30 Noyabr 2021, Çərşənbə axşamı

Şərur rayonunun əlverişli təbii-coğrafi şəraiti, bərəkətli torpaqları təsərrüfatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə imkan verir. Bölgənin əməksevər, zəhmətkeş, torpağa bağlı insanları bu imkanlardan səmərəli istifadə edir, əkinçilik, meyvəçilik və digər sahələrlə məşğul olur, məhsul bolluğu yaradır, daxili bazara töhfələrini verirlər. Bununla həm də öz ailə büdcələrini artırırlar.

Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərurda da meyvəçiliyin inkişafı üçün münbit şərait var. Üstəgəl, icrası uğurla başa çatan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, həmin dövlət sənədinin ardınca imzalanmış müvafiq Dövlət proqramı bu sahələrdə yeni uğurlar qazanılmasını təmin edib.
Əvvəlki proqram kimi yeni Dövlət proqramı həm əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təsərrüfat adamlarının torpağa bağlılığının artırılması, yeni iş yerlərinin yaradılması, həm də əhalinin yerli məhsullarla təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bu gün, demək olar ki, rayonun bütün kənd yaşayış məntəqələrində bağçılıq, meyvəçilik inkişaf etdirilir. Daha dəqiq desək, iqtisadi cəhətdən yüksək səmərəliliyə malik olan bu sahələr Şərurun torpaq adamlarının iş yerinə çevrilib. Həmin yaşayış məntəqələrindən biri də Danyeri kəndidir. Danyerində daha çox alma becərilir. Burada yetişdirilən alma sortlarına həmişə yüksək qiymət verilib. Demək olar ki, hamının təsərrüfatında alma bağı var. Kənddə haraya baxsan, bardan başı yerə dəyən alma ağacları görünür.
Kənd sakini Ramiz Həsənov uzun illərdir, bağbanlıqla məşğuldur. Öyrənirik ki, o, bağlarda əkilən dağ almalarını müəyyən müddətdən sonra calaq vasitəsilə çoxaldır. Mirzəliməmməd, darabas, qızılı, alyanaq alma sortları bu yolla artırılan məhsuldar sortlardır.
Müsahibim bağa aqrotexniki qulluq barədə danışaraq bildirir ki, hər yaz fəslində ağacların dibini belləyib boşaldıram. Payız fəslində isə ağacların dibinə üzvi gübrə verir, həmçinin ağacların uzun budaqlarını doğrayıram. Bu il doğranan budaq gələn il daha çox bar verir. Onları müxtəlif vaxtlarda yığıram. Toplanan məhsullar zirzəmilərdə uzun müddət saxlanılır. Neçə vaxtdır ki, yığıma başlanılıb. Ötən il olduğu kimi, bu il də məhsulumuz boldur. Bazara çıxarmaqda da heç bir çətinliyimiz yoxdur. Bağımda həm şirin, həm də turş alma növləri var. Təsərrüfatda çalışan qadınlar almadan mürəbbə, cem, kompot hazırlamaqla bərabər, həm də onu qurudurlar.
Bağban onu da bildirir ki, almanı saplaqlı yığmaq lazımdır. Saplağı üstündə olan almanı uzun müddət saxlamaq mümkündür. Alma saxlanılan yer təmiz və sərin olmalıdır. Alma yeşiklərinin arasına dəfnə yarpağı qoyulur. Dəfnə yarpağı isə onu çürüməkdən qoruyur. Normal şəraitdə saxlanılan bu almalar öz formasını təzə yığılan vaxtdakı kimi saxlayır. Bu almalar bazarda ən yaxşı qiymətə satılır.
Almadan hazırlanan məhsullar da həmişə süfrəmizin bəzəyi olub. Onun turşusunu qoymaq isə xüsusi bacarıq tələb edir, – deyə söhbətimizə qoşulan Telli nənədən bu sirri öyrənirik: “Şıq-şıq” adlanan almadan gözəl turşu olur. Bunun üçün tam yetişmə­miş almalar seçilib yuyulur. Həmin almaların saplağının yarısını kəsir, bankaya doldururuq. İstəyə görə nanə, dəfnə yarpağı, döyülməmiş istiot da qoyuruq. Yığılandan sonra hər bankaya bir qaşıq yarı sirkə, sonra isə qaynar su və duz, şəkər tozu əlavə olunur. Bankanın ağzını bağlayıb yuvarladırıq ki, duz ərisin. Sonda isə üzü üstə çevirib üstünü örtürük. Bir gün belə qalması bəs edir.
Mütəxəssislərin dediyinə görə, almanın tərkibində təbii antibiotiklər var. Hər gün alma yemək toksinlərin orqanizmdən xaric edilməsinə, qrip əmələ gətirən virusların məhvinə səbəb olur. Alma həm də ödqovucu xüsusiyyətə malikdir. Öd kisəsində durğunluq olan zaman təzə sıxılmış alma şirəsi içmək faydalıdır. Almanın tərkibində olan şəkər qanda şəkərin miqdarının artmasına səbəb olmur, xolesterini azaldır. Almanın tərkibində olan bioloji aktiv maddələr, vitaminlər və fermentlər xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Bu gün həm Şərurda, həm də paytaxt şəhərimizin dükan-bazarlarında meyvə bolluğudur. Dadlı-tamlı, min bir dərdin dərmanı olan bu meyvələrin alıcı qüvvəsi də kifayət qədərdir. Həmin məhsullar içərisində Danyeri almasının öz yeri var.

 Aytac CƏFƏRLİ

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR