30 Noyabr 2021, Çərşənbə axşamı

Payızın gəlişi ilə bağ-bağçaların məhsullu toplanıb qış tədarükü görülür. Yurdumuzun hansı kəndinə getsək, orada torpağa baş əyən zəhmətkeş insanların öz həyətyanı sahəsindəki bağında – bağçasındakı payız məhsulunu topladığını görərik. Kimi badam, fındıq toplayır, kimi heyva dərir, kimi isə cəviz çırpır. Bu günlərdə yolu bazara düşən hər kəs yaş cəviz alıb dadına baxmağa tələsir. Doğma yurdumuzun bir çox nemətləri kimi cəviz də brendə çevrilib. Elə biz də Naxçıvan cəvizi haqqında oxucularımıza məlumat vermək üçün yolumuzu Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndlərindən saldıq. 

 Kəndə yaxınlaşdıqca yolboyu Tanrının yurdumuza bəxş etdiyi gözəlliklərə tamaşa edirik. Payız fəslinin bolluq və bərəkət dolu bu günlərində bağ-bağatın cəvizini, badamını, heyvasını toplayan insanlar xoşbəxt ömür-gün sürürlər. Rayonun Yuxarı və Aşağı Buzqov kəndlərində seyr etdiyimiz mənzərələr ürəyimizə sevinc gətirir. Tanrının bəxşişi olan yurdumuzun nemətlərinin hər birini yetirib-bitirən, bol bar-bəhər verən torpaqları, ayrı-ayrı rayon, kənd əraziləri vardır. Ordubad limonu, əriyi, zoğalı, Şərur şaftalısı, kartofu, pomidoru, Şahbuz badamı, alması, heyvası, Sədərək üzümü ilə tanınır. Elə Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndləri də cəvizin məskəni sayılır. Düzdür, Şərurun Havuş, Şahbulaq, Ordubadın Nürgüt, Biləv, Culfanın Ləkətağ, Boyəhməd, Şahbuzun Aşağı və Yuxarı Qışlaq, Qızıl Qışlaq, Kükü, Keçili kəndlərində də cəviz ağacları saysız-hesabsızdır. Lakin Buzqov cəvizi dad-tamına, məhsuldarlığına, keyfiyyətinə görə bənzərsizdir. Naxçıvan cəvizi ölkəmizin hər yerində əl-əl axtarıldığına görə bu sahəyə maraq da artıb. Hər qarış torpağı bar-bərəkət dolu diyarımızda şəfa mənbəyi olan bu nemətlərin çoxaldılması məqsədilə meyvəçilik son illər sürətlə inkişaf etdirilir. Ardıcıl şəkildə həyata keçirilən Dövlət proqramlarının icrası minlərlə hektar sahədə meyvə bağlarının salınması ilə nəticələnib. Belə bağlar arasında muxtar respublikamızın iqlim xüsusiyyətləri nəzərə alınaraq əkilən qərzəkli meyvələrdən olan cəviz də üstünlük təşkil edir. Kənd adamlarının hər il həyətlərində, pay torpaqlarında yaratdıqları cəvizliklərdən əlavə, muxtar respublikamızda son illər iməciliklər yolu ilə də hektarlarla cəviz bağı salınıb. Onu da deyək ki, cəviz təkcə çərəz kimi çox sevilmir, ondan hazır­lanan mürəbbə də Naxçıvanın brend məhsulları arasındadır. Elə buna görə də şirniyyat istehsalı müəssisələri cəvizin yaxşı alıcılarıdır. Kənddə həmsöhbət olduğumuz 70 yaşlı Zəhra Hüseynova belə deyir: – Bu kənddə həyətində cəviz ağacı olmayan ev tapa bilməzsən. Hamı cəvizdən yaxşı gəlir götürür. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Neçə illərdir ki, məhsulu yarmarkaya aparır, yaxşı da satırıq. Cəvizin “daş cəviz” adlanan növünün ağacı həm də mebel istehsalında qiymətli və keyfiyyətli material hesab olunur. Yadımdadır, 1980-ci illərin axırları, 1990-cı illərin əvvəlləri idi. Həmin illərdə cəviz ağaclarına müştəri düşən bəzi gözüaçıqlar kəndə yol açmışdı. Qapı-qapı düşüb cəviz ağaclarını satın alıb-kəsib aparmaq istəyirdilər. Çətin vəziyyətdə olsaq da, heç kim cəviz ağacını kəsib satmadı. Çünki bura qədimdən cəvizin məskəni, cəvizsə bu yerin insanlarının ruzisi, dolanışıq mənbəyi olub. Ruzi mənbəyi olması ilə yanaşı, cəviz ağacına bizim ellərdə müqəddəs ağac kimi baxılır. Bu ağacın fərqliliyi ondadır ki, bu ağac suyu özünə çəkir, onun ətrafında daim nəmlik olur, hətta bulaq da yaranır.

Nənə bizə cəvizin faydalarından, istifadəsindən də danışır. O deyir: – Cəvizi ərik dənəsi böyüklükdə ikən – təzəcə yetişmək istəyəndə hər gün səhər vaxtı 1 ədəd olmaqla, 10 gün udmaq xəstəliklərin müalicəsində əvəzsizdir. Cəviz ləpəsinin damarlardakı artıq yağların təmizlənməsində, ürək-damar xəstəliklərinin müalicəsində, uşaqların zehni inkişafında, sümüklərin güclənməsində böyük təsiri var. Hər gün 40 qram cəviz ləpəsi yeyən ürək-damar xəstəliyi nədir bilməz. Yarpaqları ağız yaralarına, bağırsaq iltihabına, ayaqda göbələk xəstəliyinə məlhəmdir. Bu nemətdən mətbəximizdə də çox istifadə olunur. Hələ yetişməmiş, içi bərkiməmiş (buna el arasında “sümükləşməmiş” də deyirlər) cəvizdən bişirilən mürəbbə süfrələrimizin bəzəyidir. Bu mürəbbə 10 günə başa gəlir və hər kəs bişirə bilməz. Hazırlanması çox zəhmət və bacarıq tələb edən bu mürəbbə evimizə gələn qonaq üçün açdığımız çay süfrəsinin “şahı”dır. Mürəbbə bişirmək üçün qabığı odunlaşmamış sütül cəviz götürülür. Qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra cəviz əhəngli suya qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarılmış cəvizləri bir neçə yerindən deşərək yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün təmiz suda saxlayırlar. Beləliklə, emal edilmiş cəvizlər qaynar suda 20-25 dəqiqə pörtlədilir. Üzərinə şərbət əlavə edilib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, zövqə görə vanilin, mixək və ya hil əlavə edilir.

Cəvizlə bişirilən çox sayda şirniyyatlarımız var ki, bunların başında Naxçıvanın içli çöçəsi dayanır. Cəviz çırpılandan 10-20 gün sonra (yaş cəviz quruyanda) bütün evlərdə təzə cəvizlə içli çöçə bişirilir. Bu çöçəyə bayram çöçəsi də deyirik. İl uzunu, xüsusilə də ən əziz bayramımız Novruzda çərəz kimi süfrəyə qoymaqla yanaşı, cəvizdən milli şirniyyatlarımız olan şəkərbura və paxlava bişirilməsində də istifadə olunur. Cəvizli nabatın isə dadına dad çatmaz. Cəviz ləpəsindən zirətovda, plovun qarasında da çox istifadə edirik. Nənə onu da deyir ki, saça qoymaq üçün xınanın cəviz yarpaqlarından dəmlənmiş su ilə hazırlasanız daha gözəl tutar. Cəviz ləpələrinin arasındakı pərdənin dəmləməsinin isə bir çox xəstəliklərlə yanaşı, saç tökülməsinin də qarşısını alan dəyərli vasitədir. Cəviz qabıqlarını qaynadıb saçınızı yusanız tökülməsi dayanar. Hələ qədim zamanlardan cəvizdən və onun yarpaqlarından boyaq vasitəsi kimi də istifadə edilib. Bu kəndin sakinləri heyvandar­lıqla da məşğul olduqları üçün yun da bu kənddə bol olub. Əli qızıl qadınlarımız yunu cəvizin suyuna salıb, boyayıb, gözəl xalçalar toxuyublar. Cəviz qacağında boyanmış və baxmaqla insanın gözünün doymadığı tünd-qəhvə rəngli yun iplərlə toxunan xalılar illərlə öz gözəlliyini saxlayır. Nənə onu da deyir ki, bu xalçaları qorumaq üçün arasına cəviz yarpağı qoyub bükərik. Cəvizin yarpağı ona güvə düşməsinə imkan verməz.
Həm ağacı, həm yarpağı, meyvəsi, hətta meyvəsinin qabığı belə müxtəlif sahələrdə istifadə olunan uzunömürlü cəviz ağacları həm də yurdumuzun tarixinin şahidləridir. Bu elin qədirbilən insanları onların ruzi mənbəyi olan bu ağacları daim qoruyur gələcək nəsillərin də bu əvəzsiz nemətdən yararlanmasına çalışırlar.

 Telli MƏMMƏDOVA

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR