Yanvarın 16-da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclası idarənin rəisi Səbuhi Məmmədov açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 88 milyon 34 min manat, o cümlədən uzunmüddətli kredit qoyuluşu 62 milyon 877 min manat, qısamüddətli kredit qoyuluşu isə 25 milyon 157 min manat təşkil edir. 1 yanvar 2012-ci il tarixlə müqayisədə kredit qoyuluşu 12 milyon 687 min manat və ya 16,8 faiz artıb.
Bank və digər kredit təşkilatları tərəfindən ötən il 58 milyon 680 min manat kredit verilib ki, bunun da 33 milyon 141 min manatını qısamüddətli, 25 milyon 539 min manatını isə uzunmüddətli kredit təşkil edir. Kreditlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 451 min manat artıb və ya bu artım 124,2 faiz təşkil edib.
Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən 4 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə 14 mindən çox şəxsə kənd təsərrüfatı məhsulları istehsalı və biznes üçün 20 milyon 393 min manat, o cümlədən 19 milyon 749 min manat qısamüddətli, 644 min manat isə uzunmüddətli kredit verilib. Verilən kreditlərin 27,7 faizi bank olmayan kredit təşkilatlarının üzərinə düşür. Gələcəkdə bu cür kreditlər verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır. 2012-ci ildə verilən kreditlər üzrə orta faiz dərəcəsi 12 faiz olub. Bu da Azərbaycan Respublikasında ən aşağı faiz dərəcəsidir. Digər iqtisadi rayonlarda bu rəqəm 20-24 faiz təşkil edir.

Qeyd edilib ki, banklar tərəfindən ötən il 2161 hüquqi, 14676 fiziki şəxs olmaqla, 16837 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 14057-si işlək hesab olub ki, onların 1214-ü hüquqi, 12843-ü fiziki şəxsdir. 54 hüquqi, 4868 fiziki şəxs olmaqla, 4922 müştəriyə yeni bank hesabı açılıb. Açılan bank hesablarının 4886-sı fəaliyyət göstərir ki, onların 52-si hüquqi, 4834-ü fiziki şəxsə aiddir. 2012-ci il ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 617 milyon 674 min manat nağd pul dövriyyəyə buraxılıb. Bu da 2011-ci illə müqayisədə 153 milyon 588 min manat və ya 33,1 faiz çoxdur. Təcili pul köçürmələri vasitəsilə dünyanın 45-dən çox ölkəsindən muxtar respublika sakinlərinin adına 8 milyon 113 min ABŞ dolları məbləğində pul köçürülüb və banklar vasitəsilə ödənilib. Ötən il muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 320 min manat, o cümlədən xarici valyuta ilə 2 milyon 93 min manat təşkil edib. Əmanətlərin həcmi 2011-ci illə müqayisədə 1 milyon 750 min manat artıb. 1 iyun 2012-ci il tarixdən etibarən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Naxçıvan Muxtar Respublikası idarə və şöbələrində olan əmanətçilərinin ərizələrinin qəbuluna və birdəfəlik fərdi ödəmələrə başlanılıb. Muxtar respublika üzrə 64 min 944 nəfər əmanətçidən 1 yanvar 2013-cü il tarixə 36 min 689 nəfərin ərizəsi qəbul olunub. 10 yanvar 2013-cü il tarixə 34897 nəfərə 13 milyon 569758 manat birdəfəlik fərdi ödəmə həyata keçirilib.
Məruzə ətrafında “Naxçıvanbank” ASC idarə heyətinin sədri Azər Məmmədovun, Kapital Bankın Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi Oqtay Qurbanovun, Beynəlxalq Bankın Naxçıvan filialının müdiri Yenisey Salahovun, “Bank of Azerbaijan” Naxçıvan filialının müdiri Anar Məmmədovun, “Azər-Türk Bank” Naxçıvan filialının müdiri Vüsal Novruzovun, “Naxçıvan- Kredit” Bank Olmayan Kredit Təşkilatı İdarə Heyətinin sədri Xəlil Əliyevin çıxışları olub.

Xəbərlər şöbəsi