04 Avqust 2020, Çərşənbə axşamı

Müstəqillik və qurtuluş tariximizin bəhrələri


Qoca tarix üçün çox qısa zaman kəsiyi olan 1993-cü il iyun ayının 15-dən ötən dövrdə keçilən yol ölkəmiz üçün yüzilliklə müqayisə edilə bilər. Bu 27 ildə Azərbaycan Respublikası sabaha inamlı addımlar atmaqla sübut etdi ki, qurucu rəhbəri olan bir dövlət öz dövlətçiliyini, müstəqilliyini qorumağa, inkişaf etdirməyə qadirdir. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, ölkəmiz əsl müstəqilliyinə ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə qovuşdu. Müstəqilliyimizin, sözün əsl mənasında, qorunub saxlanmasını təmin edən ümummilli lider Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişafına sərf edəcəyəm”.

Bu dövrə qısa ekskurs etməklə böyük uğurlar qazanılmasının bir daha şahidi olarıq. Bunu muxtar respublikamızda da ən yüksək və davamlı inkişaf müstəvisində görmək mümkündür.

Naxçıvan ölkəmizin elə bir bölgəsidir ki, həmişə qayğıya ehtiyacı olub. Tarixin müxtəlif dönəmlərində bu ehtiyacın heç orta səviyyədə belə, ödənilmədiyi məlumdur. Yalnız ümummilli liderimiz Heydər Əliyev respublikamıza hakimiyyətə gələndən sonra diyarımıza olan münasibət kökündən dəyişdi. O illərdə Naxçıvanın inkişafının təməli qoyuldu. Bu inkişafa yeni vüsətlə daha böyük yüksəlişə isə 1995-ci ildən başlanıldı. Bu gün muxtar respublikada elə bir sahə yoxdur ki, orada genişhəcmli layihələr həyata keçirilməsin, uğurlar qazanılmasın. Dahi öndərlə başlanılan yol bu gün qədim diyarı sürətli tərəqqiyə gətirib çıxarıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözlərini vurğulamaq istəyirəm: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.
Muxtar respublikamızın sakinləri torpağa bağlı, zəhmətdən qorxmayan, necə deyərlər, daşdan pul çıxarmağı bacaran insanlardır. Üstəgəl, Naxçıvan öz yeraltı və yerüstü sərvətləri, bərəkətli və məhsuldar torpaqları ilə ölkədə ən zəngin bir diyardır. Gəlin görək bu gün həmin sərvətlərdən necə istifadə olunur? Burada da bir məsələni xatırlamağa dəyər: iş təkcə onunla bitmir ki, muxtar respublikada güclü iqtisadiyyata nail olmaq üçün geniş potensial var. Məsələ bu potensialdan necə istifadə etməkdir ki, bunun da son illərdə öz həllini tapması hesabına iqtisadiyyatımız xeyli güclənib. Bu gün bir qarış torpağımız belə, əkilməmiş qalmır. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Hər il muxtar respublikada genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirilir, regiona yeni kənd təsərrüfatı texnikaları gətirilir. Taxılçılığın, kartofçuluğun, heyvandarlığın və digər sahələrin inkişafı üçün yardımlar verilir. Digər tərəfdən yeni emal və istehsal sahələrinin fəaliyyəti genişləndirilir. Bu müəssisələrin məhsulları daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bəzi məhsullarımız ixrac olunur. Rəqabətədavamlı məhsul istehsalı üçün layihələr həyata keçirilir. Güzəştli kreditlər verilir. Bu isə sosial-iqtisadi sahədə xüsusi çəkisi olan sahibkarlığın inkişafında mühüm amillərdən biridir. Sahibkarlığın inkişafı həm də minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Bir iş yeri isə bir ailənin yaşayış səviyyəsinin yüksəlməsi deməkdir.
Dövlətin dayağı onun insanlarıdır. İnsanların ehtiyacının ödənilməsi onların muxtar respublikada güclü iqtisadiyyata nail olunmasında fəallığını artırıb. Güclü iqtisadiyyatı olan diyarda inkişafı bütün sahələrdə görmək mümkündür. Elə götürək təhsil sahəsini. Bu sahənin dünənini bu günü ilə müqayisə etməyə dəyməz.
Bəzən düşünürəm: muxtar respublikanın elə bir ucqar dağ və sərhəd yaşayış məntəqəsi yoxdur ki, orada təhsilin inkişafı üçün nə isə edilməsin. Hələ belə ünvanlarda – şəhərdə, rayon mərkəzlərində tikilmiş məktəb binalarından seçilməyən, ən azından ikimərtəbəli binaları demirəm. Bu ünvanlarda necə şərait yaradılıb sualının cavabı birmənalıdır.
Bu gün elə bir orta təhsil müəssisəsi yoxdur ki, oradan ali məktəblərə qəbul olmasın. Onu da vurğulamağa gərək var: muxtar respublikada artıq kəmiyyət yox, daha çox təhsilin keyfiyyəti diqqətə çəkilir.
Elə digər sahələrdə də, necə deyərlər, baş verən böyük inqilabi dəyişikliklər bu gün qəlbimizi fərəhlə doldurur. Burada da düşünməli olursan: Naxçıvan elə Naxçıvandır, torpaqları, təbii sərvətləri, soyuq qışı, isti yayı olan Naxçıvan... Bəs niyə sovet dönəmində, istərsə də dövlət müstəqilliyi qazandığımız, lakin hakimiyyət davası gedən ötən əsrin 90-cı illərinin əvvəllərində bu işlərin heç 10-15 faizinə bərabər iş görülməyib? Bu gün muxtar respublikada bir ildə ovaxtkı bir beş­illikdən beş dəfə artıq belə layihə öz həllini tapır.
Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim diyar son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Ölkəmizin müstəqilliyi üçün taleyüklü məsələlərin bu diyarda öz həllini tapması bu gün çoxlarına asan görünə bilər. Ancaq Azərbaycanın uçuruma sürüklənmək ərəfəsində olduğu bir vaxtda həmin məsələlərin həll edilməsi cəsarət tələb edirdi. Bu gün qədim diyarımız Naxçıvanda hər bir naxçıvanlı müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi ilə yaşayır. Bu prinsip hər birimizin həyat idealına çevrilib. Fərqi yoxdur, istər yüksək postda duranlar, istərsə də sıravi insanlar üçün dövlətçilik, dövlətçiliyə sədaqət ən ali vəzifədir. Hamı bu vəzifəni yerinə yetirməyi özünün vətəndaşlıq borcu sayır. Bu borc uşaq bağçasından tutmuş ali məktəblərədək təlqin olunur. Belə vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi dövlətçiliyin, müstəqilliyin sabahına ən böyük zəmanətdir. Bunu ulu öndər belə vurğulayırdı: “Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır”.
Bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz və digər bölgələrimiz bu gün inkişaf və tərəqqinin yeni müstəvisindədir. Belə inkişaf və tərəqqi isə müstəqilliyimizin, qurtuluşumuzun bəhrələridir. Bu gün rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsallıdır. Müasirləşən kəndlər bugünkü Naxçıvanın nail olduğu sosial-iqtisadi inkişafın göstəriciləridir.
Dünən Naxçıvanın qonağı olanlar bu gün təəccüblərini gizlədə bilmirlər. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq naxçıvanlılar üçün adi hala çevrilib. Müstəqillikdən bəhrələnən Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir. Xaricdən buraya gələn və yurdumuzun inkişafı barədə bir qədər məlumatı olan bir turistin sözlərini xatırlayıram: – Bu yeniliklər gündə­lik olaraq sizin gözləriniz qarşısında baş verdiyi üçün sizə adi görünür. Ancaq bu gözəlliklərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşması kiçik məsələ deyil. Və bütün bunların təməlində doğma yurda bağlılıq, sevgi və məhəbbət, insan amilinə, yurd amilinə böyük diqqət, müstəqillik ideyalarının bərqərar olması dayanır. Bunun ifadəsidir ki, hər gün, hər saat dəyişən məmləkətimiz başdan-ayağa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yeni yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi... Bunlar Naxçıvanın bugünkü mənzərəsidir. Bu mənzərəni cari ilin ilk beş ayının statistik göstəriciləri daha dolğun əks etdirir.
Bəhs olunan dövrdə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 7 milyon 285 min 500 manat olub. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə 2189,8 manata çatıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk beş ayında muxtar respublikada əsas kapitala yönəldilən vəsaitlər 404 milyon 425 min 200 manat təşkil edib.
Qədim diyarımızda müstəqillik illərində həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb. Bəhs olunan dövrdə muxtar respublikada 450 milyon 876 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu dövrdə 57 milyon 105 min 700 manat kənd təsərrüfatı məhsulu istehsal edilib. Nəqliyyat sektorunda yükdaşınması 5 milyon 804 min ton təşkil edib. İnformasiya və rabitə xidmətlərinin həcmi artaraq 21 milyon 931 min 100 manata çatdırılıb. Bunun 17 milyon 449 min 700 manatı mobil rabitənin payına düşüb. Pərakəndə əmtəə dövriyyəsi 565 milyon 652 min 300 manat təşkil edib. Əhaliyə göstərilən ödənişli xidmətlər davam etdirilir. Bu dövrdə 75 milyon 924 min 900 manatlıq xidmət göstərilib.
“İxrac ili”ndə xarici ticarət dövriyyəsi 155 milyon 506 min 400 ABŞ dollarına çatıb. O cümlədən ixrac 128 milyon 159 min 400 dollar təşkil edib.
Muxtar respublikada nail olunan ictimai-siyasi sabitlik, davamlı inkişaf tendensiyası demoqrafik göstəriciyə də təsirini göstərib, 1 may 2020-ci il tarixə əhalinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3303 nəfər və ya 0,7 faiz artaraq 460294 nəfər olub.
Sadaladığımız rəqəmlər muxtar respublikada qurtuluşla başlanan müstəqillik dövrünün çox cüzi bir hissəsi, qurulanların, yaradılanların bariz ifadəsidir. Qurmaq, yaratmaq isə naxçıvanlıların həyat idealına çevrilib. Çünki yol düzgün seçilib. Bu yol Heydər Əliyev siyasətinə sədaqətin ifadəsidir. Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızda alternativi olmayan bu doğru yol diyarımızı inkişaf və tərəqqinin yeni müstəvisinə gətirib çıxarıb. Kiçik dövlət sayılan ailədə, uşaq bağçasında, orta məktəbdə, ali təhsil müəssisələrində bu yola sadiqlik yüksək səviyyədə formalaşdırılıb. Naxçıvanda haqq-ədalətin uca zirvələr fəth etməyin ən düzgün yolu olduğu artıq sübuta yetirilib. Bu gün hər bir naxçıvanlının dövlətə və dövlətçiliyə sədaqəti doğru yolda olmasının ifadəsidir. Dövlətə və dövlətçiliyə sədaqəti isə insanların həyat səviyyəsində, yaşayışında bütün çalarları ilə görmək olar. Ulu öndərimizlə başlanan müqəddəs qurtuluş yolu naxçıvanlıların qurub-yaratmaq əzmini günü-gündən yüksəldir, gənc­lərin, yeniyetmələrin doğma torpağa, xalqa, Vətənə bağlılığını, onun taleyinə cavabdehlik hisslərini gücləndirir, ən qiymətli sərvət olan müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə çağırır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR