22 Oktyabr 2020, Cümə axşamı

 

  Həftənin bazar – hamının təbirincə desək, istirahət günü Naxçıvan şəhərindəki Mərkəzi bazara yollandım. Bu həmin bazardır ki, diyarımızın sakinlərini muxtar respublikamızda istehsal olunan yerli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Lakin bu dəfə buraya kənd təsərrüfatı məhsullarının satış yarmarkasından, ya da bayram yarmarkasından yazı hazırlamaq üçün yox, yeni tədris ili ərəfəsində təşkil edilən ənənəvi məktəbli yarmarkası ilə tanış olmağa gəlmişəm. 

Bazara addım atar-atmaz övladına məktəb ləvazimatları almağa tələsən valideynlərin, məktəbə gedəcəkləri üçün sevinən uşaqların həyəcanını görürəm. Bu məni də şirin xatirələrlə dolu qayğısız məktəb illərinə aparır, bu kövrək hissləri məndə yaşadan yarmarka ilə tanış olmağa tələsirəm. İlk olaraq “Məktəbli yarmarkasına xoş gəlmisiniz” yazısı ilə qarşılaşıram. Yarmarkanın giriş hissəsində məktəbli ləvazimatlarının satış qiymətləri ilə tanışlıqdan sonra içəriyə daxil oluram. Burada, xüsusilə ibtidai siniflərdə təhsil alan övladları ilə birgə alış-veriş edən valideynləri, onlara lazım olan tədris vəsaitlərinə, elmi nəşrlərə nəzər yetirən müəllimləri, eləcə də artıq özü bazarlıq etməyi bacaran şagirdləri dəftər, qələm, çanta və digər ləvazimatlar alan görürəm.

Satıcı Elcan Abbasov övladları üçün dəftər, qələm, rəngli kağız almaq istəyən valideyn Sevda Yusifovaya keyfiyyətli dəftərxana ləvazimatları seçməkdə köməklik göstərir. Sevda xanım yarmarka təşkilatçılarına minnətdarlıq hissi ilə bildirir ki, hər il Naxçıvan şəhərində, rayonlarımızda keçirilən bu ənənəvi məktəbli yarmarkalarında məktəbli övladlarımız üçün lazım olan dərs ləvazimatları, məktəbli və idman forması, çanta, ayaqqabı və başqa geyim və əşyaları münasib qiymətə ala bilirik. Mən bu gün VI sinifdə oxuyan qızım, IV sinifdə təhsil alan oğlum üçün rəsm dəftəri, qələm və digər dərs ləvazimatları almışam. Uşaqlar yaxın vaxtlarda uzun fasilədən sonra yenidən məktəbə gedəcəkləri üçün çox sevinirlər, onları da gətirmişəm ki, özləri seçim etsinlər, hər şey ürəklərincə olsun.
Digər bir valideyn Samir Məmmədov isə deyir ki, yarmarkadan övladlarım üçün məktəbli dəsti almışam. Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bir valideyn kimi biz də övladlarımız qədər sevinirik. Çünki təhsil həyatımızda mühüm rol oynayır. Çünki insan yalnız öz elmi, təhsili, dünyagörüşü ilə başqalarından fərqlənə, gələcəyini düzgün qura bilər. Bu gün muxtar respublikada təhsil müəssisələrinin fəaliyyətinə göstərilən diqqət, qayğı da buna hərtərəfli imkan verir. Mən övladlarıma da deyirəm, biz valideynlər yalnız onlar üçün çalışır, yaşayırıq. Yeganə istəyimiz isə övladlarımızın təhsilli, savadlı olmaları və gələcəkdə xalqına, dövlətinə layiqincə xidmət etmələridir.

Satıcılarla həmsöhbət oluruq. Onların dediklərindən: – Həftənin şənbə və bazar günləri alıcı sayında çoxluq müşahidə edirik. Məktəblilər həvəsləndirici, rəngarəng görünüşü ilə diqqətçəkən ləvazimatlara, qələm və çanta almağa üstünlük verirlər. Yaradılan şərait imkan verir ki, muxtar respublikanın bütün rayon və kənd­lərimizdə müəllim və şagirdlər vahid geyim formasından istifadə etsinlər. Əsas olan isə məktəbdə qazanılan bilik və savaddır.
Yarmarkada yeni tədris ili üçün bazarlıq edən təkcə valideynlər deyildi. Müəllimlər də özlərinə lazım olan ləvazimatları almaq üçün məktəbli yarmarkasına üstünlük verirlər. Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xəyalə İsmayılova ilə həmsöhbət oluruq. O qeyd edir ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsilimiz də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Növbəti məktəbli yarmarkası da bunun bir nümunəsidir. Burada valideynlərimiz övladları üçün keyfiyyətli, qiyməti isə münasib məktəb ləvazimatları ala bilirlər. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin, eyni zamanda müəllimlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır. Mən də bir müəllim kimi bu yarmarkadan lazımi vəsaitləri tapıb ala bilirəm.
Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Anar Yaqubov isə bildirir ki, hər il ənənəvi olaraq keçirilən yarmarkada iştirak edirəm. Həm məktəbli övladlarıma, həm də özümə lazım olan vəsaitləri alarkən seçim etmək imkanımızın olması sevindiricidir.
Həmsöhbət olduğumuz sakinlərin razılıq etdikləri məktəbli yarmarkasından siz də yararlana, keyfiyyətli, satış qiyməti isə əlverişli olan ləvazimatları ala bilərsiniz. Qeyd edək ki, belə yarmarkalar muxtar respublikanın bütün rayonlarında təşkil olunur və sentyabrın 14-dək davam edəcək.

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR