04 Avqust 2020, Çərşənbə axşamı

Sahibkarlıq 30 ilə yaxın bir dövrdə yaşadığımız yeni quruluşun özəl istehsal vasitələrindən biridir. Müstəqilliyimizin ilk illərində bu sahəyə meyil göstərənlərin rastlaşdıqları çətinlikləri xatırlayırsınızmı? Hamının öyrəşdiyi ictimai təsərrüfatlar – sovxoz və kolxozlar, həmçinin fabrik və zavodlar dağıdıldıqdan sonra kimsənin bir neçə nəfəri öz ətrafına yığıb məhsul istehsal etməsinə xülya kimi baxılırdı və o dövr üçün bu, təbii idi. Sistem dağılmışdı, başqa ölkələrlə əlaqələr yox dərəcəsində idi; istehsal üçün istifadə edilən avadanlıqlar istismar müddətini başa vurmuşdu. Belə bir məqamda qurmaq-yaratmaq əzmi ilə yaşayan insanlar ağır dilemma qarşısında idilər...

Yaşadığım o dövrü elə-belə xatırlamadım. Bu gün ölkəmizdə deyil, elə təkcə muxtar respublikamızın istehsal və emal xəritələrinə nəzər salsaq, böyük inqilabi dəyişiklik olduğunu görərik. Bu məsələnin özünün yüksək həllini tapmasında dövlət qayğısı başlıca amildir. Bu da sahibkarlıq fəaliyyətinin gündən-günə genişlənməsinə, bu sahəyə marağın artmasına stimul olub.
Belə subyektlərin fəaliyyəti Ordubad rayonunda da diqqəti çəkir. Onlardan biri də 2013-cü ildə Vənənd kəndində yaradılan “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyətin sədri Emin Məmmədovdur. Onunla istehsal sahəsində həmsöhbət olduq. Öyrəndik ki, burada cəviz, ərik, gilənar, gilas, heyva, şaftalı, albuxara, armud və tutdan şirələr, cemlər, mürəbbələr, cövhərlər, paxlava, şəkərbura hazır­lanır, qablaşdırılır. Müalicəvi bitkilərin qurudulmasının, turşuların hazırlanmasının və paketlənməsinin, həmçinin süd məhsullarının emalının da həyata keçirildiyi müəssisədə, ümumilikdə, 150-dək adda məhsul istehsal edilir. Keyfiyyət amilinə ciddi diqqət yetirilən istehsal sahəsində yaradılmış səliqə-sahman, işçilərin vahid geyim forması, tələb olunan göstəricilərə tam əməl edilməsi diqqətimizdən yayınmadı.
Sanitar-gigiyenik qaydalara tam riayət olunduğu müəssisədə işçilər ildə iki dəfə tibbi müayinədən keçirilirlər. Burada istehsal olunan məhsulların satışında da heç bir çətinlik yoxdur. Hazırda müəssisənin Naxçıvan və Bakı şəhərlərində mağazaları var. İstehsalın həcmi artdıqca ticarət şəbəkəsinin genişləndirilməsi də qarşıdakı hədəflər sırasındadır.
Xammalın haradan əldə edilməsi sualına cavab olaraq Emin Məmmədov bildirdi ki, kifayət qədər torpaq sahəsi icarəyə götürərək müxtəlif meyvə tingləri əkiblər. Bundan başqa, muxtar respublikanın bütün bölgələrindən istehsal üçün lazım olan meyvələr, digər xammallar alınır.
Doxsan dörd kvadratmetr istehsal sahəsinə malik olan müəssisənin gələcək planları çoxdur. Bunlardan biri də çeşidlər artdıqca istehsal sahəsinin genişləndirilməsidir.
Sahibkarlığa, böyük biznesə gedən yolun ailə təsərrüfatlarından keçməsi təcrübədə özünü göstərib və bu gün belə mütərəqqi təsərrüfat formalarının təşkilinə və qayğı göstərilməsinə muxtar respublikamızda ciddi önəm verilir. Onlara kreditlərin, icarə torpaq sahələrinin verilməsi, təsərrüfatların istehsal etdikləri məhsulların standartlara uyğun qablaşdırılması və ya paketlənməsi, satışının təşkili təmin olunur. Belə qayğılardan bəhrələnən torpaq mülkiyyətçilərindən biri də Vənənd kənd sakini Xaliq Mailovdur. Onun ailə təsərrüfatı müxtəlif meyvələrin – 12 çeşiddə mürəbbə, qızılgül, həmərsin və ərikdən şirələr, cəvizdən bir neçə növdə sucuq və alana, həmçinin ərik, sarı gavalı və ərik qurusu hazırlanması ilə məşğul olur. Dörd ildir ki, yaradılmış təsərrüfat göstərilən dövlət qayğısını daim öz üzərində hiss edir, hazırladıqları məhsulların keyfiyyətinə ciddi önəm verir. Ötən il Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına qatılan təsərrüfatın məhsulları yüksək dəyərləndirilib, mükafatlandırılıb.
P.S. Müəssisədən Naxçıvana qayıdıb yolumuzu “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi məhsulların şəhərimizdə satışını həyata keçirən mağazaya saldıq. Səliqə-sahmanı, ticarət normalarına cavab verməsi ilə diqqəti ilk baxışdan çəkən mağazada alıcı Bəhlul Abbasovla hömsöhbət olduq. O bildirdi ki, bir neçə ildir, bu mağazadan dadlı-tamlı Ordubad məhsulları alır. Dedi ki, valideynləri Bakıda yaşayırlar. Bakıya gedərkən onlar üçün də hədiyyəlik məhsullar alıb aparır. Bu məhsullara paytaxt şəhərimizdə də böyük tələbat var. Çünki keyfiyyətlidir, ekoloji sağlam xammaldan hazırlandığı üçün tibbi cəhətdən də faydalıdır.
Vənənd kəndində gördüklərimizdən gəldiyimiz qənaət bir atalar sözünü yadımıza saldı: Çörəyi ver çörəkçiyə...

Muxtar MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR