04 Avqust 2020, Çərşənbə axşamı

Dünən güllələr, bu gün güllər açılan bu oğuz yurdunun üstünü ötən əsrin 80-ci illərinin sonlarında qara buludlar aldı. O buludların gətirdiyi faciələr bu torpağı qanla boyadı. 14 dəfə erməni hücumuna məruz qalan, 108 igid eloğlumuzun şəhidlik zirvəsinə ucaldığı Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atdılar, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıtdılar.
O illəri xatırlayanda ulu öndərin sözləri yada düşür: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”.

... Sədərəyin tarixi taleyinə erməni adlı mənfur düşmənlə qonşuluq qisməti yazılıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizli, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, həmin iddiaların yaratdığı məlum hadisələr bu sərhəd bölgəsinin sakinlərinin də sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan bu oğuz yurdunun qorunması, düşmən tapdağına çevrilməməsi üçün Sədərəklə birgə bütün Naxçıvan da ayağa qalxdı. Ölkəmizin bəzi bölgələrindən də buraya könüllülər köməyə gəldilər. O ağır illərdə Sədərək itkilər versə də, qəhrəmanlıqla qorundu, “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun!” amalı ilə ölümün gözünə dik baxdı eloğlularımız. Bu mücadilədə sağlamlığını itirən, öz ev-eşiyinə qazi kimi qayıdanlar da az olmadı. Ona görə də, mənim düşüncəmdə, ölkəmizin müqəddəs yurd yerlərindən biridir Sədərək. O illər sədərəklilərin yaddaşında əbədi yaşadığı kimi, rayonun Tarix-Diyarşünaslıq Muzeyində də yaşadılır.

... Muzeydə Sədərəyin qəhrəmanlıq tarixini bir daha xatırladım. Bu tarixin izləri bir neçə guşədə öz əksini tapıb. İlk olaraq Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 30 illiyinin qeyd olunması haqqında” Sərəncamı ilə bağlı hazırlanmış guşəni gözdən keçirirəm. Ötən bu dövr ərzində ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda bu qanlı terror aktının ifşası, cinayətkarların məsuliyyətə cəlb olunması, faciə qurbanlarının ailələrinə göstərilən qayğı və digər məsələləri özündə əks etdirən qəzet, jurnal materialları, fotolar guşəyə ziyarətə gələnlərə qəhrəmanlıq tariximizdən söz açır. Burada yaradılmış “Sədərək Naxçıvanın qeyrət qalasıdır” adlı guşənin qarşısında dayanmışam. O illəri xatırlayıram. 1990-cı ilin yanvar ayında sovet ordusu Bakıya daxil olmamışdan 8 saat əvvəl ermənilərin Sədərəyə hücum etdiklərini gözlərim önünə gətirməyə çalışıram. O gün 8 şəhid verildi. Onlardan ikisi Malik və Elvin Nəsirov qardaşları idi.
İlk köməyə Ordubad və Şərur rayonlarından 40 könüllü gəldi. Döyüşlərə atılanlar sırasında polislər də böyük şücaət göstərirdilər. Onlara polis kapitanı Məhərrəm Seyidov başçılıq edirdi. Sonralar Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Məhərrəm Seyidov öz cəsurluğu ilə onlara bir nümunə gücündə idi. Döyüşlər daha çox şərab zavodunun arxasında yerləşən mebel sexinin yaxınlığında gedirdi. Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Hava yolu məsafəsi 14 kilometr olan Qızıldaşdan Sədərəyə atılan top səsləri getdikcə güclənirdi. Bizimkilər 2 ədəd TOZ-8, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin qarşısını alırdılar. Sədərək uğrunda gedən döyüşlərdə vuruşan həmyerlilərimiz bir həqiqəti dərindən dərk edirdilər ki, düşmənin məqsədi, bütövlükdə, Naxçıvan Muxtar Respublikasını işğal etməkdir. Lakin erməni vandallarının bu arzusu ürəklərində qaldı. Ürəyi Vətən eşqilə döyünən soydaşlarımız bu qədim yurd yerinin bir qarış torpağını da onlara vermədilər.

... Muzeydəki “Vətən üçün yaşayıb, Vətən üçün ölənlər heç vaxt unudulmurlar” adlı guşənin qarşısında ayaq saxlayır, şəhidlik zirvəsinə ucalanların şəkillərinə baxıram. Baxışlar dil açıb danışır. Həmin baxışlarda sabaha böyük ümidlər var. Bu ümidləri doğrultmaqsa, bugünkü gəncliyin üzərinə düşür.
Muzeyin direktoru Sərxan Abbaslı deyir ki, rayonun ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər tez-tez muzeyə gəlir, şəhidlərimizin, bu gün yaşayan müharibə veteranlarının keçdikləri ömür yolları ilə tanış olurlar. Rayon Mədəniyyət Şöbəsi o günlərin canlı şahidləri ilə tez-tez görüşlər təşkil edir. Belə görüşlər sədərəkli gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, dövlətçiliyimizə sədaqət hisslərinin gücləndirilməsində mühüm rol oynayır.
Sərxan müəllim deyir ki, Sədərək hadisələrini izləmiş bir jurnalist kənddə bəzi həyətlərdən tüstü qalxdığını görüb. Fikirləşib ki, müharibənin qanunudur, yəqin əks tərəfdən atılan silahlar düşdüyü yeri yandırır. Əsl həqiqətdə isə o vaxt Sədərəkdə qadınlar səngərdə döyüşən igid oğullarımıza təndir çörəyi bişirirdilər. Bu, insanların torpağa bağlılığının ən yüksək nümunəsidir.
Müsahibim bildirir ki, 1993-cü il avqust ayının 13-də axırıncı döyüşdə ermənilər Qeyrət qalasını qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini yəqin edərək geri çəkiliblər. Sədərək belə qorunub. Bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm dövlətimizin böyük qayğısı gücünə, həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, həm də burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına. Bu məqamda istər-istəməz ulu Dədə Qorqudun aforizmə çevrilmiş sözlərini xatırlayırsan: “Torpağı qorumursansa, əkib-becərməyinə, əkib-becərmirsənsə, qorumağına dəyməz”. Sədərəkdə torpaq həm qorunur, həm də əkilib-becərilir.
Digər bir guşə “Nəsillər dəyişəcək, ancaq şəhidlərin xatirəsi əbədi yaşayacaq” adlanır. O vaxt səngərə çevrilən Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilərdə döyüşən sədərəklilərin güc aldıqları yeganə qüvvə ümummilli ­liderimiz Heydər Əliyev idi. Ulu ­öndərimizin həmin illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinə tövsiyələrini verməsi təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Bu gündən sabaha ümidləri olmayan naxçıvanlılar da dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inandılar.
* * *
Muzeydə gördüklərimin yaratdığı təəssüratlarla oradan ayrılıram. Rayonun məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü ərəfəsində keçirilən tədbirlərlə tanış olmaq üçün həmin ünvanlara üz tuturam.
Sədərək kəndində fəaliyyət göstərən 1 və 2 nömrəli tam orta məktəblərin binaları son illərin yeni quruculuq ünvanlarındandır. Sərhəd bölgəsinin simasına xüsusi yaraşıq verən bu binalar, həmçinin digər kompleks quruculuq tədbirləri Sədərəkdə təmin olunmuş qaynar həyatdan, muxtar respublikanın sosial-iqtisadi inkişafından soraq verməklə bərabər, həm də bütün bunlar bir addımlıqda yaşayan düşmənə gözdağıdır. Bu gün həmin məktəblərdə təhsil alan uşaq, yeniyetmə və gənclərin, lazım gələrsə, ata-babalarının yolu ilə gedəcəklərinə heç bir şübhə yoxdur. Müəllimlərlə söhbətlərdə hiss etdim ki, bu gün şagirdlərə aşılanır ki, bizim mübarizəmiz haqq işidir. Haqq işi isə həmişə qalib gəlib. Öyrəndik ki, Sədərək hadisələri ilə bağlı dərs prosesində, məktəbdənkənar və sinifdənxaric məşğələlərdə söhbətlər aparılır, inşa yazı və rəsm müsabiqələri keçirilir. Hansı fənni tədris etməsindən asılı olmayaraq, bu gün məktəbin bütün müəllimləri bu işdə fəallıq göstərirlər. Odur ki, Sədərəyin məktəbyaşlı ən kiçik şagirdindən tutmuş yuxarı sinif şagirdlərinə qədər hamı Sədərək döyüşlərində şəhidlik zirvəsinə yüksələnlər haqqında ətraflı məlumatlara malikdir.

* * *

Sədərəyə gəlmişkən, buradakı hərbi hissədə də olduq. Zabitlər və əsgərlərlə söhbətləşdik. Onlar bildirdilər ki, Azərbaycanın hər qarış torpağı azərbaycanlılar üçün ata-baba mirasıdır. Heç nə ilə əvəz olunmayan ən qiymətli sərvətdir. Onu qorumaq bizim ən şərəfli borcumuzdur. Artıq düşmən ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq bu gün Sədərəyə bir çöp belə, ata bilməz. Sədərəyi və ümumilikdə, Naxçıvanı güclü Azərbaycan Ordusu qoruyur.

 Muxtar MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR