18 Sentyabr 2019, Çərşənbə

Çalxanqala. Kəngərli rayonunun dağətəyi zonada yerləşən qədim yaşayış məntəqəsi, ulu tarixin izlərini bu gün də yaşadan yurd yeri. Kəndin yaxınlığındakı dördkünc formada olan abidə-qala Çalxan dağının üzərində hündür bir ərazidə yerləşir. 1969-cu ildən burada tədqiqatlar aparılmasına başlanılıb. Müəyyən edilib ki, qalanın tarixi eramızdan əvvəl ikinci min­illiyə aiddir. 0,7 hektar sahəni əhatə edən qalanın divarları iri daşlardan hörülüb. Divarların üst tərəfinin inşasında çiy kərpicdən istifadə edilib. Qalanın əsas giriş yolu cənub tərəfdəndir. Daha doğrusu, Cəhriçayın sağ sahilindən başlayır. Bu yolla qalaya qalxmaq mümkündür. Yol boyu qayaaltı sığınacaqlar var. Tədqiqatçıların fikrincə, bu sığınacaqlardan yaşayış yeri kimi istifadə edilib. Cəhriçay vadisində məskunlaşmış əhalinin müdafiəsi məqsədi ilə inşa edilmiş qalanın içərisində düzbucaqlı planda tikilmiş yaşayış binalarının qalıqlarına rast gəlinib. Burada təbii qayaların üzərində qazılmış daş hovuzlardan əhalinin su təminatında istifadə olunub.
    Kəndin tarixi ilə bağlı daha bir mühüm fakt Çalxanqala kurqanlarıdır. Kənd yaxınlığında, Naxçıvan şəhərindən 40 kilometr şimal-qərbdə Orta Tunc dövrünə aid edilən bu arxeoloji abidələrin diametri 8-10, hündürlüyü 1,2 metrdir. Kurqanlardan boyalı qablar, tuncdan düzəldilmiş xəncər, sancaq, muncuq tapılıb. Buradan tapılan romb formalı yastı nizə ucu Qobustan kurqanından tapılmış eyniadlı silahın oxşarıdır və bu, Kür-Araz mədəniyyəti üçün xarakterikdir. Çalxanqala kurqanları Naxçıvan ərazisində tədqiq edilmiş ilk kurqandır və tapıntılar bu qədim diyarın Tunc dövrünü, həmçinin Yaxın Şərq ölkələri ilə o dövrün iqtisadi və mədəni əlaqələrini öyrənmək üçün mənbədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində muxtar respublikada meliorasiya təsərrüfatı təşkilatının yaradılmasının 80 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl komitənin və onun tabeliyində olan strukturların əməkdaşları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Muzeyinə baxmışlar.

            Komitədə davam etdirilən tədbiri komitənin sədri Əsgər Əsgərov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda 1932-ci ildə Su Təsərrüfatı İdarəsi yaradılmış, bu təşkilat regionda əkinçiliyin inkişafına köməyini əsirgəməmişdir. Lakin kontinental iqlimə malik olan muxtar respublikada o zaman meliorasiya və irriqasiya işləri tələb olunan səviyyədə deyildi. Ötən əsrin 70-80-ci illərində muxtar respublikada meliorasiya və irriqasiya işlərinə diqqət artırılmış, Araz çayı üzərində nasos stansiyalarının tikintisinə başlanılmış, 15 kilometr magistral kanal inşa edilmişdir. Kanal üzərində Tumbul, Böyükdüz, Xok, Əliabad nasos stansiyaları tikilmişdir ki, bu kanal və nasoslarla 10 min hektarlarla torpaq sahələrinə suvarma suyu verilməsinə başlanılmışdır. Sonrakı illərdə bu quruculuq tədbirləri davam etdirilmiş, tutumu 12,7 milyon kubmetr olan Sirab və tutumu 17,4 milyon kubmetr olan Bənəniyar Su anbarları tikilmişdir. Sirab Su Anbarının tikilməsi hesabına Babək rayonunda 2800 hektar, Bənəniyar Su Anbarının hesabına Culfa rayonunda 4200, Babək rayonunda isə 600 hektar torpaq sahəsinin suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılmışdır.

Ardını oxu...

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə Bakı şəhərində keçirilən “Ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə peşə yarışının həll­edici mərhələsi Naxçıvan rabitəçiləri üçün uğurla başa çatıb.
Məlumat üçün bildirək ki, müsabiqəyə noyabr ayının 15-də Bakı Şəhər Abşeron Telekommunikasiya Qovşağı ərazisində start verilib. Müsabiqə 6 peşə sahəsi üzrə ən iri müəssisələr arasında keçirilib.
Yarış iştirakçıları verilən yarım saat vaxt ərzində 30 nəzəri sualı yazılı cavablandırmalı, bundan sonra praktik işi normativə uyğun icra etməli idilər.
Üç gün davam etmiş müsabiqədə naxçıvanlı rabitəçilərdən ikisi birinci, üçü ikinci və biri üçüncü yerlərə layiq görülüblər.
“Optik kabel calayıcısı” və “Poçtalyon” nominasiyaları üzrə birinci yerlərə Naxçıvan Şəhər Rabitə İdarəsinin işçiləri İlkin Aslanov və Elşən Əsgərov layiq görülüblər.
“Kross işçisi”, “Montyor” və “Kabel lehimləyicisi” nominasiyaları üzrə ikinci yerlərə Babək Rayon Rabitə İdarəsinin işçisi Cəmil Abbasov, Kəngərli Rayon Rabitə İdarəsinin montyoru Vüsal Məmmədov və Şərur Rayon Rabitə İdarəsinin kabelçisi Rizvan Bayraməliyev sahib olublar.
“Poçt əməliyyatçısı” nominasiyası üzrə üçüncü yerə isə Şahbuz Rayon Rabitə İdarəsinin əməliyyatçısı Türkan Əliyeva çıxıb.



Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR