29 Oktyabr 2020, Cümə axşamı

Muxtar respublikamızda təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Muxtar respublikada təkcə 2018-2020-ci illərdə, ümumilikdə, 16 yeni məktəb binası yenidən bərpa olunmuş, təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz edilmiş, məktəblərdə şagirdlərə təhsil almaq üçün əlverişli şərait yaradılmışdır. 

Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də təmir-tikinti işlərinin önündə təhsil quruculuğu dayanır. Təkcə 2020-ci ilin birinci yarımili ərzində 656 şagird yerlik 2 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu dövr ərzində aparılan kompleks quruculuq və abadlıq işləri sırasında Vənənd kənd tam orta məktəbi də yer alıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli Qərarı ilə Dizə kənd tam orta məktəbi Vənənd kənd tam orta məktəbinə birləşərək müasir tədris şəraiti ilə təmin olunub, 2020-ci il yanvarın 13-də müəllim və şagirdlərin istifadəsinə verilib.
Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan müasirtipli, 432 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla, 27 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərir.

Bərpa edilərək müasir maddi-texniki təchizatla, avadanlıqla 18 may 2020-ci ildə pedaqoji kollektivin və şagird kontingentinin ixtiyarına verilən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində də şagirdlərin rahat təhsil almaları üçün geniş imkanlar yaradılıb. Ötən tədris ilində 224 şagird yerlik müasirtipli yeni məktəb binasında 83 şagird təhsil alıb. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 16 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinifləri, müəllimlər və psixoloq otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərir.
İstifadəyə verilən Vənənd və Muğancıq-Mehrab kənd tam orta məktəblərində yaradılan müasir tədris şəraiti həmin məktəblərdə tədrisin səviyyəsinin artmasına, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır.
Hazırda uğurlu quruculuq işlərinin davamı olaraq Şərur rayon Qaraburc kənd ümumi orta, Şəhriyar, Babək rayon Nəcəfəlidizə, Ordubad şəhər 1 nömrəli, rayonun Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəbləri, həmçinin Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün inzibati binada da əsaslı təmir-bərpa işləri aparılır.
Yenidən bərpa olunaraq müasir təhsil ocaqları sırasına qoşulmağa hazırlaşan Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni imkanlarla şagirdlərin ixtiyarına veriləcəkdir. 558 şagird yerlik, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq yeni məktəb binasında sinif, müəllimlər və direktor otaqları, kitabxana və yardımçı otaqlar, laboratoriya, kompüter, şahmat və elektron lövhəli otaqlar, idman zalı və hərbi kabinə yenilənəcək.
Culfa rayon Camaldın kənd tam orta məktəbi də yenidən bərpa olunur. Artıq məktəbdə tikinti işləri yekkunlaşmaq üzrədir. 252 şagird yerlik yeni bina 2 mərtəbəli olacaq. Məktəb müasir tədris texnologiyaları və avadanlıqları, dərslik və dərs vəsaitləri, bədii ədəbiyyatla təmin ediləcək.

Yeni tikilən təhsil ocaqlarından biri də 2 mərtəbə və 3 korpusdan ibarət olacaq Culfa Rayon Təhsil Şöbəsinin yeni binasıdır. Binanın birinci mərtəbəsində rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərəcək 13 otaqdan ibarət 3 məktəbdənkənar təhsil müəssisəsi – Gənc Turist və Diyarşünaslıq, Texniki Yaradıcılıq və Uşaq- Gənclər Yaradıcılq mərkəzləri fəaliyyət göstərəcək. Uşaq Gənclər Yaradıcılıq Mərkəzində rəqs, memarlıq, rəsm, qum sənəti, xalçaçılıq, Texniki Yaradıcılıq Mərkəzində xidməti otaq, robotexnika, bujiteriya, ağac üzərində oyma, ağac üzərində yandırma, mental aritmetik, Gənc Turist və Diyarşünaslıq Mərkəzində isə toxuma, bədii tikmə, heykəltəraşlıq və dulusçuluq dərnəkləri yaradılacaqdır.
Binanın ikinci mərtəbəsində isə Culfa Rayon Təhsil Şöbəsi üçün 12 iş otağı və akt zalı yerləşəcəkdir.
Hazırda binada son tamamlama işləri görülür, həyətyanı sahədə abadlıq işləri aparılır. Bundan əlavə, binanın arxa hissəsinin zirzəmisində elektrik otağı və qazanxana yerləşir. Həmçinin burada işıqlandırma sistemi, yaşıllıq zolağı və gülkarlıq da yaradılacaqdır.
Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi də yenilənən məktəblər sırasındadır. İki mərtəbə və zirzəmidən ibarət köhnə məktəb binasında mart ayından başlayaraq əsaslı təmir işləri aparılır. 414 şagirdin təhsil alması üçün nəzərdə tutulan yeni məktəb binasında da müasir tədris şəraiti yaradılacaq.
Əsaslı şəkildə yenidən qurulacaq Şərur rayon Qaraburc kənd ümumi orta məktəbində də tikinti işləri sürətləndirilib. Müəllim və şagirdlərin istifadəsinə veriləcək 3 mərtəbədən ibarət 120 şagird yerlik müasirtipli məktəb tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ən müasir avadanlıqlarla təchiz ediləcək.
Geniş imkanların yaradılacağı 2 mərtəbədən ibarət Şəhriyar kənd tam orta məktəbi 226 şagird yerlik olacaq. Müasir görkəmi ilə göz oxşayacaq təhsil ocağında internetə çıxışı olan kompüter və elektron lövhə quraşdırılacaq, kitabxana fondu da zənginləşdiriləcək. Binanın həyətində abadlıq işləri aparılacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq.
2001-ci ildə istifadəyə verilmiş Babək rayon Nəcəfəlidizə kənd tam orta məktəbində cari ilin mart ayından başlayaraq geniş quruculuq işləri aparılır. Cəmi 7 otaqdan ibarət 50 şagird yerlik köhnə tikili müasir tələblərə cavab verən 3 mərtəbədən ibarət 78 şagird yerlik 13 sinif otaqlı bina ilə əvəz ediləcəkdir.
Yeni təhsil ocaqlarında keçilən dərslərin keyfiyyətini artırmaq məqsədilə şahmat sinfi, kitabxana, elektron lövhəli sinif, hərbi kabinə, laboratoriya otaqları və idman zalı, qazanxana və bufet olacaq.

Bütün bunlar muxtar respublika rəhbəri tərəfindən təhsilin inkişafına böyük töhfədir. Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikada təhsillə bağlı həyata keçirilən tədbirlərin real nəticələridir ki, yeni məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənir. Müasir şəraitə malik bu təhsil ocaqlarında şagirdlər də yaxşı oxumalı, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün bilikli, savadlı olmalıdırlar.
Ali Məclis Sədrinin müntəzəm dəstəyi və qayğısı sayəsində muxtar respublikada yeni məktəblər inşa edilir, ucqar yaşayış məntəqələrindəki kiçik kontingentli məktəblər müasirtipli binalarla əvəz edilir. Ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi tədris bazasının möhkəmləndirilməsi, infrastrukturunun yenidən qurulması sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi, bütövlükdə, ümumi təhsilin keyfiyyətinin yaxşılaşmasına, təlim-tərbiyə şəraitinin, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.
Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsində böyük rol oynamışdır. Bununla yanaşı, muxtar respublikanın təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində bir sıra pilot layihə və müsabiqələr təşkil edilmiş, məktəb və valideyn əlaqələrinin möhkəmləndirilməsi və yerli təhsil orqanları ilə ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlər aparılmışdır. Muxtar respublika məktəbliləri arasında fənn olimpiadalarının təşkili şagirdlərimizin respublika fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında ildən-ilə daha da çox uğur qazanmaları ilə nəticələnir. Təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırıldığı, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi bir dövrdə gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdən biridir.
Ümumiyyətlə, bu gün muxtar respublikada yeni məktəblərin tikintisi, digərlərində aparılan əsaslı təmir işləri, əlavə korpusların inşası böyük vüsət alıb. Təhsil sahəsində həyata keçirilən bu məqsədyönlü tədbirlər gələcəyimiz olan şagirdlərin inkişafına xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR