11 Avqust 2020, Çərşənbə axşamı

Son illər muxtar respublikamızda baytarlıq sahəsində həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının dinamik inkişafına, bol məhsul istehsalına, bir sözlə, ərzaq təhlükəsizliyinin təmin olunmasına əlverişli şərait yaradıb. Baytarlıq idarələri üçün yeni inzibati binaların inşa olunması, onların maddi-texniki bazalarının yenilənməsi, laborator analizlərin və yoxlamaların aparılması üçün müasir avadanlıqların istifadəyə verilməsi, ən ucqar dağ kəndlərində belə, baytarlıq məntəqələrinin fəaliyyət göstərməsinin nəticəsidir ki, təsərrüfatlarda heç bir yoluxucu xəstəliyə rast gəlinmir və əhali keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunur.

Muxtar respublikamızın digər rayonlarında olduğu kimi, Babək rayonunda da bu sahədə mühüm işlər həyata keçirilir, süni mayalanma tədbirləri, arıların qeydiyyata alınması və dərman preparatlarının vaxt­aşırı olaraq sahibkarlara paylanılması, xırda və iribuynuzlu heyvanların, eləcə də quşların peyvənd­lənməsi diqqət mərkəzində saxlanılır.
Baytarlıqda son illər aktual olan məsələlərdən biri də süni mayalanma ilə bağlıdır. Çünki inkişaf etmiş ­ölkələrdə bu üsulla iribuynuzlu və xırdabuynuzlu heyvanların, hətta arıların belə, cins tərkibini dəyişmək mümkündür. Burada əsas məqsəd məhsuldarlığı artırmaqdır. Mövzu ilə bağlı suallarımızı cavablandırmaq və oxucularımızı da məlumatlandırmaq üçün Babək Rayon Baytarlıq İdarəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Cəlal Həsənova müraciət etdik.
Müsahibim bildirdi ki, indi ­ölkəmizdə və muxtar respublikamızda süni mayalanmanın tətbiq edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Süni mayalanma məntəqələrinin fəaliyyətinin təmin olunması, bu yolla doğulan hər baş buzova görə əlavə subsidiyanın verilməsi fermerlərin heyvandarlığa marağını daha da artırıb. Babək rayonu muxtar respublikanın böyük yaşayış məntəqələrindəndir və burada kənd təsərrüfatının əkinçilik, heyvandarlıq, arıçılıq, quşçuluq sahələri inkişaf etdirilir. Hazırda rayonda 15 mindən çox iribuynuzlu, 143 minə yaxın xırdabuynuzlu heyvan, 330 minə yaxın quş, 15 minə yaxın arı ailəsi saxlanılır. Heyvanlar arasında baytarlıq tədbirlərinin aparılması ilə yanaşı, süni mayalanmanın da uğurla tətbiq edilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Bu sahədə rayonda da mühüm uğurlar əldə edilib. Belə ki, təsərrüfatlarda saxlanan 15 mindən artıq iribuynuzlu heyvanın 9 faizdən çoxu bir il ərzində süni mayalanma yolu ilə alınmış cins buzovlardır. Bu da göstərir ki, bir neçə il ərzində rayonda mal-qaranın cins tərkibi tamamilə yaxşılaşacaq.
Cəlal Həsənov onu da diqqətimizə çatdırır ki, süni mayalanmanın tətbiqinə muxtar respublikamızda ilk dəfə 2002-ci ildə elə Babək rayonundan başlanılıb və artıq bəhrələrini verməkdədir. Məsələn, təsərrüfatlarımızda bəslədiyimiz yerli cinsdən olan qaramal bir gündə 3-6 litr arasında süd verirsə, süni mayalanma yolu ilə doğulan düyədən 15-17, hətta bəzən 20 litr süd sağmaq mümkündür. Bu yolla doğulan buzovlar ətlik istiqamətdə də olduqca faydalıdır. Əvvəllər fermer il ərzində bəslədiyi dananı kəsdiyi zaman 100-120 kiloqram ət əldə edirdisə, süni mayalanmadan doğulan 1 yaşındakı buzovdan 300-350 kiloqram məhsul əldə edir. Məlumat üçün deyim ki, birinci dəfə süni mayalanmadan doğulan buzovun 25 faiz cins tərkibi dəyişilir. Gələcəkdə həmin buzova süni mayalanma tətbiq edilərsə və bala verərsə, onun da cins tərkibi 50 faiz dəyişilmiş hesab olunur.


Müsahibim deyir ki, süni mayalanmanın aparılması üçün lazım olan bütün avadanlıqlar dövlətimiz tərəfindən idarəyə pulsuz olaraq verilib. Biz də yerlərdəki mütəxəssislərimizi bu avadanlıqlarla təmin etmişik. Süni mayalanmanın toxumları isə qonşu ölkələrdən gətirilir. Muxtar respublikamızda südlük istiqamətdə “Holşteyn-friz”, eləcə də südlük və ətlik istiqamətdə daha məhsuldar olan “Simmental” cins­lərinin toxumlarından istifadə olunur. Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması yüksək məhsuldarlığı olan heyvanların baş sayının, həm də heyvandarlıq məhsulları istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb. Dövlətin istəyi budur ki, sahibkar qazansın, bol məhsul istehsal olunsun. Son illərdə bu sahənin inkişafında atılan mühüm addımlardan biri ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 22 fevral tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdır. Dövlət sənədinin icrası məqsədilə muxtar respublikamızda Süni Mayalanma Mərkəzinin yaradılmasına başlanılıb. Tikintisinə 3 milyon manat vəsait ayrılan mərkəz Azərbaycanda fəaliyyət göstərən ikinci Süni Mayalanma Mərkəzi olacaq. Bu, ölkə Prezidentinin heyvandarlıqla məşğul olan sahibkarlara göstərdiyi diqqətin növbəti təzahürüdür. Əvvəllər süni mayalanma toxumları başqa ölkələrdən gətirilirdisə, artıq buna ehtiyac olmayacaq. Onu da qeyd edim ki, mərkəzdə südlük və ətlik-südlük istiqamətində “Holşteyn-friz”, “Simmental”, “Qafqaz camışı”, “Balbas”, “Mazex”, “Romanov”, “Hələb”, “Saanen” və yerli cins iri və xırdabuynuzlu törədicilər saxlanılır. Süni mayalandırmada südlük istiqamətdə “Holşteyn-friz”, südlük-ətlik istiqamətdə “Şvis”, ətlik istiqamətdə “Aberdin Anqus”, “Limuzin”, “Şarolle”, ətlik-südlük istiqamətdə isə “Simmental” cinsli törədici toxumlarından istifadə olunub.
Cəlal Həsənov deyir ki, əvvəllər süni mayalanma materiallarının qonşu ölkələrdən gətirilməsində çətinliklər yaranırdı. Əldə olunan həmin toxumların saxlanılma şəraitində də müəyyən problemlər mövcud idi. Artıq yeni mərkəzdə toxum istehsalı da aparılacağı üçün həmin problemlər ortadan qaldırılacaq. Burada təkcə iribuynuzlu deyil, xırdabuynuzlu heyvanların, quşların, hətta arıların da cins tərkibləri yaxşılaşdırılacaq. Sevindirici haldır ki, bundan sonra azot istehsalı da daxil olmaqla, bütün materiallar yerli istehsal hesabına həyata keçiriləcək.
Bütün bunlar deməyə əsas verir ki, muxtar respublikada heyvandarlığın inkişafı məqsədilə qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası və görülən digər mühüm işlər daxili bazarın keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunmasına, eyni zamanda həmin məhsulların ixracına geniş imkanlar açır.
- Pərviz HACILI

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR