30 Noyabr 2021, Çərşənbə axşamı

Qədim Sədərəyin məğrur duruşlu bir kəndi var. Adı şəninə şeirlər yazılan, çoxyarpaqlı, iri, yamyaşıl qaraağacdan götürülən bu kənd dağlar arasındakı Qaraağac meşə zolağından, Hacı Heydər bağından başlayır. Sədərəyin düşmənlə ən yaxın mövqelərinin yerləşdiyi bu yaşayış məntəqəsinin hər daşı, hər qayasında bir igidin ayaq izləri var. Bu gün Vətənin başladığı yerdə – Sədərək rayonunun Qaraağac kəndində şəhid qanı ilə sulanan, zirvələrdə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza baxanda qürurlanırıq. Bu dağlar, bu dərələr böyük tarix yaşayıb, çox müharibələr görüb, hamısından da alnıaçıq, üzüağ çıxıb.

 “Elə bir qəhrəmanlıq səhifəsidir ki, Sədərək döyüşləri onu yazmaqla, söyləməklə bitməz”, – deyir həmin döyüşlərin iştirakçısı, Vətən müharibəsinin cəsur döyüşçüsü Murad Həsənovun atası Rzaqulu əmi...

– Həmin günlər Azərbaycan xalqının taleyinə yazılan bu şanlı səhifə yurd, torpaq, Vətən sevgisinin sübut edildiyi bir tarixdir, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir... Çörəyimizə xəyanət edənlər belini əymək istədilər anamız Azərbaycanın, amma əyə bilmədilər. Bakı şəhəri dirəkləri laxlamaqda olan imperiyanın qoşunları tərəfindən amansızcasına gülləbaran edildiyi bir gecədə yaranmış fürsətdən istifadə edən ermənilər və onların havadarları isə bütün sərhədboyu muxtar respublikamızı müxtəlif çaplı avtomat silahlardan, toplardan atəşə tutmağa başlamışdılar. Hamı bir oldu, bu dağlar-qayalar burada döyüşən igidlərin qanı ilə sulandı, amma bir qarışı düşmənə verilmədi. Həmin gecə od yağdırırdı dinc sakinlərin başına mənfur ermənilər. Bizim əlimiz, demək olar ki, yalın idi. Müasir silahlardan istifadə edən və havadarlarından güc alan ermənilərə qarşı beş-on nəfər polis işçisi və könüllülər ov tüfəngi ilə döyüşürdük. Muxtar respublikanın bölgələrindən Sədərəyə axın-axın insanlar gəlir, döyüşə can atırdı. Hər tərəfdən küncə sıxışdırılsaq da, sınmadıq, əyilmədik. Qaynım Mübariz Şahverdiyev də Sədərəyin müdafiəsində, döyüşlərdə şəhid olub. Bu gün fəxr hissi ilə deyirəm ki, oğlum Murad da Vətən müharibəsi iştirakçısı oldu. Qələbə ilə evimizə qayıtdı.
Yaşı 80-ə yaxın olan Dilbər Rzayeva deyir ki, müharibədən əvvəl Qaraağac meşəsinə dağlar qoynundan süzülən Çapan çayı qıvrılıb gəlirdi və sonra neçə-neçə qola ayrılırdı. Yazda Çapanın şaqqıldayan səsi kəndə yayılırdı. Xain qonşularımız önünü kəsib qurutdular bu çayı. “Su gələn arxa bir də gələr”, – deyib atalarımız. İnşallah əvvəlki günlərdəki kimi bir gün Çapanın suyu yenidən gələr. Ulu Tanrı haqqımızı haqq elan etdi – Vətən müharibəsində qalib gəldi dövlətimiz. Bir daha düşmən gücünü gördü bu xalqın. Biz inanırıq ki, bu qalibiyyət kəsilən suların qarşısını, bağlanan yolları da açacaq. Dilbər xanım kəndin tarixi haqqında da danışır:
– Qaraağac kəndində “Nadir düzü”nün aşağısında “Tökmə” deyilən bir sədd var. Deyirlər, keçmişdə selin qarşısını almaq üçün yaradılıb. Ancaq bəzi rəvayətlərə görə qədimdə belə bir adət-ənənə olub ki, padşah öz qoşunu ilə döyüşə gedərkən orduya əmr edirmiş ki, müəyyən olunmuş yerə hərə bir daş atsın. Bütün əsgərlər hərəsi bir daş atıb döyüşə gedirmiş. Daşdan bir dağ, bir təpə əmələ gəlirmiş. Döyüşdən qayıdanda padşah əmr edirmiş ki, indi hərə öz daşını götürsün. Hər kəs bir daş götürəndən sonra padşah və qoşunu yerdə qalan daşların, yəni şəhidlərin daşlarının önündə diz çöküb, onları yad edirmişlər. Buranın “Tökmə dağ” adlandırılması həmin rəvayətlə də bağlıdır.

Kənd bələdiyyəsinin sədri Fərhad Rzayevlə həmsöhbət olduğumuzda o bildirir ki, düşmənlə göz-gözə, üz-üzə dayanan, günbəgün gözəlləşən, dəyişən Sədərək rayonunda və onun Qaraağac kəndində də muxtar respublikamızın hər yerində olduğu kimi quruculuq, abadlıq işləri gedir. 1997-ci ildə Qaraağac Sədərək kənd inzibati ərazi vahidi tərkibindən çıxarılaraq ayrıca ərazi vahidi kimi qeyd olunub. Ərazisi 2133 hektar olan kəndin 4961 sakini var. 1443 təsərrüfatı və 283 yaşayış evi olan Qaraağac kəndinin sakinləri, əsasən, əkinçilik və maldarlıqla məşğuldur. Qaraağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin yeni binası 2009-cu ildə müasir layihə əsasında tikilib. Qaraağac kənd bələdiyyəsi də həmin bu binada yerləşir. Kənd tam orta məktəbi 1994-cü ildə istifadəyə verilib. 2007-ci ildə isə yenidən təmir olunub. Kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, klub, tibb və baytarlıq məntəqələri yerləşir. Qaraağac kəndinin ərazisində, Vəlidağın ətəyində “Qumdərə” adlanan yerdə inşaat materialı olan qum çıxarılır ki, Sədərəkdə, Şərurda, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası ərazisində tikinti obyektlərində istifadə edilir. Rayon Elektrik Şəbəkəsi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazası, “Sədərək” şadlıq sarayı, soyuducu anbar, dəyirman kimi obyektlər Qaraağac kəndinin ərazisində yerləşir. Davamlı olaraq təbii qaz və elektrik enerjisi ilə təmin olunan Qaraağac kəndinin içməli suya olan tələbatı Əjdəkan dağının ətəyində tikilən su anbarı istifadəyə verildikdən sonra tamamilə ödəniləcək. Muxtar respublikamızın hər yerində olduğu kimi, Qaraağacda da davamlı olaraq yaşıllaşdırma işləri görülür. Bu tədbirlər sayəsində kənddə meyvə bolluğu yaranıb. Kənd əhalisi həm istədiyi meyvənin məhsulunu yığıb özü istifadə edir, həm də əsgərlərimizə, hərbi hissələrimizə sovqat aparır.

Qaraağac torpağının min bir dərdə dərman olan bitkilərini saymaqla qurtarmaz. Ən keyfiyyətli balı bu dağların çiçəklərindən toplayır arılar. Sədərək balının şöhrəti dillərdə gəzir, – deyir ailə təsərrüfatçısı Mehriban xala. O bildirir ki, Vəlidağdan və Əjdəkandan yığılan bitkilər insanların sağlamlığı üçün fayda­lı olmaqla yanaşı, bir çoxunun ailə büdcəsinə də kömək edir. Yerli sakinlər hər bir bitkinin dilini, ondan necə istifadə etməyi yaxşı bilir. Arıçılıqla məşğul olanlar da öz arı yeşiklərini yazın güllü-çiçəkli vaxtlarında dağa aparır ki, ərsəyə gələn bal yaxşı olsun.
Nizami Ağayev deyir ki, heyvandarlıq və əkinçiliklə məşğul olur. Bu il 6,5 hektar sahədən taxıl tədarük etdiyini bildirən təsərrüfatçı onu da qeyd edir ki, mal-heyvanın, toyuq-cücənin yemini öz əkin sahələrindən toplayırlar. Torpaq ona baş əyən, alın tərini tökən insanı heç vaxt naümid qoymayıb. Allaha şükür, sabitliyimiz təmin olunub. Vaxt var idi, torpağımız düşmənin atdığı qradların, topların dağıdıcı zərbəsinə tuş gəlmişdi. Od tutub yanırdı yurdumuz. Amma “pis günün ömrü az olar”, – deyiblər. Çətin günlərimiz geridə qalıb. Güllü-çiçəkli bir Sədərək var artıq. Düşmənin beş metrliyində bir qorxu-ürkü bilmədən mal-qaramızı otarır, gecələr evimizdə rahat yatırıq. Tanrı dövlətimizin bayrağını həmişə uca eləsin.
Kənddən ayrılıb yola düşürük. İnanırıq ki, Qaraağac kəndinin sakinləri onların rahat yaşaması, güzəranının yaxşılaşdırılması üçün bundan sonra da yaradılan şəraitdən düzgün istifadə edəcək, dövlətimizin inkişafına öz töhfələrini verəcəklər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR