18 Sentyabr 2019, Çərşənbə

Ümummilli liderin arzularının gerçəkləşdiyi məktəbdə 15 ildir ki,
bilikli və vətənpərvər gənclik yetişdirilir

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəb də təhsilimizin böyük himayədarı ulu öndərin təşəbbüsü ilə yaradılıb və bu, görkəm­li dövlət xadiminin ölkə təhsilində xüsusi çəkisi olan Naxçıvanda həmin strateji sahəyə qayğısının daha bir ifadəsi idi. 2004-cü ildə məktəb üçün müasir arxitektura üslubunda yeni bina inşa edilib, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.
Həmin il sentyabr ayının 2-də naxçıvanlıların daha çox üçüncü mikrorayon kimi tanıdıqları Babək məhəlləsində məktəb binasının istifadəyə verilməsi təkcə Naxçıvanın təhsil ictimaiyyətinin, şəhər əhalisinin deyil, bütün muxtar respublika sakinlərinin sevincinə çevrilib. Çünki açılış mərasimində ulu öndərin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev iştirak edirdi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və həm də onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən dövlət başçısı deyib: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”.

Ardını oxu...

Qəzetimizin kollektivi ilə bir əzizimizin yaxınının vida mərasimində eşitdik bu acı xəbəri. Uzun illər birgə çalışdığımız Ruqiyyə Əliyevanın – öz işinə, öz yoldaşlarına, doğma kollektivə sədaqətli bir insanın dünyasını dəyişdiyi, əbədiyyətə qovuşduğu xəbəri içimizi göynətdi, yaman göynətdi... Hələ çox göynədəcək, hər korrektor otağına girəndə, iş yoldaşlarımızın ad günlərində, toy mərasimlərində, digər tədbirlərdə onu görməyəndə bu ağır itki ilə üz-üzə qalmaqdan qaça bilməyəcəyik. Onu da düşünürəm ki, bu itki bizi belə göynədirsə, onun qohum-­əqrəbası buna – Ruqiyyə xanımın yoxluğuna necə ­dözür?
...2002-ci ilin əvvəllərində “Şərq qapısı”nda işə başlayarkən Ruqiyyə Əliyevanın öz işinə necə tələbkar olduğunu gördüm. Tələbkar olduğu qədər də iş yoldaşlarına qarşı mehriban və səmimi bir insan idi. Baş korrektor işlədiyi dövr ərzində qəzetdə yetişən korrektorların hamısının müəllimi o olub desəm, – heç də yanılmaram. Hələ 50 yaşını qeyd etdiyimiz tədbirdə bunu gənc korrektorlar etiraf etdilər. Onun savadlı korrektor olmasının ifadəsi idi ki, öz kitablarını çapa hazırlayan müəlliflər məhz Ruqiyyə xanımdan onların kitablarının korrektoru olmasını xahiş edirdilər. O da bu işi təmənnasız olaraq yerinə yetirirdi. Elə bu sətirlərin müəllifinin 2004-cü ildə çapdan çıxmış “Şam ömrünün nağılı” adlı kitabına da Ruqiyyə xanım “əl gəzdirmişdi”.

Ardını oxu...

Tarixdən gələn səslər və ya muxtariyyətəqədərki dövrə ümumi baxış

Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərinə səfər edən amerikalı jurnalist və tədqiqatçı Peter Tase yazır: “Ordubadın gözəl mənzərəsi var. İnsanları çox qonaqpərvər və istiqanlıdır. Gözəl mənzərələr və müasir infrastruktur turistlərin diqqətini cəlb edir. Ordubad şəhərində yaradılmış infrastruktur, həqiqətən də, Qərbi Avropanın şəhərlərindəki kimidir. Tarixən strateji yer hesab olunan Ordubada səfər edən turist və tədqiqatçılara buranın qədim mədəniyyətini tanıtmaq imkanı vardır. Ordubad şəhərində XVI əsrə aid olan bazarın yanında hazırda muzey kimi fəaliyyət göstərən tarixi Qeysəriyyə binası yerləşir. Tarixən bu regionda 3 belə Qeysəriyyə binası olub. Digər iki Qeysəriyyə binaları Səmərqənd və Təbrizdədir.

Bu gün valehedici Ordubad şəhəri Şərq aləminin canlı muzeyi hesab olunur. Avropa və Asiya arasında coğrafi və etnoqrafik əlaqəni təmin edən şəhər öz tarixini və ənənələrini qoruyaraq nəsildən-nəslə ötürür”.
Tarixi minilliklərə sığmayan, hər daşında, qayasında ulu babalarımızın izləri yaşayan doğma Odlar yurdumuzun xəritəsində kiçik bir yer tutur Ordubad – Naxçıvan adlı sevgimin, doğulub boya-başa çatdığım yurdun bir parçası.
Kiçik Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Qapıcığı, həmçinin Böyük Soyuğu, Təkə qalasını, Salabin təpəsini qoynuna alan yurd yeri ecazkar Ordubad.

Ardını oxu...

Otuza yaxın kitabın, 330-dan artıq elmi, çoxsaylı qəzet məqalələrinin müəllifi, dörd kitabı və 50-yə yaxın elmi məqaləsi xarici ölkələrdə işıq üzü görən Hüseyn Həşimli uzunmüddətli tədqiqatlarının nəticəsi olan “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı” adlı yeni kitabını elmi-ədəbi, pedaqoji ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor  H.Həşimli  müxtəlif vaxtlarda M.Hadi, A.Divanbəyoğlu, A.Sur, A.Səhhət, Ə.Müznib, S.Səlmasi, Ə.Səbur, N.Bəsir və bəzi digər ədiblərin bir sıra əsərlərini iyirminci əsrin ilk onilliklərinə aid  müxtəlif qəzet və jurnallardan, kitablardan, həmçinin  arxivlərdən toplayaraq  nəşr etdirib, ilk dəfə müasir oxuculara çatdırıb ki, onların sırasında Naxçıvan ədəbi mühitinin yetirmələri olan Eynəli bəy Sultanovun, Əliqulu Qəmküsarın, Əli Səbrinin, Ələkbər Qəribin, Məmmədəli Sidqinin, Məmmədhüseyn Təhmasibin də əsərləri yer almaqdadır. Bakıda 1910-1911-ci illərdə çıxmış “Yeni füyuzat” məcmuəsinin, Məmmədəli Sidqinin redaktorluğu ilə nəşr olunmuş “Şeypur” jurnalının (1918-1919-cu illər) bütün saylarının transliterasiya edilərək kitablar halında nəşri də H.Həşimli tərəfindən həyata keçirilib.

Ardını oxu...

Ulu öndərin adını daşıyan qəsəbə düşmənə gözdağıdır

“Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı... Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim”. Bu sözləri ümummilli lider Heydər Əliyev 17 il bundan əvvəl – 14 avqust 2002-ci il tarixdə Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında deyib.

Ardını oxu...

Müsahibim qədim diyarımızın dövlətçilik tarixi ilə bağlı sanballı elmi tədqiqatların müəllifi,
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir

– İsmayıl müəllim, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı kitabınızın elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi Naxçıvan elmi mühitində bayram əhval-ruhiyyəsi yaradıb. Kitab həm də muxtariyyətimizin 95 illik yubileyinə dəyərli töhfədir. Bu münasibətlə sizi redaksiyamızın kollektivi adından təbrik edirəm.
– Çox sağ olun. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm ki, kitaba bu qədər yüksək dəyər vermişdir. Bu, ümumilikdə, muxtar respublikada hər bir elm adamına verilən qiymətdir. Qeyd etmək istəyirəm ki, Naxçıvanda elmi mühitin formalaşması Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasından sonra canlanmışdır. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyev belə bir bölmənin yaradılmasına böyük siyasi uzaqgörənliklə yanaşaraq Sərəncam vermişdi. Ulu öndərimiz AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr edilmiş müşavirədəki nitqində Naxçıvan tarixinin zəif öyrənilməsi məsələsindən bəhs edərkən demişdir ki, Naxçıvanın qədim və zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycan tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvan tarixi haqqında, Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür. Göründüyü kimi, ulu öndər Naxçıvan tarixi ilə bağlı bölmə qarşısında çox ciddi vəzifə qoymuşdu. Fəaliyyətimiz dövründə bu vəzifəni yerinə yetirməyə çalışmış, Naxçıvan tarixi ilə bağlı ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar, elmi məqalələr yazılmış, elmi konfranslar keçirilmişdir. Ən ciddi fundamental əsər çoxcildli Naxçıvan tarixidir. Mükafata layiq görülmüş kitab Naxçıvanın Azərbaycan dövlətçilik tarixində tutduğu yer və oynadığı rolla bağlıdır.

Ardını oxu...

“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı”...
Ədəbiyyatımızda əbədiyaşarlıq qazanmış dahi sənətkar Mirzə Cəlilin bu qiymətli sözlərinin canlı ifadəsini elə ustad yazıçının öz həyat və yaradıcılığında bütün yönləri ilə görmək mümkündür. Müəllifin istər ən kiçik hekayələrinin, felyetonlarının, məqalələrinin, məktublarının, eləcə də dram əsərlərinin hər sətrində bir işıq görürük. Böyük ədibin ürəyinin və sabaha ümidinin işığını. Bu işıq hər birimizə təlqin edir ki, Vətəni sevmək xalqı, milləti sevməkdir, doğma torpağı sevməkdir. Bu ən ali, ən bəşəri, ən ülvi hissdir. Bu, kamillikdir, mənəviyyatımızın minillik həqiqətidir.
Zaman-zaman bu hissləri yaşadanlar, bu hissləri yaşayanlar bu gün yaddaşlarda özlərinə yaşa­maq hüququ qazanıblar. Ürəklərdə ­təsdiqləniblər.
Mirzə Cəlil şəxsiyyəti, Mirzə Cəlil vətəndaşlığı, Mirzə Cəlil ­ziyalılığı...
İnanmıram ki, ikinci bir hansısa qələm sahibi öz xalqını, öz millətini, öz Vətənini, öz dilini Mirzə Cəlil qədər sevə bilsin. Bu, reallıqdır. Professor Cəfər Xəndanın sözlərini xatırlayıram: “Cəlil Məmmədquluzadənin əsərlərində... böyük vətənpərvərlik ruhundan doğan bir lirika da vardır. Bu lirika bəzən gülüşlə birləşsə də, bu gülüş göz yaşları arasından doğan gülüşdür”.
İnanmıram ki, hansısa yazı-pozu adamı Mirzə Cəlil kimi dəlicəsinə sevdiyi xalqının dərdlərini, ağrılarını belə çılpaqlıqla, yanarlılıqla qələmə alsın. Bu da heç bir analoqu olmayan həqiqətdir.

Ardını oxu...

Bu yaşayış məntəqəsində milli-mənəvi dəyərlərə ehkam kimi baxılır 

Daha çox uşaqlıq xatirələrimdə yaşayır bu kənd. Ötən əsrin 70-ci illərinin əvvəllərində burada yaşayan qohumlarımgilə gedərdim. Ordubad şəhərindən bir neçə kilometr aralıda qərar tutmuş kiçik yaşayış məntəqəsinin füsunkar təbiəti, mehriban insanları mənə buranı öz kəndimiz qədər sevdirmişdi... Sonrakı illərdə də Gənzəyə yolum düşüb. Gülərüz, səmimi sakinlərinin yenə də bir ailə kimi yaşadıqlarını görmüşəm. Gənzə Ordubad şəhərindən 12 kilometr şimal-şərqdə yerləşir. Ərazisindən keçən Gənzəçay Arazın sol qoludur. Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından başlanır, Ordubad şəhəri yaxınlığında Araz çayına tökülür. Kəndin yaxınlığındakı mineral su bulağı Gənzə­çayın məcrasındadır. Bulağın suyu orta dərəcədə minerallaşmış, hidrokarbonatlı­-sulfatlı, natriumlu, maqneziumlu, kalsiumludur.

Ardını oxu...

(oçerk)

Eşidəndə ki, oktyabr ayında yaxın dostum və həmkarım Elman Məmmədovun Şərur rayon qəzetində fasiləsiz olaraq çalışmasının 50 ili tamam olur, düzü, inanmağım gəlmədi. Bunun dəqiq olduğunu öyrəndikdən sonra ona telefon açıb dostumu təbrik etdim. Elman haqqında da bir yazı hazırlamaq keçdi fikrimdən...
Xatirələr məni bir qədər yaxın keçmişə apardı. Mətbuata gəldiyim ilk günlər yadıma düşdü. O günlərdə mərhum Səxavət Kəngərli, Nurəddin Babayev, Cəfər Əliyev, Maqsud Mahmudov kimi ölkə mətbuatında özlərini təsdiq etdirmiş, yüksək dövlət mükafatlarına layiq görülmüş jurnalistlər qarşıma çıxıblar. Çətin anlarda mənə kömək olublar. Sonralar yaxınlığımız, dostluğumuz başlayıb.
...Bu məqamı təsadüfən xatırlamadım. Mən mətbuata gələndə “Şərurun səsi” qəzetinin redaktoru Elman Məmmədov jurnalistlərin orta nəsil nümayəndəsi idi. Bu illərdə Elmanın şahidi olduğum ömür yolunu gözlərim önündə canlandırdım, xarakter cizgilərini yadıma salmağa çalışdım. Zahirən çox sakit görünən Elman Məmmədovun daxilən işıqlı, istiqanlı, naxçıvanlıların təbirincə desək, ifallı bir insan olduğunu onu tanıyanların hamısı təsdiq edər. Onu sevdirən də bu keyfiyyətlər və yazılarındakı səmimiyyətdir.

Ardını oxu...

Ötən günlərin birində Ordubad rayonunun ucqar dağ yaşayış məntəqəsi Parağa kəndində olarkən neçə illər əvvəl burada gördüyüm mənzərələri xatırladım. Məlumat üçün qeyd edək ki, 1988-ci ildə baş verən hadisələr zamanı Qərbi Azərbaycan torpaqlarından – öz dədə-baba yurdlarından didərgin düşərək muxtar respublikamıza pənah gətirmiş soydaşlarımız Parağada məskunlaşıblar. Onlara dövlətimiz tərəfindən hərtərəfli köməklik göstərilib, 2003-2005-ci illərdə 18 ailə üçün fərdi mənzillər inşa edilib. Hər ailə üçün 620 kvadratmetr torpaq sahəsi ayrılıb. Artıq 30 ildir ki, soydaşlarımız burada yaşayır, qurub-yaradırlar. Onu da qeyd edək ki, kənddə məskunlaşan ailələr, necə deyərlər, əllərini əllərinin üstünə qoyub oturmayıblar, onların bəziləri hərtərəfli dövlət qayğısından istifadə edərək özlərinə yeni evlər tikiblər. Təbii ki, bu işdə parağalıların torpağa, zəhmətə bağlılıqları da mühüm rol oynayıb. 

2012-ci ildə kənd sakinləri dövlətimizin daha bir qayğısını görüblər. Parağada yeni məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer məntəqəsi istifadəyə verilib. Biləv kəndindən başlayaraq yolun qaydaya salınması, asfaltlanması bu yaşayış məntəqəsinə gediş-gəlişdəki çətinlikləri birdəfəlik aradan qaldırıb.

Ardını oxu...

“Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir

Şərur rayonundakı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları haqqında yazı hazırlayarkən qeyri-ixtiyari olaraq neçə illər əvvəl yaşadığımız qaranlıq gecələrimizi xatırladım. Və əslində, o günlər heç unudulası da deyil. Çünki normal həyat tərzinin təmin edilməsində elektrik enerjisinin oynadığı rolu bu gün hər kəs yaxşı bilir. Elə o illərdə yaranmış bir ifadə də yadıma düşür: Allah heç kimi işıqla imtahana çəkməsin.

Bu gün qürur duyuruq ki, o imtahandan çıxa bildik. Yurd yerinin sabahına, onun insanlarının taleyinə cavabdehlik hissi bu problemin həllində başlıca amil oldu. Daha dəqiq desək, nəinki həmin problem aradan qaldırıldı, həmçinin muxtar respublika enerji idxal olunan bir diyardan enerji ixrac edən bir məmləkətə çevrildi. Həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Bu stansiyalar qədim diyarımızın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Sovet hakimiyyəti illərində cəmi 1 su elektrik stansiyası olan muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində onların sayı xeyli artıb. Faktlara nəzər salaq. Əvvəlcədən mövcud olan 22 meqavat gücündə Araz Su Elektrik Stansiyası, 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyasının işə salınması, turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücünün artırılaraq 60 meqavata çatdırılması, sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə elektrik stansiyasının, Ordubadda 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının fəaliyyətə başlaması muxtar respublikada enerji təhlükəsizliyini tam təmin edir. Belə tədbirlərin nəticəsidir ki, diyarımız artıq enerji ixrac edir. Bu stansiyalar içərisində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da rolu var.

Ardını oxu...

Hər bölgəsi çiçəklənən bir diyardan soraq verən doğma Naxçıvanımızın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı statusunu daşıması, ötən ilin muxtar respublikada uğurla başa vurulması sevincimizin üstünə daha bir sevinc gətirib. Paytaxt şəhərimizdən tutmuş rayon mərkəzlərinə, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinədək yeniliyə qovuşan regionumuz bu gün ayrı büsatdadır. Şərur rayonunda da quruculuq işlərinin, abadlıq tədbirlərinin həcmi daha da artıb. İqtisadiyyatda böyük uğurlar qazanılıb. Həyatın bütün sahələrində əldə edilən nailiyyətlər insan amilinə göstərilən qayğının ifadəsi kimi dəyərləndirilib. Fikirlərimizə 2017-ci ilin timsalında aydınlıq gətirmək istədik. Üz tutduq Şərura. 

Müasirləşmədə başlıca amillərdən biri quruculuq tədbirləridir

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 563 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 1,4 faiz artaraq 73 milyon 571,2 min manat olub.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR