26 Oktyabr 2021, Çərşənbə axşamı

İnkişaf edən bölgələrimiz


Qədim Oğuz elində bir yurd var – qeyrətin, igidliyin dastanının yazıldığı bir yurd. Həmin yurd ki adının sahibinin şəninə layiq inkişaf edir, gözəlləşir. Oranın sakinləri düşmənin beşaddımlığında olsa da, bir an belə, qorxu hissi keçirmir. Çünki bilirlər ki, hər bir güllənin cavabı artıqlaması ilə veriləcək. Sədərəyi dövrəyə alan dağlar onların zirvələrində dayanan oğulların sayəsində yarılmaz bir səddir.

 

Sədərək rayonunun mərkəzi olan Heydərabad qəsəbəsində illər əvvəl, hələ sovetlər dönəmində dahi rəhbərin istəyi ilə mənzillər inşa edilmiş və sakinlərin burada məskunlaşmasına şərait yaradılmışdır. Uzaqgörən rəhbərin adını daşıyan qəsəbə 90-cı illərin əvvəllərində mənfur düşmənin hücumları zamanı tamamilə dağılmış, amma insanlar öz mətanətini qorumuş və düşmənin hücumlarının qarşısı alınmışdır. Həmin günlərdə insanların bir çoxunun evinə mərmilər düşüb əzizlərini qanına qəltan etsə də, səngərdə döyüşənlərin cəsarətini qıra bilmədi. Həmin günlər ölkəmizin hər kəndindən, şəhərindən oğullar axışdı Sədərəyə, bu torpağı müdafiə etdilər, can qurban verdilər Vətən dediyimiz bir ovuc torpağa. Kimi canından, kimisi sağlamlığından keçdi, amma bir ovuc torpaqdan keçmədik. “Vətəndən pay olmaz”, – dedik. Dahi rəhbərin qayıdışı insanlara güc verdi. Ulu öndər Heydər Əliyevin onu canı qədər sevən, ona özü kimi inanan insanların qarşısında: “Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq olacağam. Azərbaycan dövlətinin müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır”, – deməsi onlarda qələbə, inam əzmini gücləndirdi. Sədərək döyüşlərində bütün Naxçıvan diyarının qeyrətli, igid oğulları mərdliklə vuruşurdular və qalib gəldilər. Dahi rəhbərin gəlişi səngərdəki əsgərə də, evindən didərgin düşən Sədərək camaatına da güc və ümid verirdi. Onun Sədərəkdə döyüş mövqelərindəki oğullarla və “Dəhnə” adlandırılan ərazidə çadırlarda yaşayan sakinlərlə görüşü hələ də yaddaşlardadır, indi də qürurla xatırlanır.

İndi həmin günlərdən bir qərinəyə yaxın vaxt ötür. Bu gün müasir görünüşü ilə düşmənə gözdağı olan Heydərabadda olan hər bir insan həmin çətin vaxtları düşündükcə qürur hissi keçirir. Ötən illər ərzində rayon mərkəzi Heydərabad qəsəbəsində yeni binalar tikilib, abad küçələr salınıb, yaşıllıq zolaqları yaradılıb. İndi qəsəbəyə xüsusi gözəllik və yaraşıq verən həmin obyektləri saymaqla qurtarmaq olmaz: Heydər Parkı, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi, qəsəbə tam orta məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının inzibati binası, rayon Məhkəməsi, Prokurorluq, Polis Şöbəsi üçün inzibati binalar və sair... Genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri bu gün də eyni sürət və keyfiyyətlə davam etdirilməkdədir. Ötən il Heydərabad qəsəbəsində inşa olunan yeni yaşayış binası Ermənistanla sərhəddən cəmi bir kilometr məsafədə yerləşir. Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil sədərəklilərin istifadəsinə verilib. Bayraq Meydanının, Teleötürücünün istifadəyə verilməsi, yeni su-kanalizasiya sisteminin çəkilişi də dövlət qayğısının daha bir nümunəsidir. Qəsəbədaxili bütün yollara asfalt döşənib, işıqlandırma sistemi quraşdırılıb. Səliqə-sahman və sakitlik isə buranın daimi həyat tərzinə çevrilib. Bütün mənzillərin pəncərəsindən düşmən postlarının göründüyü bu qəsəbədə həyat normal tərzdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il oktyabrın 5-də muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsinə gəlib, burada istifadəyə verilən yeni obyektlərin açılış mərasimində iştirak edib. Ölkə başçısı qəsəbə sakinləri qarşısında çıxış edərək deyib: “Sizi qəsəbənin açılışı münasibətilə təbrik edirəm. Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir. Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır. Siz düşmənlə üz-üzəsiniz, sərhəddəsiniz və vaxtilə buralar dağıdılmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı siyasəti bu bölgələri də əhatə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti və qətiyyəti, müdrikliyi nəticəsində Naxçıvan özünü qoruya bilmişdir... Əgər o vaxt Heydər Əliyev Naxçıvana gəlməsəydi və burada bütün işləri lazımi səviyyədə görməsəydi, Naxçıvanın aqibəti çox acınacaqlı ola bilərdi. Biz qədim torpağımızı itirə bilərdik”.

Yaxın günlərdə qəsəbə sakinləri ilə həmsöhbət olduq: Yadulla Ələkbərov Sədərək döyüşlərinin iştirakçısı, şahididir. O deyir: – Qanlı döyüşlərdə kənd düşmənin ağır silahlardan atdığı mərmilərlə xarabaya dönmüşdü. Sakinlər həm azğınlaşmış düşmənlə, həm aclıqla, həm də soyuq, şaxtalı qışla mübarizə aparsa da, sınmadı, əyilmədi. Çətin idi, amma mübarizədən dönmürdük. Bir posta elə olurdu ki, onlarla igid can atırdı. Sədərək döyüşlərində göstərilən qəhrəmanlıq haqqında nə qədər danışsam, azdır. Bircə onu bilirəm ki, bizim üçün Vətəndən, torpaqdan əziz heç nə yox idi, indi də elədir. Döyüşə gedən oğullar öz ailələrini belə, kənddən çıxarmır, “biz döyüşüb, sizi qoruyacağıq”,– deyirdilər. Analarımız, qadınlarımız evlərdə qalıb bizə – səngərə isti çörək, yemək bişirib göndərirdilər. Həmin il qış da, sanki öz “cəsarətini” göstərirdi. Elə soyuq, şaxtalı havalarda isti geyim, yanacaq olmadan döyüşür, düşmənə layiqli cavab verirdik.
Yadulla Ələkbərov onu da deyir ki, Sədərək döyüşlərində bacısının həyat yoldaşını və əmisi nəvələri – kiçikyaşlı Elvini və Maliki itiriblər. Bütün bunlar onların döyüş əzmini itirməyib, şəhidlərimizin olması onların qisas hissini daha da alovlandırıb. Bu xalq, bu millət heç bir zaman düşmənə baş əyməyib, əyməyəcək də. Babalarımızdan bizə yadigar qalan və oğullarımıza ərməğan etdiyimiz hünər və cəsarəti onlar da Vətən müharibəsində dünyaya nümayiş etdirdilər. 30 ildir, düşmən caynağında qalan torpaqlarımızı düşməndən azad etdilər. Vətən müharibəsinə qardaşım və əmimoğlu birlikdə yollanmışdı. Əmimoğlu Niyaməddin Ələkbərov şəhidlik zirvəsinə yüksəldi, qardaşım Oktay Ələkbərov Şuşaya kimi döyüş yolu keçdi, qalib ordunun qalib əsgəri kimi bu gün xidmətini Şuşada davam etdirir. Bu gün dahi rəhbərin adını daşıyan bu qəsəbədə 90-cı illərdə yaşamağa ev qalmamışdı. Evlər düşmənin ağır silahlardan atdığı mərmilərlə, tamamilə dağılmışdı. Dövlətimizin qayğısı ilə həmin xarabaya dönmüş evlərin yerində yeni evlər inşa olundu, sahiblərinə verildi. Bu gün hər bir sakin öz evində çırağını yandırır, əkir-biçir, rahat yaşayır. Baxmayaraq ki, düşmən beş-on metrliyimizdədir, bir an belə, qorxu hissi keçirmirik. Bilirik ki, atılan hər bir güllənin qarşılığı veriləcək.
Qəsəbədə olarkən düşmən postlarının yaxınlığında yerləşən əkin sahələrində torpağı becərən, həyətyanı sahələrində yetişmiş meyvələri toplayan insanlarla da rastlaşır, qəsəbədə həyatın öz axarı ilə davam etdiyini görür, buranın səmimi, qoçaq, cəsur qadınları ilə də həmsöhbət oluruq. 1990-cı ilin çətin günlərini yaşamış Səkinə Vəliyeva:
– Həmin ilin soyuq, şaxtalı qış günlərində mənfur ermənilər Sədərəyə hücum etdilər. Topun, tüfəngin səsindən qulaq tutulurdu. Biz o vaxt balalarımızı səngərdə tək qoymadıq, çünki bilirdik ki, səngərdə döyüşən əsgər arxasında xalqın dayandığını bilib daha böyük bir hünərlə duracaq düşmənin qarşısında. Bu gün onların – əsgərlərimizin sayəsində evlərimizdə rahat yatırıq. Hər cür şəraitimiz var. Bütün bunlar üçün dövlət başçımıza, muxtar respublika rəhbərinə borcluyuq. Allah bayrağımızı həmişə yüksəklərdə dalğalandırsın. Xalqının, elinin qədrini bilənlərin də ömrü su kimi uzun olsun.

Bu gün rayon mərkəzi Heydərabad qəsəbəsi özünəməxsus gözəlliyi ilə düşmənə gözdağı, bizə isə qürur yaşadır. O, adına layiq məğrurluqla dayanıb düşmənin qarşısında. Heydərabadda yaşayan hər kəs, sanki səngərdə bir əsgər kimi həyat sürür. Bəli, onların hər biri əsgərdir səngərdə – öz evində Vətəni qoruyan müsəlləh əsgər. Neçə ki belə ürəyi dağlardan da böyük insanlarımız var, bu Vətən daim yaşayacaq, qürur yerimizə çevrilən yurd yerlərimizin gələcəyi daha da firavan və işıqlı olacaq.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR