19 Sentyabr 2020, Şənbə

Muxtar respublikada aqrar sahənin inkişafına göstərilən davamlı dövlət qayğısı neçə illərdir ki, öz bəhrələrini verməkdədir. Bu, ərzaq təhlükəsizliyinin və özünüməşğulluğun təmin edilməsində də özünü bariz şəkildə göstərir. Buna nail olunmasında kənd təsərrüfatı mühüm rola malikdir. Ona görə də bu sahənin inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlar, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, subsidiyaların verilməsi, müasir texnologiyaların tətbiqi, meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi, keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi əkinçiliyə marağı daha da artırmaqdadır. Bu sırada taxılçılıq öndə durur. 

Faktlara müraciət edək. Cari ilin məhsulu üçün muxtar respublikamızda 36 min 879 hektar sahədə taxıl əkilmişdir. Ötən il isə bu rəqəm 33 min 308 hektar təşkil edirdi. Zəmilərdən 115 min 649 ton məhsul tədarük edilib. 2019-cu ildə bu rəqəm 102 min 984 ton olub. Hektarın orta məhsuldarlığı da artıb.

Əgər keçən il məhsuldarlıq 30,9 sentner idisə, bu il 31,4 sentner olub. Təbii ki, bu nəticəyə nail olunmaqda bir neçə amil başlıca rol oynayıb. Bu sırada ilk olaraq dövlət qayğısını qeyd etməliyik. Məhz bu qayğının ifadəsidir ki, cari ildə də meliorasiya-irriqasiya tədbirləri davam etdirilib. Uzun illər əkilməyən və istifadəsiz qalan torpaq sahələrinə yeni suvarma kanallarının çəkilməsi, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması əkin dövriyyəsinə yeni sahələrin qatılmasında mühüm rol oynayıb. Belə ki, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 3,5 kilometr ana xətt, müxtəlif diametrli borularla 28,4 kilometr paylayıcı boru xətti çəkilib, 294 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb. Bu tədbir Şahbuz rayonunun Türkeş kəndi ərazisində də həyata keçirilib. Belə ki, 294 hektar sahədə də qapalı suvarma şəbəkəsinin tikintisi aparılıb, 5,15 kilometr ana xətt, müxtəlif diametrli borularla 7,75 kilometr paylayıcı boru xətti çəkilib, 88 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb.


Qeyd edək ki, muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlar var. Həmin sututarlara 241,6 milyon kubmetr su ehtiyatı toplanılıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 184,73 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla, 156 min 266 hektar torpaq sahəsi su ilə təmin olunub.
Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onları lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 177-si 2020-ci ilin yanvar-iyun aylarında olmaqla, ümumilikdə, 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. Cari ilin ilk altı ayında 164 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 9-u nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 9008,3 ton mineral gübrə ilə təmin olunublar.
İstehsal olunmuş məhsulların ilboyu keyfiyyətli şəkildə istehlakçılara çatdırılmasında soyuducu anbarlar mühüm rola malikdir. Cari ilin ötən dövründə tutumu 200 və 2005 ton olan 2 soyuducu anbar yaradılıb, 1 soyuducu anbarın yaradılması davam etdirilir, digəri isə genişləndirilib.
Həyata keçirilən belə məqsədyönlü tədbirlər isə bəhrələrini verib. Belə ki, uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçiləri sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb, tələb olunan bütün təsərrüfat işlərini yerinə yetiriblər.
Artıq taxıl tədarükü başa çatıb. İlin nəticələrindən fərəhlə söhbət açmaq olar. Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonu bu il liderliyi ələ alıb. Bölgənin taxılçıları 4865 hektar taxıl zəmisindən 19 min 185 ton məhsul toplayıblar. Bu isə orta məhsuldarlığın 39,4 sentner olması deməkdir.
“Şərur Aqrotexservis” Səhmdar Cəmiyyətinin sədri Aqil Məmmədov deyir ki, cəmiyyətə məxsus olan texnikalarla sahələrin şumlanmasında, taxıl əkinində və tədarükündə taxılçılara yaxından köməklik göstəriblər. Hazırda cəmiyyətin dəyirmanında taxıl üyüdülməsi həyata keçirilir.
Aqil Məmmədovun özü də taxılçılıqla məşğul olur. Cari ildə o, 24 hektar taxıl əkini sahəsindən 90 ton məhsul götürüb. Bu rəqəm məhsuldarlığın 40 sentner olması deməkdir. Sahibkar bunu son hədd hesab etmir: – Çoxları elə düşünür ki, toxumu torpağa atdın, zəmini suvardın bununla iş bitdi. Əslində, belə deyil. Taxıl da qayğı istəyir. Bu istəyin qarşılığını verə bilsən, torpaq sənin zəhmətinin əvəzini birə-beş ödəyəcək. Mən bunu neçə illərdir ki, öz fəaliyyətimdə görmüşəm. Tədarük etdiyim taxıldan yaxın günlərdə başlayacağım əkin üçün toxumluq götürmüşəm. Bir hissəsini üyüdərək ailəm üçün ayırmış, qalanını da satmışam. Hazırda əkəcəyim sahələrdə şum qaldırılması ilə məşğulam. Çalışıram ki, builki əkin kampaniyasını da vaxtında başa çatdıram.
Sərhəd bölgəmiz sayılan Sədərək rayonu taxıl tədarükündə 36,4 sentner məhsuldarlığa nail olub. Bu rayonda 2357 hektar sahədən 8 min 591 ton məhsul tədarük edilib.
Taxıl tədarükündə 3-cü yer Babək rayonuna məxsusdur. Bu bölgənin taxılçıları 11 min 767 hektar taxıl sahəsindən 37 min 702 ton məhsul tədarük edərək məhsuldarlığı 32 sentnerə çatdırıblar. Kəngərli rayonunun taxılçıları isə 30 sentner məhsuldarlığa nail olublar. Digər yerlər Naxçıvan şəhərinə, Ordubad, Şahbuz və Culfa rayonlarına məxsusdur.
Bu gün diyarımızın hər bir taxılçısı, bu sahə ilə məşğul olan ailə təsərrüfatları və sahibkarlar sevinirlər ki, əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri hesabına torpağa bir dən belə, havayı düşməyib. Artıq 2021-ci ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrdə şum qaldırılmasına başlanılıb. İnanırıq ki, bu mövsüm də vaxtında və uğurla başa çatdırılacaq.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR