26 Oktyabr 2021, Çərşənbə axşamı

Müasirləşən qədim yurd yerlərimiz


Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək, həm də “Qeyrət qalası” adlanır. Bu bölgəmiz ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərin əvvəllərində mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı. Qala qapısı rolunu oynayaraq Naxçıvanın erməni işğalından müdafiə olunmasına öz töhfəsini verən Sədərək bu gün etibarlı şəkildə qorunur. Saraclı dağı, Vəlidağ, Əjdəkan, Ucubiz, Tejgar və Qırmızılar dağ silsilələri ilə əhatələnən rayon ərazisi üç ölkə ilə – Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 23 fevral tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verildikdən sonra rayon bir qəsəbə və dörd kəndi əhatə edir. 

Tarixin saxlanc yeri

“Naxçıvan Ensiklopediyası”nda qeyd olunur ki, Sədərək Naxçıvan ərazisində Eneolit dövrünə aid yaşayış məskənlərindən biridir. 1958, 1978, 1983 və 2000-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı burada Eneolit və İlk Tunc dövrlərinə aid yaşayış yeri aşkar edilib. Əldə olunan maddi mədəniyyət nümunələri hazırda Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. Rayon ərazisində bu günə qədər Əjdəkan, Cin təndiri, Cəhənnəm dərə, Şir arxı, Dəhnə, Qaraburun, Qırmızılar, Karvansaray kimi qədim yer adlarının olması da bu yurd yerinin tarixi keçmişindən soraq verir. Əjdəkan dağının ətəyində yerləşən Əjdəkan mağarası, bir qədər aşağıda – 7 ildən bir qaynayıb çıxan Cincili bulaq, insanların tez-tez ziyarət etdikləri Ağoğlan türbəsi, Sədərək qalası, “Div hörən” deyilən siklop tikili qalıqları haqqında dolaşan əfsanə və rəvayətlər bu gün də elin yaddaşındadır. Həmçinin Sədərək qəbiristanlığında XVIII-XIX əsrlərə dair məzar kitabələri mövcuddur ki, bu da ta keçmiş zamanlardan türklərin həmin ərazidə məskunlaşdığını göstərir. Ümumilikdə, Sədərək bölgəsində 3 dünya, 14 ölkə, 14 yerli əhəmiyyətli tarixi abidə mövcuddur. Ərazidə XX əsrin əvvəllərinə aid edilən hamam, 2 tarixi məscid binası burada həm də memarlığın tarixi inkişafından xəbər verir. Tarixi qaynaqlarda sədərəkli memar Məhəmmədin, Təqi oğlu Məşədi Əhmədin adları keçir.

2010-cu ildən arxeoloji tədqiqatlara cəlb edilən Sədərək yaşayış yeri Eneolitdən Son Dəmir dövrünə və orta əsrlərədək böyük bir dövrü əhatə edir. Abidə xalq arasında “Kültəpə”, “şəhər yeri” adları ilə də tanınır.
Səfəvilər dövründə Sədərək Naxçıvanın digər bölgələri ilə birlikdə Çuxursəd bəylərbəyliyinin tərkibində olub, orta əsrlərdə şəhər səviyyəsinə yüksəlib. Fransız səyyahı Jan Şarden, türk səyyahı Övliya Çələbi və digərləri öz qeydlərində Sədərəkdən də bəhs ediblər. “İrəvan əyalətinin icmal dəftəri”ndə Sədərək nahiyəsinin 24 kənddən ibarət olduğu bildirilib.
Bu torpağın tarixinin qədimliyini mərhum şairimiz Vaqif Məmmədov belə poetikləşdirib:

Tarix hopub bu yerdə hər kəlməyə,
Qarışında neçə nağıl, söz olar.
Sədərəyin tarixini bilməyə
İnsan üçün bir ömür də az olar.

Üzümçülüyün məskəni

Sədərəklilərin əsas məşğuliyyətini tarixən əkinçilik təşkil etsə də, sonralar təsərrüfatlarında üzümçülük də yer alıb. Bu barədə faktları Övliya Çələbinin “Səyahətnamə”sindən oxuyuruq: “Biz Sədərək kəndinə çatdıq. Naxçıvan torpağında yerləşən kənd gözəl və abaddır, min gözəl evi, saysız-hesabsız bağ və üzümlükləri, xoş iqlimi var”.
Hələ 1974-cü ildə Naxçıvan MSSR-in yaradılmasının 50 illiyi tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn ümummilli lider Heydər Əliyev Sədərəkdə olmuş, yeni salınmış üzüm bağlarında kənd əməkçiləri ilə görüşmüşdür. Ulu öndər Sədərək ərazisindən səmərəli istifadə olunması, üzümçülük təsərrüfatının genişləndirilməsi barədə tapşırıqlarını vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev 1977-ci ildə Bakıda kənd əməkçilərinin respublika müşavirəsindəki nitqində Azərbaycan üzrə ən yüksək göstəricilərə nail olan 10-12 təsərrüfatın sırasında Sədərəkdəki üzümçülük sovxozunun da adını çəkir, Süleyman Nəsirovun sovxozdakı briqadasını Azərbaycanda üzümçülüyün mayaklarından biri kimi qiymətləndirir.
1978-ci il oktyabrın 15-də respublika rəhbəri kimi 2-ci dəfə Naxçıvana gələn ulu öndər Sədərəkdə əhali ilə görüşür, kənd ağsaqqallarına, ziyalılara Sədərək üçün gələcəkdə görüləcək işlər barədə, xüsusilə burada salınacaq nümunəvi qəsəbədən bəhs edir.

1980-ci il may ayının 19-da yenə Naxçıvana gələn ümummilli lider Sədərəyin bir çox əkin sahələrində olmuş, əməkçilərlə və ağsaqqallarla görüşüb, kəndin problemləri ilə bağlı söhbətlər aparmışdı. Dahi rəhbərin Naxçıvana və Sədərəyə hər gəlişi, bu qəsəbənin inkişafına stimul vermişdir.
Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sərhəddə inşa edilən və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutan şərab emalı zavodu fəaliyyətini ermənilər bu zavodu dağıdana qədər davam etdirmişdir.

...1990-cı il Sədərək hadisələri nəinki bu bölgənin, ümumilikdə, Azərbaycanın tarixində mühüm bir səhifəni təşkil edir. Məlumdur ki, ermənilərin Sədərəyə, ümumən, Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdən başlamayıb. Bunun tarixi kökləri keçmişə dayanır. 1905-1907, 1918-1920-ci illərin o ağır, qanlı-qadalı günləri Sədərəkdən də yan keçməyib.
1918-1920-ci illərdə Sədərək əhalisinin erməni daşnaklarına qarşı apardığı mübarizədə Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə təşkil edilmiş “Qırmızı Tabor”un böyük xidmətləri olub. Onun əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Taborun üzvlərindən 40 nəfəri sədərəkli idi. Onlardan Həsən Şahverdiyev, Heydər Heydərov, Müseyib Tarverdiyev, Ələkbər Sadiqov, Nəcəf Əliyev, Qafar Əliyev, Qasım Hüseynov, Allahverdi Cəfərov, Zeynalabdin Həsənov, Yusif Əliyev, Məhəmməd Əkbərov, Həbib Bağırovun adlarını çəkmək olar. Bu igidlərlə yanaşı, Zəhra Dünyamalıyeva adlı qadın da döyüşlərdə qəhrəmanlıq göstərib.
Həmin dövrlərdə Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmırdı. “Qırmızı Tabor”un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində düşməni geri oturtmuş və yurdu qorumuşlar. 1921-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur, Şərur və digər yerlərin erməni daşnaklarından təmizlənməsində fərqləndiklərinə görə “Qırmızı Tabor”un “Qırmızı Bayraq” ordeni ilə təltif edilmiş 19 döyüşçüsünün 4 nəfəri sədərəkli olub: Qasım Hüseynov, Nəcəf Əliyev, Qafar Əliyev, Ələkbər Sadiqov.
“Qırmızı Tabor”un fəal üzvlərindən olan Sədərək taborunun komandanı Həsən Şahverdiyev 17 nəfərlə kəndi qoruyub. Həsən həmkəndlilərinin yaddaşında, həm də xeyirxah əməlləri ilə də qalıb. Belə ki, 1929-cu ildə onun təşəbbüsü ilə dağlardan daş daşınaraq çətinliklə də olsa, 4 sinifli məktəb tikilib.

Sədərək necə qorundu

Sədərək 1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb, buraya 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Düşmənin məkrli planı, güclü texnika ilə qəfil hücumları və buna hazırlıqlı olmayan sədərəklilər... Hələ 1988-ci ildən başlayan hadisələr, silahlı hücumlar 1990-cı ildə kulminasiya nöqtəsinə çatdı. Beləcə, Sədərək ağır sınaqla üz-üzə qaldı.
1990-cı il iyul ayının 22 -də Naxçıvana gələn ulu öndər Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə gedir. Əhalini daha dözümlü və əzmkar olmağa, düşmən qarşısında daha mətanətlə dayanmağa səsləyir.
18 may 1992-ci il... Strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Ermənilərin digər planı ilə həmin gün Sədərək səddi də yarılmalı idi. Erməni təcavüzkarları bütün qüvvələrini cəmləşdirib üç istiqamətdən – Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçərək nəyin bahasına olursa-olsun, rayonu işğal etmək qərarına gəlmişdilər. Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 38 şəhid verir. Yaralıların sayı isə bundan da çox idi. Mildə şəhid olanlardan 17 nəfərin nəşini götürmək mümkün olmur. Onların meyitləri ulu öndər Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır. Görkəmli dövlət xadimi Heydər Əliyev həmin ağır günlərdə Sədərəyin müdafiəsində yaralananların da taleyinə bir an belə biganə qalmır, onların müalicəsi ilə maraqlanır, ağır yaralıların qardaş Türkiyənin müxtəlif şəhər xəstəxanalarına göndərilməsi üçün ciddi tapşırıqlar verir.

1993-cü ilə qədər davam edən müharibədə naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Sədərəyi mərdliklə qorumağa müvəffəq olurlar. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Bu müharibədə 109 nəfər şəhidlik zirvəsinə yüksəlir.
Ümummilli lider 2002-ci ilin avqust ayında muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayon zəhmətkeşləri ilə görüşündə əvvəlki illəri belə xatırlayır: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm”.

II Qarabağ müharibəsi

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əks-hücum əmri ilə tarixə II Qarabağ müharibəsi adı altında düşmüş əzəli ata-baba torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlanıldı. Bu uğurlu əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımız rəşadətli ordumuzun şücaəti və şəhidlərimizin qanı bahasına azad edildi. Bu müharibədə Sədərəyin 44 igid oğlu müharibədə iştirak etdi, onlardan 4-ü şəhidlik zirvəsinə yüksəldi. 17 igidimiz müxtəlif dərəcəli bədən xəsarəti aldı, Ali Baş Komandanın müvafiq sərəncamı ilə 24 döyüşçü orden və medallarla təltif olundu.
Atalarının və babalarının Vətən torpağı üçün etdiklərini bu dəfə onların ardıcılları etdilər. Bu müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. Xalq olaraq qürurumuzu, vüqarımızı, inamımızı özümüzə qaytardı. İgid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Biz – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik.

Sədərəyin inkişafı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı ilə həyata keçirilən məqsədyönlü tədbirlər sərhəd bölgəsinin inkişafına təkan verib.
Mərkəzi Heydərabad qəsəbəsi olmaqla, abadlaşan, gözəlləşən Sədərək bu gün inkişafının ən yüksək dövrünü yaşayır. Sədərəklilər üçün 90-cı illərin o dəhşətli, əzab dolu günləri artıq geridə qalıb. Onlar Naxçıvanın qeyrət qalası Sədərəyin inkişafına öz töhfəsini verməyə çalışır, qurur, yaradır, şən, firavan günlərini yaşayırlar. Çünki arxayındırlar. Nə 1918-ci ilin, nə 1948-1953-cü illərin, nə də 90-cı illərin rüzgarı artıq bu torpağın üstündən əsə bilməz. Sədərəyi dövrələyən o məğrur dağların başında müzəffər ordumuzun məğrur əsgərləri keşik çəkir.
Bəli, bugünkü Sədərək düşmənə gözdağıdırsa, dağlarda məskən salan igidlərimiz yarılmaz səddir.

Gülnarə HÜSEYNOVA
“Oğuz yurdu” qəzetinin redaktoru

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR