30 Noyabr 2021, Çərşənbə axşamı

Nağd pul kütləsinin həcminin dövriyyədə üstünlük təşkil etməsi, öz növbəsində, bir sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi, şəffaflığın aşağı olması və sair kimi problemlərin yaranmasına gətirib çıxarır. Beynəlxalq təcrübə göstərir ki, nağdsız ödənişlər iqtisadi artıma o zaman effektiv təsir bağışlaya bilər ki, ölkədə müəyyən ödəniş infra­strukturu, istifadə bacarıqları, institusional mühit yaradılsın.

Məhz bu faktorlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasında da nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”, “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” işlənib hazır­lanmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsdiq edilmişdir.

Proqramlarda nağdsız ödənişlərin inkişafı ilə bağlı banklar və digər aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin təmin edilməsi, ödəniş infrastrukturunun modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi istiqamətində də geniş təbliğat-təşviqat işlərinin aparılması nəzərdə tutulmuşdur.
Əvvəlki illərdə olduğu kimi, sonuncu proqramın icrası da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən daim nəzarətdə saxlanılmış və infrastrukturun genişləndirilməsi istiqamətində əsaslı irəliləyişlər əldə edilmişdir. Bunun nəticəsidir ki, 2021-ci ilin sentyabr ayında muxtar respublika sakinləri tərəfindən, ümumilikdə, 9 milyon 993 min manat həcmində nağdsız ödəniş həyata keçirilmişdir. Proqrama uyğun olaraq ötən dövrdə aparılmış tədbirlərin ümumi nəticəsini əks etdirən bu göstərici proqramın ilk mərhələsinin (2019-cu il) müvafiq dövrünün göstəricisindən 3 dəfə çoxdur.
Cari ay ərzində aparılmış nağdsız əməliyyatların 30 faizi və ya 3 milyon manatı POS-terminallar, 70 faizi və ya 6 milyon 998 min manatı isə internet və ya digər ödəniş vasitələri ilə həyata keçirilmişdir. POS-terminallar üzrə aparılmış əməliyyatların həcmi proqramın ilk mərhələsinin (2019-cu il) müvafiq dövrünün göstəricisindən 2,2 dəfə, internet və ya digər ödəniş vasitələri ilə həyata keçirilən əməliyyatların həcmi isə 3,3 dəfə artmışdır. Artım nəticələrində infrastrukturun yenilənməsi və genişləndirilməsi ilə yanaşı, əhali arasında aparılan maarifləndirmə tədbirlərinin də payı danılmazdır. Əlbəttə, ödəniş vasitələrinin artımı da, bu mənada, xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əgər 2019-cu ilin əvvəlinə əsas nağdsız ödəniş vasitəsi sayılan POS-terminalların sayı 1272 ədəd (575-i Naxçıvan şəhərində, 697-si rayon və kənd mərkəzlərində) təşkil edirdisə, hazırda bu göstərici 230 ədəd çox olmaqla, 1502 ( 760-ı Naxçıvan şəhərində, 742-si rayon və kənd mərkəzlərində) ədəddir. Həmçinin 2019-cu ilin əvvəlinə bir POS-terminal üzrə nağdsız ödəniş həcmi 789 manat təşkil edirdisə, 1 oktyabr 2021-ci il tarixə bu göstərici 2,5 dəfə artaraq 2000 manat olmuşdur. Hazırda muxtar respublikada banklar tərəfindən quraşdırılmış 109 bankomat və 102 ödəniş terminalı vasitəsilə də sakinlər nağdsız və nağd əməliyyatlarını həyata keçirə bilərlər. Bu gün muxtar respublikada mövcud ödəniş kartlarının sayı 265 min 318 ədəd təşkil edir ki, bu da əhalinin 50 faizdən çoxunun kartla təmin olunması deməkdir.
Muxtar respublikamızda fəaliyyət göstərən banklarda əhaliyə bir sıra məsafəli bank xidmətləri də göstərilir. Belə ki, banklarda hazırda internet bankinq xidməti, mobil bankinq xidməti, kartların banka getmədən onlayn sifarişi, onlayn kreditlərin sifarişi, ödəniş terminalları vasitəsilə kommunal, kredit ödənişlərinin, smartkartların balansının artırılması, mobil rabitə ödənişləri və sair əməliyyatların həyata keçirilməsi mümkündür. Proqrama uyğun olaraq bu xidmətlərin daha müasir istiqamətdə inkişaf etdirilməsi, siyahısının daha da genişləndirilməsi üzrə tədbirlər görülür. 2021-ci ilin 3-cü rübü ərzində də ödəmə terminallarında kreditin ödənilməsi, kart hesabına vəsaitin mədaxil edilməsi, hüquqi və fiziki şəxslərin cari hesabına vəsaitin mədaxili, sosial, vergi və sair büdcə ödənişlərinin yığımı və Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə xidmətlərin ödənilməsi təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi ilə birgə artıq yeni tədris ilindən etibarən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri tərəfindən təhsil haqlarının Hökumət Ödəniş Portalı vasitəsilə ödənilməsi də təmin olunmuşdur.
Nağdsız ödənişlərin inkişaf etdirilməsi istiqamətində infrastruktur və maarifləndirmə işləri ilə yanaşı, həvəsləndirici tədbirlərin keçirilməsi də davam etdirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti ilə birgə 2021-ci ilin birinci yarım ili üzrə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin iyul ayında 15-ci tirajı keçirilmiş, 445 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunmuşdur.
Bu gün infrastrukturun genişləndirilməsi, institusional mühitin formalaşdırılması və stimullaşdırma tədbirlərinin mütəmadi şəkildə aparılmasına baxmayaraq, hələ də bu sahədə çatışmazlıqların olması özünü büruzə verməkdədir. Buna səbəb isə məhz ictimaiyyətin hələ də nağdsız ödənişlərə tam olaraq üstünlük verməməsindən irəli gəlir. Hələ də bankomatların qarşısında nağd pul çəkmək üçün növbələrin yarandığını müşahidə etmək mümkündür. Bankomatdan, sadəcə, nağd pul çəkmək üçün istifadə edən vətəndaşlarımız isə kifayət qədərdir. Halbuki bankomat adlanan bu ödəniş aləti, əslində, bir çox nağdsız əməliyyatları həyata keçirməyə də imkan verir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də məhz proqramda nəzərdə tutulmuş digər tədbirlərin 2021-ci ildə də uğurla davam etdirilməsi və müvəffəqiyyətlə başa çatdırılmasıdır.

Sabir SƏFƏROV
Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar
Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR