04 Avqust 2020, Çərşənbə axşamı

Ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca amillərdən biri əkinçilik məhsullarının su ilə təminatıdır. Son illər muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir naxçıvanlını ürəkdən sevindirir. Çünki həmin tədbirlərin nəticələrini hər birimiz öz həyatımızda görürük. 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən aldığımız məlumatda bu təsərrüfat ilində də çəkilən zəhmətin hədər getməyəcəyi bildirilir. Çünki zəhmətə bağlanan insanların maddi rifah halının daha da yaxşılaşdırılmasında əvəzsiz rolu olan torpaqlardan səmərəli istifadə diqqət mərkəzində saxlanılıb. Bu tədbirlər cari ilin yanvar-iyun ayları ərzində bir neçə istiqamətdə həyata keçirilib. Belə ki, bəhs olunan dövrdə suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə cəmiyyətin tabe təşkilatları tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilib, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilib, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib.

Məlumatda bildirilir ki, muxtar respublika ərazisində olan su anbarlarına ilin əvvəlindən su ehtiyatının toplanılmasına başlanılıb. Arpaçay Su Anbarına 150, Heydər Əliyev Su Anbarına 55,4, Bənəniyar Su Anbarına 15, Uzunoba Su Anbarına 7,2, Nehrəm Su Anbarına 2,6, Sirab Su Anbarına 2,7 milyon kubmetr olmaqla, ümumilikdə, 241,6 milyon kubmetr su toplanılıb.
Əkin sahələrinin vaxtında və normalara uyğun olaraq suvarılmasını təmin etmək diqqət mərkəzində saxlanılıb. 30 iyun 2020-ci il tarixədək su istifadəçilərinə 152,5 milyon kubmetr su verilib, bunun müqabilində128 min 907 hektar torpaq sahəsi suvarılıb.
Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublika ərazisində 125,3 kilometr beton və torpaq kanal, 116 kilometr ara arxlar, 22 kilometr kollektorun lildən təmizlənməsi həyata keçirilib. Beş kilometr içməli su, 0,6 kilometr kanalizasiya, 41 kilometr suvarma boru, 0,6 kilometr təzyiqli boru, 0,87 kilometr açıq drenaj xətləri çəkilib, 26 kilometr mövcud içməli su, 0,6 kilometr kanalizasiya, 18,5 kilometr suvarma boru, 25 kilometr təzyiqli boru xətlərində, 1,6 kilometr kapitajda, 3,5 kilometr açıq drenajda təmir-bərpa işləri aparılıb. Təmir-bərpa işlərində keyfiyyət amilinə ciddi riayət edilib.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə Babək rayonunda Heydər Əliyev Su Anbarından başlayan Yeni Sağ Sahil magistral kanalında təmir işləri başa çatdırılıb.
Muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə bu il də bir sıra quruculuq tədbirləri həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən aldığımız məlumatda deyilir: Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 2,7 kilometr ana xətt, müxtəlif diametrli borularla 24,5 kilometr paylayıcı boru xətti çəkilib, şəbəkə üzərində 270 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb.
Bu tədbir Şahbuz rayonunun Türkeş kəndi ərazisində də həyata keçirilib. Belə ki, 270 hektar sahədə də qapalı suvarma şəbəkəsinin tikintisi aparılıb, 4,7 kilometr ana xətt, müxtəlif diametrli borularla 4,2 kilometr paylayıcı boru xətti çəkilib. Daylaqlı-Şahbuz avtomobil yolunun kənarında, “Böyrək suyu” bulağının yaxınlığında salınmış yaşıllıq ərazisinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 200 metr yeni arx istismara verilib.
Son illər muxtar respublikamızda qiymətli su mənbələri olan kəhrizlərin təmir-bərpasına ciddi önəm verilir. Bəhs olunan dövrün yanvar-iyun aylarında 5 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə isə təmir-bərpa işləri davam etdirilib.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyuları da diqqətdən kənarda qalmayıb, onlardan 25-nə yeni nasos quraşdırılmaqla 366 ədədi təmir olunub. Bundan əlavə, Babək rayonunun Kültəpə və Şahbuz rayonunun Türkeş kəndlərinin hər birində 1 subartezian quyusu balansa alınıb, Şərur rayonunun Yuxarı Daşarx, İbadulla və Cəlilkənd kəndlərinin hər birində 1 yeni subartezian quyusu tikilərək istifadəyə verilib.

Sərhəd bölgəsi Sədərək rayonunun Heydərabad qəsəbəsi ərazisində yeni əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün 3 subartezian quyusu tikilərək istifadəyə verilib. Görülən işlər nəticəsində Şərur rayonunda 109,4, Babək rayonunda 196,1, Sədərək rayonunda 5,2 hektar olmaqla, ümumilikdə, 310,7 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq tədbirləri də davam etdirilib. Şərur rayonunda Arpaçayda, Babək rayonunda Cəhriçay vadisində, Naxçıvançayda və Qahab selovunda, ümumilikdə, 5,06 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib.
Nasos stansiyalarında suvarma mövsümünə hazırlıqla əlaqədar aparılan təmir-bərpa işləri ilə bərabər, təzyiqli boru xətlərində də təmir işləri görülüb.
Hər il əraziləri genişləndirilən yaşıllıqlara qulluq bu gün hər bir naxçıvanlının vətəndaşlıq borcuna çevrilib. Bu sahədə su təsərrüfatı işçiləri öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bunun ifadəsidir ki, suvarma suyu ilə təminatını yüksəltmək üçün Babək şəhərindən Naxçıvan Hava Limanı istiqamətində, rayonun Güznüt kənd, Nəzərabad kənd, Uzunoba gölünün yaxınlığında olan təpədə, Çeşməbasar-Güznüt, Şıxmahmud-Şahbuz və Xətai-Şıxmahmud avtomobil yollarının kənarında cəmi 12,46 kilometr suvarma boru xətti təmir olunub.
Bəhs olunan dövrdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində də xeyli iş görülüb. Məlumatda deyilir ki, Şərur rayonunda Cəlilkənddə 7,6 kilometr su xətti çəkilib, 342 ev birləşməsi aparılıb və sayğac quraşdırılıb. Ümumilikdə, Cəlilkənddə müxtəlif diametrli borularla 11,3 kilometr içməli su xətti çəkilib, 342 ev birləşməsi aparılıb və sayğac quraşdırılıb, 5 yanğın hidrantı birləşdirilib.
Şərur sutəmizləyici qurğuda dəmir beton və hörgü işləri başa çatıb, binanın dam örtüyü vurulub, ərazidə abadlıq işləri aparılıb.
Babək rayonunun Nehrəm qəsəbəsində və Araz kəndində 36,8 kilometr içməli su və 24,2 kilometr kanalizasiya xətti çəkilib. Ordubad rayonunda su və kanalizasiya xətlərində, quyularda və su anbarlarında təmir işləri, sutəmizləyici qurğunun ətrafında isə abadlıq işləri aparılıb. Sədərək rayonunda adıçəkilən layihənin icrası istiqamətində işlərə başlanılıb və 21,7 kilometr içməli su, 12,5 kilometr isə kanalizasiya xətti çəkilib. Kəngərli rayonunun Qarabağlar kəndində 20,2 kilometr içməli su xətti quraşdırılıb, 470 ev birləşməsi aparılıb. Aşağı və yuxarı su anbarlarında tikinti işləri davam etdirilib.
Bütün bunlar belə deməyə əsas verir ki, muxtar respublikada genişhəcmli meliorativ tədbirlərin həyata keçirilməsi qədim diyarımızda aparılan quruculuq işlərinin tərkib hissəsinə çevrilib. Bu isə əkin sahələrinin vaxtında suvarılmasını təmin edir. Su boldursa, deməli, məhsulumuz da bol olacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR