30 Noyabr 2021, Çərşənbə axşamı

Hər bir dövlətin qarşısında duran əsas məsələlərdən biri əhalisini etibarlı şəkildə ərzaq məhsulları ilə təmin etməkdir. Ərzaq təhlükəsizliyi dedikdə bütün insanların aktiv və sağlam həyat tərzi yaşamaq üçün keyfiyyətli qida məhsullarına olan tələbatının fasiləsiz ödənilməsini təmin edən tədbirlər kompleksi nəzərdə tutulur. Ərzaq çatışmazlığı çox ciddi problemdir. Azərbaycan Respublikası 2000-ci ilin iyun ayında BMT-nin Beynəlxalq Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) ərzaq təhlükəsizliyi proqramına qoşulub, bunun ardınca 2 mart 2001-ci il tarixdə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkənin etibarlı şəkildə ərzaqla təmin olunma məsələsinin təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də vacibliyini nəzərə alaraq özünün inkişaf strategiyasının başlıca elementi hesab edirdi.

Ulu öndərin bu strategiyası ­hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, məqsədyönlü tədbirlər həyata keçirilir. İcrası uğurla başa çatmış “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da bunun ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifələr sırasındadır. Ona görə də bu istiqamətdə görülən işlərin həcmi getdikcə artır, coğrafiyası genişlənir.
26 may 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: yerli istehsal və uğurlu nəticələr” mövzusunda keçirilən konfransda da əsas məqsəd əhalinin etibarlı şəkildə ərzaqla təmin edilməsi üçün düzgün siyasətin aparılması və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün qarşıya qoyulan tədbirlər kompleksini reallaşdırmaqdan ibarət olub.
Bu istiqamətdə həyata keçirilən tədbirlər artıq davamlı xarakter alması ilə diqqəti cəlb edir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının mövcud potensialı və daxili resursları blokadanın və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, iqtisadiyyatın genişləndirilməsini və ixracın şaxələndirilməsini artırmaqdadır. Xüsusilə də yerli ərzaq məhsullarının istehsalına diyarımızda ciddi diqqət yetirilir və bu, xarici ticarət əlaqələrinin coğrafiyasının genişlənməsinə öz töhfəsini verir.

Dünya təcrübəsində ixracyönümlü məhsulların təşviqi yollarından biri beynəlxalq sərgilərin keçirilməsidir. Ötən il ərzində “Made in Azerbaijan” vahid stendi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, “Prod Expo-2020” və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil olunan “Gulfood-2019” beynəlxalq qida sərgisində muxtar respublikadan “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal edilən 133 çeşiddə məhsullar nümayiş edilib. Bu sərgidə Naxçıvan mənşəli məhsul və xidmətləri xarici bazarlarda təşviq edən sahibkarlıq subyektləri təmsil olunub.
Ötən dövr ərzində yerli istehsal və emal müəssisələri tərəfindən istehsal edilmiş məhsullar ABŞ, Belarus, Latviya, Litva, Liviya, Belçika, BƏƏ, Oman, Rusiya, Tacikistan, Çin, Gürcüstan, İran, İraq, Türkiyə, Türkmənistan, Ukrayna və Yəmən olmaqla həmin dövlətlərə sənaye məhsulları ilə yanaşı, mineral sular, meyvə-tərəvəz və sair məhsullar da ixrac edilib.
Muxtar respublika əhalisini keyfiyyətli qida məhsulları ilə təmin etmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmiş İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya istifadəyə verilib. İxrac əməliyyatları üçün tələb olunan sertifikatlar da laboratoriyadan alınır. Bu sertifikatlar ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına imkan verir.
Əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına ödənilməsi cari ildə də diqqət mərkəzində saxlanılıb. Bunun ifadəsidir ki, diyarımızda 2021-ci ilin yanvar-avqust aylarında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çoxdur. Bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 4 min 66 manata çatıb.
2021-ci ilin yanvar-avqust aylarında 338 milyon 53 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 15333 ton, süd istehsalı 70239 ton olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı isə 1,7 faiz artıb.
Məlumdur ki, taxılçılıq insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Qeyd edilməlidir ki, bu sahədə hər il inkişaf edir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən ilin payızında və cari ilin yazında muxtar respublikada 32721 hektar sahədə taxıl əkilmişdi. Mövsüm boyu əkin sahələrinə göstərilən aqrotexniki qulluq öz bəhrələrini verib. Əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri, torpaq mülkiyyətçiləri, mexanizatorlar arasında aparılan maarifləndirici tədbirlər yeni nəticəyə nail olunmasında başlıca rol oynayıb. Belə ki, sahələrdən hektarın orta məhsuldarlığı 31,6 sentner təşkil etməklə 103372 ton yüksəkkeyfiyyətli taxıl götürülüb.
Görülən işlər sırasında yaradılmış taxıl anbarlarını da qeyd etmək lazımdır.”Naxçıvan Taxıl Məhsulları Sənaye Kompleksi” MMC-nin nəzdində fəaliyyət göstərən 2009-cu ildə tutumu 27 min tonadək uzunmüddətli və tutumu 20 min olan qısamüddətli olan taxıl anbarlarının istifadəyə verilməsi istehsalçıların məhsulunun tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında toxumçuluq xüsusi yer tutur. Muxtar respublikda ötən dövr ərzində “Bərəkət Toxumçuluq” MMC-nin yenidən qurulması da bu məqsədə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının icrası uğurla həyata keçirildiyindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənir və tələbatdan artıq istehsal olunan məhsulların ixracına geniş imkanlar yaranır.
Torpaq sahələrinin əkin normalarına uyğun suvarma suyu ilə təmin edilməsi üçün irriqasiya və meliorasiya sistemləri daim yeniləşdirilir. 2005-ci ildə istifadəyə verilən və tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarının, yeni su artezian quyularının vurulması, kəhrizlərin təmiri əkinçilikdə bol məhsul istehsalına töhfəsini verib. Bu tədbirlərin də həcmi getdikcə artır. Muxtar respublikanın bir sıra bölgələrində qapalı suvarma şəbəkələrinin qurulması bu sahəyə davamlı qayğının ifadəsidir.
Kənd təsərrüfatında məhsul istehsalının və məhsuldarlığının artırılmasına təsir edən amillərdən biri də sahələrin mineral gübrələrlə təchiz edilməsidir. Bu xətlə məhsul istehsalçılarına 70 faiz güzəştli şərtlərlə 9 min 192 ton mineral gübrə verilib, 2021-ci il üçün 7 min ton karbamid gübrəsi alınıb.
Aqrar sahibkarlığın inkişafında soyuducu anbarların və istixana komplekslərinin yaradılması prosesi bazar tələbinin ilin istənilən vaxtında yerli məhsullarla ödənilməsinə imkan verir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin diqqətdə saxlanılmasının nəticəsidir ki, soyuducu anbarların sayı artır, istixana komplekslərinin sahəsi genişləndirilir.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni emal və istehsal sahələrinin, ailə təsərrüfatlarının yaradılması nəticəsində bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bunun 127 növü ərzaq məhsullarıdır. Hazırda 108 ərzaq məhsuluna olan tələbat yerli imkanlar hesabına ödənilir.
Göründüyü kimi, əhalinin ərzaq və qida təhlükəsizliyi insan sağlamlığında, nəslin yetişdirilməsində olduqca vacib əhəmiyyət kəsb edir. Ona görə də muxtar respublikanın aqrar siyasətində ərzaq və qida təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır, əhalinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi gündəlik tədbirlər sırasına daxil edilir.
Qədim diyarımızın bugünkü inkişafı onu deməyə əsas verir ki, qloballaşma meyarlarına və modernləşməyə əsaslanan məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatımız şaxələndirilir, bu isə, öz növbəsində, bütün sahələrdə dinamik artım əldə olunması üçün geniş imkanlar açaraq yeni uğurlara stimul olmaqdadır.

Əbülhüseyn ZAMANOV
Naxçıvan Dövlət Universitetinin əməkdaşı

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR