20 Oktyabr 2020, Çərşənbə axşamı

Hər il muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində Naxçıvan şəhərinə də böyük pay düşür, estetik zövqə uyğun, özünəməxsus memarlıq üslubunda yeni binalar ucaldılır, mövcudları əsaslı şəkildə təmir olunur, yol infrastrukturu müasir formaya salınır, istirahət məkanları tikilərək insanların istifadəsinə verilir. Dünyada keşməkeşli proseslərin hökm sürdüyü 2020-ci ildə də muxtar respublikamızın bütün bölgələrində, o cümlədən paytaxt şəhərimizdə quruculuq işləri öz əvvəlki ritmi ilə davam edir. Məlumat üçün bildirək ki, cari ilin birinci yarısında Naxçıvan şəhərində 22 müxtəlif təyinatlı obyekt tikilib və ya yenidən qurulub, 46 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Görülən quruculuq tədbirləri sırasında sakinlərin rahatlığına, firavanlığına xidmət edən mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusilə ön plana çəkilir, yeni yaşayış binaları inşa olunur, yararsız vəziyyətə düşmüş tikililər təmir-bərpa edilir, mənzillərin sahəsi genişləndirilir, əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılır, müasir kommunikasiya xətləri ilə təmin olunur.
Cari ildə təmir-bərpası aparılan binaların əksəriyyətində işlər artıq yekunlaşıb, sakinlər rahat mənzillərində firavan həyata qovuşublar. Şəhərimizin bir neçə ünvanında isə yaşayış binalarının təmir-bərpası sürətlə davam etdirilir. “İstiqlal” küçəsindəki 89 nömrəli, zirzəmi ilə birlikdə 5 mərtəbəli, 36 mənzilli binada Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən təmir-bərpa işlərinə iyul ayının əvvəllərindən başlanılıb. Binanın təməlində betonbərkitmə işləri görülüb, köhnə pəncərələr yenisi ilə əvəz olunub, elektrik və rabitə xətləri dəyişdirilib. Hazırda fasad hissəyə üzləmə daş vurulur, dam örtüyü yenilənir, pilləkənlərə kilid daş düzülür.
“İstiqlal” küçəsinin növbəti quruculuq ünvanı isə 97 nömrəli, 4 mərtəbədən, 36 mənzildən ibarət olan yaşayış binasıdır. Obyektin iş icraçısı Samiq Abdullayevdən aldığımız məlumata görə, iyulun 12-dən başlanan təmir-bərpa işləri tam sürətlə davam edir, əraziyə kifayət qədər işçi qüvvəsi cəlb olunub. İnşaatçılar lazımi mal-material və texniki təhlükəsizlik ləvazimatları ilə təmin ediliblər. Binanın köhnə, yararsız hala düşən üz qabığı, kələ-kötür hissələri çapılaraq hamar hala salınıb, daxildəki kommunikasiya xətləri yenilənib. Hazırda təməldə bərkitmə, betonlama, bloklarda suvaq işləri aparılır.

Paytaxt şəhərimizin Heydər Əliyev prospekti də son illərdə inşa olunan bənzərsiz binaları, kafe və restoranları, alış-veriş məkanları ilə gözoxşayan ünvanlardan birinə çevrilib. 2020-ci ildə görülən irimiqyaslı quruculuq tədbirlərindən bu prospektə də böyük pay düşüb. Belə ki, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları buradakı 40 nömrəli, 3 mərtəbəli, 22 mənzilli yaşayış binasında iyun ayının axırlarından etibarən təmir-bərpa işləri həyata keçirirlər. Obyektin iş icraçısı Şöhrət Qoçəliyevin verdiyi məlumata əsasən binanın ön fasadına üzləmə daş vurulub, arxa tərəfindəki artırma eyvanlar sökülür. Həmçinin elektrik və su xətləri yenilənib, dam örtüyü vurulur.
Qeyd edək ki, muxtar respublikamızda əhalinin firavanlığına xidmət edən mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər çoxşaxəlidir. Qayğıya ehtiyacı olan vətəndaşların mənzil və fərdi yaşayış evləri ilə təmin olunması, mövcud yaşayış binalarının əsaslı şəkildə bərpa edilərək və ya yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yenilərinin tikilməsi diyarımızda insan amilinə verilən böyük önəmin təzahürüdür.

- Nail ƏSGƏROV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR