22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında camışçılığın tarixi uzaq keçmişə gedib çıxır. Doğma diyarımızın təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Camışçılıq keyfiyyətli ərzaq məhsulları ilə təminatda həmişə mühüm rol oynayıb.

Damazlıq işlərinin muxtar respublikadakı yeni mərhələsində təsərrüfatlarda bəslənilən camışların 2000-3000 kiloqram süd verə bilmələri müəyyən edilib. İnək südünə çevirdikdə, bu, 4000-6000 kiloqram süd deməkdir. Beləliklə, camışları az südlü hesab etmək olmaz. Təcrübələr göstərir ki, camışlar istədikləri qədər su içdikdə süd məhsulunu ilk gündən 8-10 faiz artırırlar.

Camış südündən keyfiyyətli pendir istehsal olunur. Bu zaman camış südündə yağın miqdarı çox olduğuna görə pendir emalında əvvəlcə südün üzü alınaraq az yağlı (3 faizli) – normal hala gətirilir. Beləliklə, camış südünün eyni vahidindən həm yağ, həm də normal yağlılığı olan pendir hazırlanır ki, bu da son dərəcə mənfəətlidir. Camışlarda südün tərkibini inəklərinki ilə müqayisə etdikdə kobalt, mis, dəmir və sair mikro­elementlərin 2-3 dəfə artıq olduğu müəyyən olunub. Bu süd kalsium oksid və fosforlu anhidrid ilə zəngindir. 1 litr camış südündə 12-18 milliqram C vitamini vardır, həmçinin südün kaloriliyi yüksəkdir. Bu, südün tərkibindəki yağın keyfiyyətindən asılıdır. Camış südündə yağın kaloriliyi 672-yə bərabərdir. Naxçıvanın kəndlərində camış südündən və qatığından yağ istehsal olunur. Yerli üsul ilə – nehrə çalxalamaqla hər 100 kiloqram camış südündən orta hesabla 20,2 kiloqram, inək südündən isə 15,3 kiloqram şor alınır. Bu, camış və inək südünün tərkibində olan quru maddənin miqdarı ilə əlaqədardır.
Camış qatığı əvəzsiz ağartıdır. Onu da vurğulayaq ki, camış qatığı insanlarda xərçəng xəstəliyinin qarşısını alan yüksəkkeyfiyyətli qida məhsuludur.
Qeyd etmək yerinə düşər ki, duzlanmış adi inək südündən alınmış yağı soyuducuda 3-4 gün saxlamaq mümkün olduğu halda, camış yağını 20 gün saxlamaq mümkündür. Duzlandıqda isə camış yağını 5 dərəcə istilik şəraitində 2 ay saxlamaq təhlükəsiz hesab olunur.
Əgər camış südündə yağın miqdarını artırmaq istəyiriksə, camışlar balaqsız sağılmalıdır. Muxtar respublikadakı bəzi təsərrüfatlarda balaqsız sağılmağın və balağı anadan ayrı, yəni vedrədə süd içirməklə bəsləməyin mümkün olduğu müəyyən edilib. Bəzən balaqsız sağılmağa yol verməyən camışları birinci gün balasını iyləməyə və yalamağa buraxır, sonralar isə yalnız sağım vaxtı balasını qarşısında bağlamaqla, əmizdirmədən sağırlar. Camışlar bu qaydaya öyrəşir və südlərini tamam verirlər. Bir neçə gündən sonra balağı anasının yanında bağlamağa ehtiyac qalmır. Çox həssas heyvan olan camışlar bəzən südünü “gizlədir”. Xüsusilə sağıcılara öyrəşmiş camışlar onlar dəyişərkən südünü saxlayır və onları sağmaq çətinləşir. Camışların orta sağım dövrü, inəklərdən fərqli olaraq 8,8 ay çəkir. Lakin mart-aprel aylarında doğan bu heyvanlarda sağım dövrü 10 ay davam edir. Onlar arasında elələri olur ki, bir doğumda 2 ilə kimi sağılır. 8-9 yaşdan sonra qocalma ilə əlaqədar süd məhsuldarlığı azalır. İnəklərdən fərqli olaraq camışlar 36-48 həftəlikdə doğurlar. Camışları təsərrüfatda 20-21 yaşınadək saxlamaq mümkündür.
Səmərəli yemləndirilməsi, ilk növbədə, onların zülala və fosfora olan ehtiyacının təmin edilməsinə əsasən müəyyənləşdirilir. Camışlar zülal maddəsindən inəklərdən daha yaxşı istifadə edirlər. Orta hesabla 7,5 faiz yağı, 4,05 faiz zülalı və 5 faiz süd şəkəri (laktozası) olan südün hər kiloqramına orta hesabla 0,67 kiloqram yem vahidi nəzərdə tutulur. İnəklərdə bu göstərici 0,5 kiloqram yem vahididir. Südün hər kiloqramı üçün yağlılığından asılı olaraq 3-4 qram fosfor və 4 qram kalsium nəzərdə tutulmalıdır. Lakin inək südünün hər kiloqramı üçün, adətən, 3,2 qram fosfor və 4 qram kalsium verilir. Camışların jmıx və çiyid qabığı ilə ardıcıl və birtərəfli yemləndirilməsi yolverilməzdir. Jmıxın tərkibində qossipol zəhəri olduğuna görə camışlara gündə 3,5 kiloqramdan artıq verdikdə heyvanlarda zəhərlənmə baş verir. Odur ki, jmıxın yaşıl yem, silos və qaba yemlə birlikdə verilməsi zəhərlənmənin qarşısını alır.
Camış dərisindən keyfiyyətli gön hazırlanır. Bu dəri inək dərisinə nisbətən qalın olur. Yaxşı aşılandıqdan sonra ondan möhkəm ayaqqabı və digər dəri məmulatları tikilir.

Məhyəddin BAYRAMOV
Naxçıvan Şəhər Baytarlıq İdarəsinin baytar həkimi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR