19 Sentyabr 2020, Şənbə

Yay mövsümünün əvəzedilməz məhsulları sırasında qarpız və yemişi böyükdən-kiçiyə hər kəs xoşlayır. Özü də onları əkib-becərməyi bilən təsərrüfatçıdan alanda. Məsələn, qarpız deyəndə ağıla ilk olaraq Nehrəm qəsəbəsi, yemiş deyəndə isə Şahtaxtı kəndi gəlir. Bu günlərdə keyfiyyətli yemişin sorağı ilə bu dadlı və xeyirli məhsulun ana Vətəni hesab olunan Kəngərli rayonunun Şahtaxtı kəndinə üz tutduq.

Əvvəlcə onu qeyd edək ki, müxtəlif adlarla tanınan qovunun bir çox sortları Naxçıvanda ən çox becərilən yemişlər sırasındadır. Bu növlərin əkilib-becərilməsinə Babək, Kəngərli, Şərur və Sədərək rayonlarındakı təsərrüfatlarda geniş üstünlük verilir. Kəngərli rayonunda elə əkin sahəsi tapılmaz ki, orada heç olmasa, bir-iki kol da olsa, qovun əkilməsin. Bu təsərrüfat sahəsi ilə məşğul olanlardan biri də Kəngərli rayonunun Şahtaxtı kənd sakini Əhməd Hüseynovdur. Onunla əkin sahəsində görüşdük. Tərəvəz bitkiləri ilə yanaşı, qovun da becərən təsərrüfatçının bostanını qovunun, şamamanın xoş ətri bürümüşdü. 

Əhməd Hüseynov qovun əkib-becərməyin zəhmətli iş olduğunu vurğulayaraq bildirdi ki, bir çox bitkilər kimi qovunun şitili yox, toxumu əkilir. Bu zaman toxumları əvvəlcədən islatmaq lazımdır ki, yaxşı cücərə bilsin. Bitkinin kolları bir az torpaqdan boy göstərən kimi kollar seyrəldilir və onlardan ən irisi və şux olanı saxlanılır. Suvarıldıqdan sonra kollar çiçəkləyir və həmin çiçəklərdən balaca qıralar əmələ gəlir, buna el arasında “gülburnu” deyilir. Bu prosesin sonunda qovun tam yetişmiş hesab olunur.

Təcrübəli təsərrüfatçı Əli dayı isə dedi ki, qovunun adla tanınan bir növü də var. Onun məskəni məxsusi olaraq Kəngərli rayonunun Şahtaxtı kəndidir. Bu növə “tutma qovun” deyirlər. Bu qovunu yetişdirmək çox zəhmətli olduğundan böyük bir sahədə ancaq bir neçə qovunu tutma kimi saxlamaq olur. Qonaqpərvər camaatımız bu qovunu əzizləyib uzaqda yaşayan qohum-əqrəbası, ya da ki qonağı üçün saxlayır. Onun sözlərinə görə, tutma qovunu hasilə gətirmək üçün gülburnular isladılır, torpaqlanaraq açıq şəkildə 2-3 gün saxlanılır. Saflığı bir daha yoxlanıldıqdan sonra öz yarpağına bükülərək yerə basdırılır. Buna el arasında “bələnmə” ya da “quylama” deyirlər. 30-40 gün torpağa basdırılmış şəkildə qalan bitkini mütəmadi olaraq nəzarətdə saxlamaq isə ən vacib işlərdəndir. Müəyyən müddətdən sonra bitki torpaqdan çıxarılır və daha 15-20 gün açıq şəkildə saxlanılır. Sonda isə qovun tam yetişmiş hesab olunur.
Bu bostan bitkisini alarkən diqqət yetirməli olduğumuz bəzi məqamlardan da danışan zəhmət adamı bildirdi ki, qovunlar təzə, təmiz, sağlam, rəngi və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. Alıcıların əksəriyyəti hamar qovunların şirin olduğunu güman edirlər. Əslində isə üstü torabənzər, qəhvəyi şaxələri olan qovunlar daha şirin olurlar. Bu məhsulu alarkən onun təzəliyinə, saxlanma şəraitinə, səthinin vəziyyətinə diqqət yetirilməlidir.
Onun insana rahatlıq gətirən özünəməxsus iyinə bu torpaqların bərəkəti, saf suları, insanların zəhməti hopub. Faydaları isə saymaqla bitmir. Mütəxəssislərin fikrincə, qovun həzm orqanlarını təmizləyir və bu nahiyədəki xəstəlikləri aradan qaldırır. Şəkər, zülal və nişasta ilə zəngin olduğu üçün onu asanlıqla qida əvəzi kimi istifadə etmək mümkündür. Qovunda A vitamini, brom və yod daha çox olduğundan sinirləri sakitləşdirir, yuxu gətirir, qanı zəhərli maddələrdən təmizləyir. Revmatizm zamanı da faydalıdır. Xalq təbabətində qovunun dənələrini qaynadıb suyunu içmək məsləhət görülür. Çünki o, tənəffüs yolu problemlərinin qarşısını alır. Qaraciyər xəstəliklərinə də qovun dənəsinin suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil. Qovun dərinin təravətli qalmasına, orqanizmin xərçəng xəstəliyindən qorunmasına kömək edir. Qarpızdan sonra ən faydalı tərəvəz sayılan qovunun limonla birlikdə şirəçəkən maşından keçirilərək alınan qarışığı güclü antioksidant təsiri yaradır. Xüsusilə infarkt xəstəliyindən əziyyət çəkənlərə hər səhər mütəmadi olaraq bu qarışıqdan qəbul etmələri məsləhət görülür. Bu, xərçəng xəstəliyinin yaranma riskini də azaldır.

Yemişdən bəhs edib, qarpızdan danışmasaq, olmaz. Özü də adı və dadı ilə məşhur olan Nehrəm qarpızından. Naxçıvan-Culfa avtomobil yolunun kənarlarında piştaxtalar üzərinə səliqə ilə düzülmüş qarpızlar, yemişlər buradan ötənlərin diqqətini çəkir. Yoldan keçənlərin əksəriyyəti avtomobilini saxlayıb, torpaq mülkiyyətçilərindən bu məhsulları münasib qiymətə aldıqdan sonra yollarına davam edirlər. Torpaq mülkiyyətçisi Məhərrəm Sadiqovla söhbət zamanı öyrənirik ki, buradakı satıcıların, demək olar ki, hamısı bostançılıqla məşğul olan ailələrin üzvləridir. Onlar bu sahədən yaxşı qazanc əldə edir, ailələrinin ehtiyaclarını öz halal zəhmətlərinin bəhrəsi ilə ödəyirlər. Uzun illərdir ki, iki hektara yaxın sahədə qarpız əkini ilə məşğul olan mülkiyyətçi bostanında yetişdirdiyi məhsullardan ağızdolusu danışır: “Aprel ayının sonu, may ayının əvvəllərində bu məhsulun əkininə başlayırıq. Kollar çiçəkləyənə qədər bir neçə dəfə su veririk. 3-4 dəfə tağları alaq otlarından təmizləyir, kolların diblərini boşaldır, vər qoyuruq. Əkinlərə aqrotexniki qaydada qulluq göstəririk. Ötən il bol məhsul əldə etmişdim, qazancım da kifayət qədər oldu. Bu il də zəhmətimiz hədər getməyib, sahələrdə bol məhsul yetişib. Sevinirik ki, insanlara yaxşı məhsul təqdim etməklə etibar və yaxşı qazanc sahibi oluruq”. Həmsöhbətim qarpızın becərilməsində əvvəllər bir sıra problemlərlə qarşılaşsa da, indi bunların tamamilə aradan qaldırıldığını dilə gətirdi. Bildirdi ki, su cəhətdən heç bir çətinlik çəkmirlər. Texnika ilə təchizat da yetərincədir. Yetişdirilmiş məhsulun satışına da hərtərəfli şərait yaradılıb. O da ailəsi ilə birlikdə bu imkanlardan səmərəli istifadə edir.
Digər bostançı Eldar Sadiqov isə bu il 9 hektar sahədə əkin aparıb. O, öz təcrübəsini bizimlə belə bölüşdü: “Qarpızı hər yerdə əkmək olmaz. Bu məhsulu gərək ən azı 2 il dincə qoyulmuş torpağa əkəsən. Bu zaman kollar sürətlə inkişaf edər, tağlar da təravətli qalar. Bu bitkidən yüksək məhsul götürülməsi qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsindən asılıdır. Bitkiyə qulluq dedikdə suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma, süni, yaxud əlavə tozlandırma, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini nəzərdə tuturam. Məhsulun yetişməsinədək, yəni iyunun sonu, iyulun əvvəlinədək qarpıza 3 dəfə bol su verməlisən. 4-cü dəfə də su vermək olar, amma bu dəfə gərək az verəsən, necə deyərlər, bir növ dadımlıq”.
Söhbətimiz əsnasında qarpızın zəhərləmə ehtimalı məsələsinə də toxunduq. Müsahibimiz bunu xüsusilə qeyd etdi ki, bir zamanlar xarici ölkələrdən muxtar respublikamıza gətirilən və daha çox böyük çəkisi və gözəl görüntüsü ilə diqqəti cəlb edən qarpızlar sağlamlıq üçün ciddi təhlükə yaradırdı. Çünki onların hamısına vaxtından tez böyüməsi və çəkisinin artıq olması üçün azot gübrəsi verilir. Elə qarpızdan zəhərlənmələrin böyük qismi də məhz belə məhsullardan istifadə zamanı əmələ gəlir. Nehrəmlilər isə kimyəvi dərmanlar əvəzinə təbii gübrələrdən istifadə edirlər. Bizim qarpızın dadının özünəməxsusluğu isə Nehrəmin bərəkətli torpaqları, havası, suyu ilə əlaqədardır.
Bir az da qarpızın faydaları barədə danışaq. Qarpız əbəs yerə yay aylarının sevimli məhsulu hesab olunmur. Çünki qarpız şirəli, sərinləşdirici olub, susuzluğu aradan qaldırır. Bu bostan məhsulu hədsiz müalicəvi əhəmiyyətə malikdir. Orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır. Mütəxəssislər qan təzyiqini tarazlamaqdan sağlam arıqlamağa qədər çoxsaylı faydaları olan qarpızın yay aylarında bol-bol qəbul edilməsini təklif edir. Bir sözlə, qarpız, tam mənası ilə, bir şəfa mənbəyidir. Həm dadı, həm də faydaları ilə hər birimizin süfrəsində məxsusi yeri olan Nehrəm qarpızı indi ən çox alınan kənd təsərrüfatı məhsulları sırasındadır. Nehrəmli təsərrüfat sahibləri də bu bitkinin dadı və keyfiyyəti ilə bənzərsiz olan yerli sortlarının genofondunun qorunmasına, əhalinin belə yerli məhsullara olan tələbatının ödənilməsinə öz töhfələrini verməyə çalışırlar.
Yolunu bu istiqamətdən salan hər kəsə burada satılan qarpızların dadına baxmağı tövsiyə edirik. Çünki bu əvəzolunmaz nemət satıldığı yerə yaxın məsafədə yetişdirilir. Bostan sahələrini gözlərinizlə görməklə burada yetişdirilən məhsulun keyfiyyətinə də əmin olacaqsınız. Bu bolluq isə bir daha əminlik yaradır ki, bu gün muxtar respublikamızda dadlı və keyfiyyətli məhsullar yetişdirmək üçün hər cür şərait var. İnsanların torpağın əsl sahibinə çevrilməsi, sahibkarlara kreditlərin verilməsi, su anbarlarının yaradılması, meliorasiya sistemlərinin yüksək səviyyədə təkmilləşdirilməsi buna imkan verir.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR