03 Dekabr 2020, Cümə axşamı

Muxtar respublikada sənayenin inkişafı üçün böyük perspektivlər mövcuddur. Ona görə də diyarımızda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sənaye məhsulları istehsalı ilə davamlı inkişafa nail olmaqdır. Bu baxımdan hər il yeni istehsal müəssisələrinin yaradılması təqdirolunasıdır. 

Bu sırada yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayeləri üzrə çoxsaylı istehsal sahələrinin yaradılmasını qeyd etmək olar. Bunun nəticəsində isə 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Onu da qeyd edək ki, ötən il muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olub. Burada ilk yeri 27,6 faizlə sənaye sahəsi tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Sərəncam muxtar respublikanın sənaye sahəsindəki inkişafına göstərilən daha bir qayğı oldu. Belə ki, ölkə başçısının 2019-cu il 13 sentyabr tarixli “Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında” Fərmanı ilə Naxçıvan Muxtar Respublikasına 5 milyon manat vəsait ayrılıb. Ötən dövr ərzində məhəllənin tikintisində bir sıra işlər yerinə yetirilib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb, mövcud istehsal sahələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafı üçün zəmin yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilir ki, Azərbaycan iqtisadi inkişafın erkən mərhələsində olduğundan əsaslı kapital qoyuluşu qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsinə şərait yarada bilər. Bu baxımdan Naxçıvan iqtisadi regionunda Şərur Sənaye Məhəlləsinin yaradılması mühüm əhəmiyyət daşıyır. Sənaye məhəlləsi 6 istehsal korpusundan ibarət olacaqdır. İlkin olaraq burada bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsal ediləcək müəssisələrin yaradılması nəzərdə tutulur. Bu müəssisələrdə hazırlanacaq məhsullar muxtar respublikanın iqtisadiyyatını şaxələndirəcək, daxili bazarın tələbatını yerli məhsullar hesabına ödəyəcək və ixrac potensialını artıracaqdır.
Dünya təcrübəsi göstərir ki, sənaye məhəllələrində 50-dən çox rezident fəaliyyəti təmin edilir. Bu rezidentlər öz biznes fəaliyyətlərini müasir innovativ tələblərə uyğun qurmaqla dövlətin iqtisadi siyasətini dəstəkləmiş olurlar. Şərur muxtar respublikanın ən böyük rayonlarından biridir. Sənaye məhəlləsinin bu ərazidə yerləşdirilməsi tarixi ənənələrlə yanaşı, həm də bioloji komponentlərlə çox zəngin olması ilə bağlıdır. Belə ki, bölgədə yerli xammal resursları, torpaqlarının yüksək məhsuldarlığı, əlverişli əkinçilik şəraiti, il ərzində iki dəfə məhsul almaq imkanları və eləcə də məşğulluğu təmin edəcək işçi qüvvəsinin olması bu rayonun investisiya cəlb­ediciliyi üçün mühüm rol oynayır.
Müasir dövrdə iqtisadi inkişafın rəqabətqabiliyyətliliyi və ixracyönümlü­lüyünün göstərilən mənbələr hesabına təmin edilməsi vacib şərtlərdəndir. Qloballaşan dünyada istehlakçıların zövqlərinin artması, arzu və istəklərinin böyüklüyü yeni məhsullara olan tələbatı artırmaqdadır. İnsanların belə məhsullara olan tələbatının ödənilməsi isə müasir texnologiyalara, innovasiyalara əsaslanan və dünya bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı ilə mümkündür. Qarşıya qoyulan əsas hədəflər kiçik və orta sahibkarlıqda biznes mühitini formalaşdırmaq, regionun ixrac məhsulları arasında onların payının artırılmasına nail olmaq, yeni iş yerləri yaratmaq və bu əsasda əhalinin pul gəlirlərinin artırılmasına və həyat səviyyəsinin yüksəldilməsinə, həmçinin kənd yerlərində yaşayanların maddi rifah halının yaxşılaşdırılmasına kömək etməkdir.
Muxtar respublikanın aparıcı sahələrindən biri kənd təsərrüfatıdır. Bu sahə qida və ərzaq təhlükəsizliyi baxımından yüksək əhəmiyyətə malikdir. Görülən tədbirlər nəticəsində 2019-cu ildə muxtar respublikada 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, yerli xammala əsaslanan bitki və yeyinti yağı istehsal etmək üçün sənaye müəssisələrinin fəaliyyətinə töhfədir.
Regionda heyvandarlıq məhsullarının emalı sənayesinin inkişaf etdirilməsi imkanları da genişdir. Bu amil yeyinti sənayesinin inkişafında mühüm rola malikdir. Aqrar emal sahəsində alınan ağartı məhsulları regionun daxili bazarının tələbatını ödədikdən sonra xarici bazara çıxmaq perspektivlərini genişləndirir. Ümumiyyətlə, ölkə başçısının qəbul etdiyi Dövlət proqramları, Ali Məclis Sədrinin müxtəlif istehsal sahələrinin inkişafına göstərdiyi qayğı bir məqsədə xidmət edir: muxtar respublikada böyük həcmdə sənaye məhsulları istehsalına sahib olmaq. Çünki sənaye iqtisadi inkişafın lokomotividir. Bu baxımdan muxtar diyarımızda sənaye sahəsinin inkişafına göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Şərur Sənaye Məhəlləsinin yaradılması da bunun növbəti ifadəsidir.

Əbdülhüseyn ZAMANOV
Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR