızın hər tərəfində canlanma yaranıb, texnikaların səsi təbiətin sakit hüzurunu pozub. Əkin sahələrində, təsərrüfatlarda, tarlalarda, meyvə bağlarında aparılan əkin-biçin işləri, becərmə tədbirləri gələcəyin bol nemətinə, muxtar respublikanın çoxdan əldə etdiyi ərzaq təhlükəsizliyinə bir daha əminlik yaradır. Zəhmət adamlarının bu cür həvəslə işlədiyini görəndə belə bir xalq deyimi yadıma düşür: “Pis torpaq yoxdur, pis əkinçi var”. 

Bəli, torpaq hər zaman yerində durub. Onu əzizləsən, uşaq kimi nazını çəksən, o da bərəkətə gəlib sənə öz nemətlərini təqdim edəcək. Ömründə bir daşa külüng vurmayan adamın torpaqdan bəhər ummağa gərək üzü olmasın. Necə deyərlər, torpaq kənd adamlarının, zəhmətkeşlərin çörəkağacıdır. Ona tər axıdan çörəksiz qalmaz. Çox uzağa getməyək, sadə bir misal gətirək. Ötən əsrin sonlarında da bu torpaqlar var idi. Hər kəs onlara qupquru, susuzluqdan cadar-cadar olmuş, istifadəyə yararsız ərazilər gözü ilə baxırdı. İstifadəyə yararlı təsərrüfatlar isə zəhmətkeşlərin əziyyətinin qarşılığını vermirdi. Həmin vaxtlar kəndlərdən, torpaqdan küsüb başqa yerlərə üz tutanlar az olmayıb. Çünki kolxozun aylıq məvacibi çəkilən zəhməti ödəmirdi. Torpaq xalqın milli sərvəti, elin var-dövlətidir. Təəssüf ki, sovetlər dövründə bu müqəddəs əmanət 1969-cu ilədək həqiqi sahibindən uzaq salınmış, baxımsızlıq üzündən minlərlə hektar torpaq dövriyyədən çıxarılmışdı. Məhz həmin ərazilər son illər dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlar nəticəsində ucsuz-bucaqsız əkin sahələrinə, tarlalara, meyvə bağlarına, yaşıllıq zolaqlarına – kəndlinin əsl çörəkağacına çevrilib. 

Bütün bunlar öz başlanğıcını ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda təməlini qoyduğu torpaq islahatlarından götürüb və sonrakı illərdə bəhrəsini verib. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli hələ ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə qoyulub. 1992-ci ildə Culfa rayonunun Şurud və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi, nəinki muxtar respublikamızda, bütövlükdə ölkəmizdə uğurlu aqrar islahatların başlanğıcı oldu. Bu pilot layihənin uğurlu nəticəsinin ardınca ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə torpaq islahatı proqramı hazırlandı. Bu proqram əsasında torpaq islahatlarının aparılmasını təmin edən hüquqi baza yaradıldı. Həmin dövrdən qəbul edilən 52-dən çox fərman, qanun və digər normativ-hüquqi aktlar Azərbaycanda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı və Naxçıvan Muxtar Respublikasında bünövrəsi qoyulan torpaq islahatları bütün ölkədə tətbiq edilməyə başlandı.

Qeyd edək ki, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Republikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsinə start verildi. Nəticədə, respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların tabeliyində olan əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırıldı. Nəticədə, 72 min 758 ailəyə torpaq sahəsi verildi.
Ötən dövrdə muxtar respublika üzrə 205 kənddə olan 132 təsərrüfatda torpaq islahatı aparılıb, 241 mindən artıq vətəndaş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin edilib. 70 mindən çox ailənin aqrar islahatdan bəhrələnərək torpaq mülkiyyətçisinə çevrilməsi muxtar respublikada ailə təsərrüfatlarının formalaşmasına, əhalinin ərzaq və digər zəruri kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəlməsinə geniş imkanlar yaradıb. Kəndli torpağının əsl sahibinə çevrildikdən sonra məskunlaşma və məşğulluq dinamik göstəricilər üzrə inkişaf etməyə başladı. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradıldı, bol məhsul istehsalının əsası qoyuldu.

Bütün bunlar isə əbəs yerə deyil. Çünki muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhalinin böyük əksəriyyəti kənd yaşayış məntəqələrinin sakinidir. Buna görə ulu öndərimizin miras qoyduğu uğurlu aqrar islahatlar sonrakı dövrlərdə də davam etdirildi və bu günkü yüksək inkişaf dövrünə qədəm qoyuldu.
Nəticədə isə bu gün ən ucqar yaşayış bölgələrimizdə belə, kənd təsərrüfatının müxtəlif sahələri inkişaf edir, o cümlədən ayrı-ayrı təsərrüfat sahələri yaranır. İndiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunub. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası və hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas etibarilə, muxtar respublikada kənd təsərrüfatının inkişafına hesablanıb.
Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub. Ötən 25 ildə kənd təsərrüfatının ümumi məhsulu 13 dəfədən çox artıb. Təkcə ötən ilin məhsul yığımına nəzər saldıqda da əldə olunan nailiyyətləri təsdiqləmiş olarıq. 2019-cu ildə bir il öncəyə nisbətən 4,5 faiz çox, yəni 507 milyon 641 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Statistik göstəricilərə “İxrac ili”ndə də aqrar sektor üzrə mühüm nəticələrin əldə olunacağını təsdiqləyir. Bu ilin ilk beş ayının nəticələri də bunu deməyə əsas verir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk beş ayında kənd təsərrüfatı məhsulu 2,5 faiz artıb. Başqa sözlə, bu ilin ilk 5 ayında 29 milyon 652 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Günümüzdə 108 növdə zəruri ərzaq məhsuluna tələbat tamamilə yerli istehsal hesabına ödənilir, ərzaq təhlükəsizliyi təmin edilir.

Təbii ki, müasir dövrdə kəndlini, torpaq adamını müasir texnikasız təsəvvür etmək çox çətindir. Buna görə də məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2020-ci ilin yanvar-aprel aylarında 96, ümumilikdə, isə 2835 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Cari ilin ilk 5 ayında 70 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 2-si nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 9 min tondan çox mineral gübrə ilə təmin olunub.
Kənd təsərrüfatı və əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biri də, təbii ki, suvarma sistemlərinin təkmilləşdirilməsidir. Son illər qapalı suvarma şəbəkələrinin qurulması muxtar respublikamızda uzun illər əkilməyən geniş ərazilərin əkin dövriyyəsinə qatılması və on minlərlə hektar ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi baxımından qazanılan mühüm uğurlardandır. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Ötən bir neçə ildə Kəngərli rayonunun bir sıra kəndlərini əhatə edən yeni suvarma şəbəkələri qurulub, əvvəllər susuzluqdan şoranlaşmış bu ərazilərin suvarma işləri yaxşılaşdırılıb. Ümumilikdə, götürsək, son 25 ildə 22 min hektara yaxın yararsız torpaq sahəsi münbitləşdirilərək əkin dövriyyəsinə daxil edilib. Başqa sözlə, 2020-ci ilin əvvəlinə muxtar respublika üzrə suvarılan torpaq sahələri 62 min 231 hektara çatdırılıb. Bu da kənd təsərrüfatına yararlı torpaq sahələrinin 35 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 6564 hektar artıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulub, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılıb. Bu ilin birinci rübündə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, Şahbuz rayonunun Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.
Son illər iritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində daxili bazarın tələbatının ödənilməsinə imkan verir. Bu işlərin davamı olaraq 2020-ci ilin yanvar-aprel aylarında tutumu 2500 ton olan daha bir 1 soyuducu anbar yaradılıb, 1 soyuducu anbar isə genişləndirilib. Daha 2 soyuducu anbarın qurulması istiqamətində işlər davam etdirilir. Bu dövrdə 2 istixana təsərrüfatı yaradılıb. 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası nəzərdə tutulub.
Dövlətimizin kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına dəstək göstərməsi isə fermer və ailə təsərrüfatlarının inkişafına rəvac verir. Hazırda muxtar respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıq profilli müxtəlif təsərrüfatlar fəaliyyət göstərir. Bu sahənin inkişafı 2020-ci ilin ilk beş ayında da diqqətdə saxlanılıb, 16 heyvandarlıq təsərrüfatının yaradılması, 5-nin isə genişləndirilməsi başa çatdırılıb. Bu tədbirlər məhsul istehsalının artmasına mühüm təsirini göstərir. Belə ki, cari ilin yanvar-aprel aylarında muxtar respublikada diri çəkidə 8060,3 tondan çox ət, 26090,4 tondan artıq süd istehsal olunub. Bu göstəricilər müvafiq olaraq 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı üzrə 1,5 faiz, süd istehsalı üzrə isə 1,6 faiz artıb.
Davamlı xarakter alan tədbirlərə uyğun olaraq hazırda 12 heyvandarlıq təsərrüfatının yaradılması, 7-nin genişləndirilməsi işləri həyata keçirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə yanvar-aprel aylarında 3 milyon 592 min 400 manat kredit verilib. Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması, 1-nin isə genişləndirilməsi işləri davam etdirilir.
Heyvandarlıq məhsulları istehsalında daha yüksək göstəricilərin əldə edilməsi diqqət mərkəzindədir. Bu məqsədlə heyvandarlıqda mühüm amil olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər daim diqqətdə saxlanılır. Cari ilin ilk beş ayında heyvandarlıq təsərrüfatlarında 2543 baş inək, düyə və camış süni yolla mayalandırılıb, ötən ildə mayalandırılmış inək, düyə və camışlardan 3246 baş sağlam bala alınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzinin yaradılması gələcəkdə heyvanların cins tərkibinin yaxşılaşmasına öz töhfəsini verəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 8 yanvar tarixli Fərmanı ilə yaradılmış Aqrar Sığorta Fondu muxtar respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində aparılan tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sığorta predmetləri üzrə müəyyənləşdirilmiş sığortahaqqının 50 faizi dövlət vəsaiti hesabına, qalan 50 faizi isə istehsalçının öz şəxsi vəsaiti hesabına ödəniləcək. Nəticə olaraq min bir zəhmətə qatlaşıb məhsul əldə etməyə çalışan təsərrüfatçılar özünü baş verə biləcək bütün risklərdən qoruyacaq.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamını xüsusi vurğulamaq yerinə düşər. Sərəncama əsasən “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu proqramın icrası muxtar respublikada sağlam heyvandalıq məhsullarının istehsalına böyük töhfə verəcək.
Arıçılıq da qədimdən bəri yerli sakinlərin mühüm məşğuliyyət sahələrindəndir. İqtisadi cəhətdən yüksək gəlirgətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Cari ilin ilk beş ayında bu sahədə müvafiq tədbirlər görülüb, daha 5 yeni arıçılıq təsərrüfatı yaradılıb. 3 belə təsərrüfatın yaradılması, 2-nin genişləndirilməsi işləri isə davam etdirilir. Təkcə 2020-ci ilin ilk beş ayında belə təsərrüfat subyektlərinə 77 min 800 manat kredit verilib.
Bəli, kənd adamı yüksək qayğı əhatəsində öz torpağından, necə deyərlər, ikiəlli yapışıb, təsərrüfatını qurub, genişləndirib, inkişaf etdirib. Əbəs yerə deyil ki, artıq Naxçıvanda “Ailə təsərrüfatı” adlı model formalaşıb. Yeri gəlmişkən qeyd edək ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi bu sahənin inkişafına stimul verən daha bir məqsədyönlü addım oldu. İndi ailə təsərrüfatçılarımız cidd- cəhdlə “İxrac ili”nə öz töhfələrini verməyə çalışırlar. Nəticə isə göz qabağındadır. Bu cür etibarlı ərzaq təminatı sisteminin yaradılması bir zamanlar idxalçı Naxçıvanı indi ixrac edən bir diyara çevirib. Digər sahələrlə yanaşı, aqrar sahədə də bunun şahidi oluruq. Təkcə 2020-ci ilin beş ayında muxtar respublikadan 12 milyon 153 min 500 ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub.

Bütün bunlar bir daha təsdiq edir ki, muxtar respublikada kənd təsərrüfatı iqtisadiyyatın əsas özəyini təşkil edir. Buna görə də etibarlı və sağlam gələcək naminə aqrar inkişaf davamlı xarakter daşıyır və bu sahədə yaradılmış baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.

Gülcamal TAHİROVA

Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya

Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.