26 Oktyabr 2021, Çərşənbə axşamı

Son illər Ordubad rayonunda həyata keçirilən tikinti-quruculuq tədbirləri bu qədim yurd yerinə müasirlik bəxş edib. Hər il bölgənin müxtəlif ünvanlarında reallaşan belə tədbirləri rayon sakinləri onlara göstərilən qayğı kimi dəyərləndirirlər.

Məlumat üçün bildirək ki, cari ildə rayonda infrastruktur quruculuğu tədbirləri çərçivəsində ilin ilk altı ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 30 milyon 880 min 100 manat dəyərində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri 30 milyon 83 min 500 manat olmaqla, əsas kapitala yönəldilmiş investisiyanın 97,4 faizini təşkil edib. Bəhs olunan dövrdə tikinti-quruculuq işlərinin həcmi ilə yanaşı, coğrafiyası da genişləndirilib, müxtəlif ünvanlarda kənd və xidmət mərkəzləri, məktəb binaları, həkim ambulatoriyaları istifadəyə verilib, bəzilərində quruculuq tədbirləri davam etdirilməkdədir.

Yaxın günlərdə rayonun Aşağı Əndəmic kəndi də müasirliyə qovuşmuş yaşayış məntəqələri sırasına qoşulacaq. Rayon mərkəzinə çox yaxın, cəmi 5 kilometr məsafədə yerləşən Aşağı Əndəmicdə 252 şagird yerlik məktəb binası əsaslı surətdə yenidən qurulur, kənd və xidmət mərkəzləri inşa olunur, Ordubad-Aşağı Əndəmic avtomobil yolu yenidən qurularaq asfaltlaşdırılır, kənddaxili yollar təmir edilir. Bundan başqa, yaşayış məntəqəsinin içməli su xətləri də yenilənir, rabitə, elektrik və qaz xətlərində əsaslı təmir işləri həyata keçirilir.
Yeni məktəb istifadəyə verildikdən sonra işıqlı sinif otaqları, fizika, kimya, biologiya kabinələri, internetə qoşulacaq kompüter və elektron lövhəli otaqlar, hərbi kabinə müasir avadanlıqlarla təmin ediləcək. Məktəb müasir istilik sistemi ilə qızdırılacaq, bədən tərbiyəsi və idman dərslərinin keçirilməsi üçün idman zalı hər cür qurğularla təchiz ediləcək.
Kənd mərkəzində fəaliyyət göstərəcək inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyənin, rabitə və poçt xidmətinin müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi üçün şərait yaradılacaq.

Abbas SEYİD

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR