22 Oktyabr 2020, Cümə axşamı

Qədim və zəngin tarixə malik olan muxtar diyarımız son 3 onillik ərzində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bu inkişafın təməlində bir sıra amillər dayanır. Yurd yerinin dünəninə ehtiram, bu gününü daha gözəl görmək istəyi, sabahına cavabdehlik hissi. Başlıca amili isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə edir: “Bizim bir platformamız, Naxçıvan Muxtar Respublikasında inkişafın bir yolu var: bu, möhtərəm Heydər      Əliyevin yoludur”.

25 ildir ki, bu yol Naxçıvanı dünyanın muxtariyyət statusuna malik olan digər ünvanların ön cərgəsinə çıxarıb. Əsrin dörddəbiri qədər qısa zaman kəsiyində keçdiyimiz yol Naxçıvana yolu düşənlərin böyük heyrətinə səbəb olur.
Konkret olaraq qədim diyarımızda təkcə tikinti-quruculuq, təmir-bərpa işlərinə nəzər salsaq, görülən işlərin həcmi, coğrafiyası qarşısında biz də təəccübümüzü gizlədə bilmərik. Elə götürək 2020-ci ilin ilk yeddi ayını. Bu dövrdə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 594 milyon 960 min 600 manat vəsait yönəldilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Vəsait qoyuluşlarının 568 milyon 785 min 800 manatı tikinti-quraşdırma işlərində istifadə edilib.

Bəhs olunan dövrdə 145-dən artıq müxtəlif təyinatlı obyektin tikilməsi, 200-ə yaxın müxtəlif təyinatlı obyektin isə tikintisinin, yenidən qurulmasının və ya əsaslı təmirinin davam etdirilməsi heç də kiçik rəqəmlər deyil. Bir məsələni də xüsusi qeyd etməyə ehtiyac var: diyarımızda bu istiqamətdə həyata keçirilən tədbirlərdə şəffaflığın və qiymət intizamına nəzarətin təmin edilməsi üçün “Elektron nəzarət portalı” yaradılıb, onun fəaliyyəti diqqət mərkəzində saxlanılıb.
Yuxarıda da dediyimiz kimi, quruculuq tədbirləri müxtəlif sahələri əhatə edib. Kənd mərkəzləri yeni təyinatlı obyektlər kimi ilk olaraq muxtar respublikada həyata vəsiqə alıb. Tikildiyi ünvanlarda olan idarə, müəssisə və təşkilatların birgə fəaliyyətini təmin etmək üçün belə ünvanlarda müasir iş şəraiti yaradılıb.
Muxtar respublika sakinlərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər tikinti-quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilib və hamımız tərəfindən yüksək dəyərləndirilir. Bəhs olunan dövrdə bir neçə yaşayış binasının yenidən qurulması başa çatdırılıb, bir neçə yaşayış binasında, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilməkdədir. Cari ilin ötən dövrü ərzində fərdi yaşayış evlərinin tikintisinə də ciddi önəm verilib, ümumilikdə, 235 min kvadratmetrədək yaşayış sahəsi istifadəyə verilib.

İstifadəyə verilən obyektlər sırasında Naxçıvan şəhər buzxanasının, Ordubad rayonunun Darkəndində su dəyirmanının, Yusif Küseyir oğlu türbəsinin, Şahtaxtı hamamının bərpası, Naxçıvan şəhərində yeni salınan Sahil Parkı da var.
Hazırda paytaxt şəhərimizdə məscidin, Şərur, Ordubad və Sədərək rayonlarında Bayraq meydanlarının, Babək şəhərində bazarın, Şahbuz rayonunun Ağbulaq kəndində Xizək Mərkəzinin, Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisində sürətli iş ahəngi hakimdir.
Onu da qeyd edək ki, muxtar respublikada yol infrastrukturunun yenidən qurulması da diqqətdə saxlanılıb. Culfa-Ordubad magistralının, Şərur rayonunun Qarxun-Muğancıq­-Mehrab-Məmmədsabir, Ordubad ­rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd-Darkənd avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.

Muxtar respublikamıza “Rayon mərkəzlərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsinə bir neçə ildir ki, başlanılıb. Ötən dövrdə bütün bölgələrimizdə xeyli iş görülüb. Hazırda da bu layihənin reallaşdırılması istiqamətində quruculuq tədbirləri davam etdirilir. Bunun ifadəsidir ki, Şərur rayonunun Dərvişlər kəndində içməli su xəttinin çəkilişi başa çatdırılıb. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi və rayonun Cəlilkəndində içməli su şəbəkəsi istifadəyə verilib.
Qeyd edək ki, quruculuq ərməğanlarından hərbçilərə də xeyli pay düşüb. Əsgəri-yaşayış komplekslərinin, qərargah binalarının, infrastruktur obyektlərinin və digər yardımçı binaların tikintisi və yenidən qurulması Naxçıvandakı hərbi hissələrdə qulluq və xidmət keçən hərbçilərə böyük qayğının ifadəsidir. Bəhs olunan dövr ərzində Naxçıvan şəhərində, Babək, Culfa, Şahbuz, Şərur rayonlarında bu istiqamətdə quruculuq tədbirləri davam etdirilib. Hərbi qulluqçuların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə Naxçıvan hərbi şəhərciyində və Sədərək rayonunda zabit və gizir ailələrinə yeni xidməti mənzillər təqdim olunub.
Gəlinən qənaət odur ki, böyük tikinti meydançasını xatırladan muxtar diyarımızda möhtəşəm quruculuq tədbirlərinin həyata keçirilməsi günümüzün reallığına çevrilib. Qurulanların, yaradılanların qorunmasına da diqqət xeyli artıb. Çünki hər bir naxçıvanlı belə tədbirlərin asan başa gəlmədiyini görür, bu işlərin diyarımızın gündən-günə daha da üçün olduğunu yaxşı bilir.

- Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR