23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında” 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi kitabxanasının və Naxçıvan Muxtar Respublika Kitabxanası “Naxçıvanşünaslıq” bölməsinin bazasında Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunmasını təmin etməkdir.
Mərkəz üçün ayrılmış binada yenidənqurma işləri aparılmışdır. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçı kollektivi tərəfindən müasir tələblər səviyyəsində yenidən qurulan klassik görkəmli binada son tamamlama işləri başa çatmaq üzrədir. Zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarət olan binada nümunəvi iş şəraitinə malik otaqlar, iclas zalı istifadəyə veriləcək.

Xəbərlər şöbəsi

“Xalq qəzeti”nin 1 yanvar 2013-cü il tarixli nömrəsində “Naxçıvan: ulu öndərin arzularının çiçəkləndiyi diyar” adlı yazı dərc olunmuşdur. Həmin məqaləni oxuculara təqdim edirik.

 

"İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin".

Heydər ƏLİYEV
Ümummilli lider

"Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni-yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər".

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Salam, ulu torpaq, müqəddəs yurd!

Qədim türk torpağı Naxçıvan... Bu diyarın ululuğu tariximizdə, mənəviyyatımızda tutduğu özünəməxsus mövqedən, qoruyub saxladığı uca dəyərlərdən qaynaqlanır. Onun müqəddəsliyi isə minbir çalarlı təbiəti və yurdsevər insanlarının bu torpaqda zaman-zaman dilbirlik yaratması, neçə-neçə intibahlara çatması ilə qazanılmışdır.

Nuh peyğəmbərin dünya daşqınının pəncəsindən xilas etdiyi canlı aləm Naxçıvana pənah gətirmiş, bu ululuqda və müqəddəslikdə nicat tapmışdır. Elə o zamandan da bu yerlərə türkün ölməz ruhu, silinməz-pozulmaz izləri şahidlik etməkdədir. Tarix ötdükcə Naxçıvan sorağı Güneydən Quzeyə, Doğudan Batıyadək geniş bir arealdan gələn türklərin mərkəzi əyaləti kimi hər tərəfə qapı açmış, türk-islam dünyasına böyük bir körpü rolu oynamışdır.
Türkün ucalıqlara yön aldığı zamanlarda Naxçıvan bir az da yüksəlmiş, onun zəkalı, əməlpərvər insanları tariximizi şərəfləndirmişlər. Soyumuzun başı qalda olanda yağılar, ilk növbədə, Naxçıvanı yağmalamaq, yox etmək istəmişlər. Tarixdə, bəlkə də, Naxçıvan qədər başı bəlalar çəkmiş ikinci bir türk torpağı olmamışdır. Lakin İlahinin yurdumuza ərməğan elədiyi ən qədim ziyarətgah Əshabi-Kəhfdən güc alan, Nuh babamızın yaşayıb əbədiyyətə qovuşduğu torpağı əsl övladlıq sədaqəti ilə qorumağı bacaran insanlar həmişə düşmənlərin niyyətlərini gözlərində qoymuşlar.

Ardını oxu...

İnşasına 2011-ci ilin ikinci yarısından başlanılan Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi üçün yeni kompleksin tikintisi davam etdirilir. Burada tikinti işlərini “Gəmiqaya” MMC-nin inşaatçıları həyata keçirirlər.
Ötən müddət ərzində 1500 kvadratmetrlik ərazidə ikimərtəbəli idarə binası, ehtiyat hissələri mağazası, təmir və maşınyuma sexləri, yeməkxana və iki anbar tikilib, mərkəzləşdirilmiş qazanxana sistemi quraşdırılıb, iritutumlu avtobuslar üçün 108 üstüörtülü dayanacağın sütunlarının bərkidilməsi üçün özüllər inşa edilib. Ərazi asfaltlanıb, yağış sularının axıdılması üçün su­ötürücü kanallar quraşdırılıb.
Obyektin iş icraçısı Anar Zaman­ovun bildirdiyinə görə, ərazidə açıq avtomobil təmiri sexləri, 60 min litr yanacaq tutumu olan yanacaqdoldurma məntəqəsi yaradılacaq, təyin olunmuş yerlərdə yanğınsöndürmə avadanlıqları yerləşdiriləcək. Hazırda obyektlərdə son tamamlama işləri aparılır.
Qeyd edək ki, muxtar respublikada nəqliyyat infrastrukturu daim müasirləşir, dövrün tələblərinə uyğunlaşdırılır. Nəqliyyat sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər insanların rahatlığının təmin olunmasına yönəldilib. Nəqliyyatın inkişafı yalnız yol infrastrukturunun yeniləşdirilməsi ilə yekunlaşmır. Naxçıvanda yolların beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırıb. Hər il Naxçıvan şəhərinə müasir, iritutumlu avtobuslar gətirilir ki, bunlar da sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, xidmət mədəniyyətinin də yüksəldilməsinə müsbət təsir göstərir. Yeni kompleksin inşası bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Muxtar MƏMMƏDOV

“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ötən il də uğurla davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, 2012-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin işləri həyata keçirilmişdir. Bunun 34 min 965 hektarını taxıl təşkil etmişdir. Bu sahə ilə məşğul olanlar onlar üçün müəyyən edilmiş yardımlarla, yüksək reproduksiyalı toxum sortları ilə təchiz olunmuşlar. Taxıl biçini kampaniyasının mütəşəkkil başa çatdırılması üçün 116 ədəd kombayn saz vəziyyətə gətirilmiş, biçin mövsümündə 104 ədəd kombaynın gücündən istifadə edilmiş, taxıl sahələrindən 101 min 848 ton məhsul toplanılmışdır. Əkinçiliyin digər sahələrində də yüksək nəticələrə nail olunmuşdur. 2831 hektar sahədə kartof əkini aparılmış, sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstərilmiş, torpaq mülkiyyətçiləri 39 min tondan çox məhsula sahib olmuşlar.
Yaz-tarla işlərinin aparılmasında torpaq mülkiyyətçiləri, sahibkarlar 863 ədəd traktor, 256 ədəd kotan, 43 ədəd toxumsəpən, 127 ədəd otbiçən, 158 ədəd otkipləyən, 297 ədəd yedəkdən istifadə etmişlər. 5366 torpaq mülkiyyətçisinə 3950 ton mineral gübrə yardım kimi verilmişdir. 5080 hektar sahədə gəmiricilərə, 2003 hektar sahədə kartof böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə torpaq mülkiyyətçilərinə pulsuz preparatlar paylanılmışdır.
Əkinçiliyin inkişafında müstəsna rol oynayan su təsərrüfatı sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir. Ötən il muxtar respublikada 5 nasos stansiyası, 11 subartezian quyusu, 32 kəhriz istifadəyə verilmişdir. Meliorasiya və su təsərrüfatı sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi bol məhsul götürülməsinə əlverişli şərait yaratmışdır. Muxtar respublikamızda suvarma əkinçiliyində, əsasən, səthi suvarma üsulundan geniş istifadə olunmuşdur. Son illərdə isə şırımla suvarma üsuluna daha çox önəm verilir. Qeyd edək ki, ilk dəfə olaraq “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında taxıl, kartof, bostan məhsullarının istehsalı zamanı bu üsula keçilmişdir. Ötən il, ümumilikdə, muxtar respublikada şırım üsulundan daha geniş istifadə olunmuşdur.
Qeyd edək ki, kənd adamlarına böyük qayğının ifadəsi kimi kreditlərin verilməsi ötən il də davam etdirilmişdir. Belə ki, kənd təsərrüfatının müxtəlif sahələri üçün bəhs olunan ildə bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkar­lara 56 milyon manatdan artıq həcmdə kreditlər verilmişdir.

 Muxtar MƏMMƏDOV

2012-ci ildə Sədərək kənd sakinlərinə əkin işləri aparmaq üçün 381 min 500 manat kredit verilib.
Bu barədə məlumat qəzetimizə Sədərək Rayon İcra Hakimiyyətindən daxil olub. Məlumatda o da bildirilib ki, kənd adamlarının ixtiyarında 2721 hektar torpaq sahəsi var. Bunun 1116 hektarı pay, 458 hektarı xüsusi mülkiyyətdə, 456 hektarı bələdiyyə mülkiyyətində, 691 hektarı perspektiv inkişaf fondunda olan torpaq sahələridir.
Xatırladaq ki, təkcə 2012-ci ilin yanvar-oktyabr aylarında Sədərək rayonunda 10 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyir. Rayonun münbit torpaqları və əlverişli iqlim şəraiti burada ildə 2 dəfə məhsul götürməyə imkan verir. Sakinlər yaradılan şəraitdən istifadə edərək məhsuldarlığı ilbəil artırırlar.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR