06 Mart 2021, Şənbə

Yeni ilin ilk ayının ümumi mənzərəsi sosial-iqtisadi inkişafın
bundan sonra da davamlı xarakter daşıyacağını göstərir


Vətən və yurd sevgisindən yoğurulan, qurub-yaratmaq əzmindən güc alan, müdrik siyasətə əsaslanan mahir idarəetmə sükanı qədim və ulu diyarımızı dinamik inkişaf tempi ilə daim irəliyə, yeni zirvələrə doğru aparmaqdadır. Milli-mənəvi dəyərləri qoruyub yaşatması, mühüm siyasi-iqtisadi yenilikləri ilk olaraq reallaşdırması, elm, təhsil, innovasiya sahəsindəki novatorluğu ilə müasir tarixin yeni inkişaf modelinin müəllifinə çevrilən Naxçıvan mühüm sosial-iqtisadi nailiyyətləri ilə daha bir ili arxada qoydu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasındakı məruzəsində vurğuladığı kimi, 2020-ci ildə ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamızda da iqtisadi inkişaf dinamikası qorunub saxlanılmış, əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlər görülmüşdür. Muxtar respublikamızın 2021-ci ilə bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olmaqla, mövcud resurslardan səmərəli istifadə nəticəsində makroiqtisadi göstəricilərdə artım əldə etməklə qədəm qoyması inkişaf konsepsiyasının gələcək uğurlarından soraq verir.

Ardını oxu...

İnsanlığın özü qədər qədim olan Naxçıvan geosiyasi əhəmiyyətliliyi, ecazkar təbiəti və təbii sərvətləri, qədim və zəngin mədəniyyəti ilə yanaşı, güclü dövlətçilik ənənələri ilə də bütün Şərqdə fərqlənən ulu diyardır. Görkəmli dahi şəxsiyyətlər, siyasi xadimlər yetişdirən bu qədim diyarın şanlı tarix salnaməsində keşməkeşli mübarizələr, inkişaf və tərəqqi mərhələsinin özünəməxsus yeri var. 

Ardını oxu...

Son 25 ildəki misligörünməmiş inkişafa nəzər salmaq üçün təkcə ötən ilin
son ayının ümumi siyasi mənzərəsini təhlil etmək kifayətdir

Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində erməni vandallarının 30 ilə yaxın bir müddətdə zəbt etdikləri tarixi Azərbaycan ərazilərinin işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması – Azərbaycanın parlaq qələbəsi ilə tarixə həkk oldu. 2020-ci il noyabr ayının 10-da Ermənistanın hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın imzalanması, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yolları vasitəsilə birləşdirmək istiqamətində, Naxçıvanın gələcək inkişafı və təhlükəsizliyi baxımından da mühüm tarixi addım oldu. Çünki Bəyannaməyə əsasən artıq Naxçıvanın Azərbaycanın digər bölgələri ilə yeni kommunikasiyaları yaranacaq, “Şərqin qapısı” sayılan muxtar diyarımızın Türkiyə və bütövlükdə, Türk dünyası üçün tranzit əhəmiyyətliliyi daha geniş müstəvidə aktuallaşacaq, diyarımız daha böyük iqtisadi-siyasi dəyər və nüfuza sahiblənəcək.

Ardını oxu...

Bunu ötən ayın ümumi siyasi mənzərəsi də bir daha təsdiqləyir

Yola saldığımız noyabr ayı 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən, ümummilli mənafelərə xidmət edən, dövlət müstəqilliyimizin əbədi bərqərar olmasının, müstəqil ölkəmizin çoxşaxəli inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü ilə əlamətdardır. Ötən ay, eyni zamanda uzun illərdir ki, siyasi fəaliyyəti ilə ümumxalq rəğbəti və beynəlxalq nüfuz qazanan bu rəhbər siyasi partiyanın uğurlu, konkret hədəflərə istiqamətlənmiş qətiyyətli siyasi mübarizəsi nəticəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 28 ildir, işğal altında olan ərazilərimizin müzəffər Ordumuzun hərbi qüdrəti ilə azad olunduğu, Azərbaycanın II Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, hərbi, siyasi, həm də ideoloji baxımdan müstəsna əhəmiyyət kəsb edən qələbəyə nail olduğumuz mühüm bir tarixlə də əbədiləşdi. Noyabr ayı muxtar respublikamızın da siyasi, sosial-iqtisadi həyatında mühüm əlamətdar tədbirlər, QURUCU RƏHBƏRİN insan amilinə, doğma yurdun çiçəklənməsinə, rifahına xidmət edən inkişaf və tərəqqi siyasətinin real bəhrələri ilə yaddaqalan oldu. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov noyabrın 3-də Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək demişdir: “Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir”.
Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirmiş, həmçinin Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir. Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri olduğunu, bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildiyini, bu qərarlardan birinin də Naxçıvana Qars üzərindən dəmir yolunun çəkilməsi ilə bağlı olduğunu xatırlatmışdır. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Binəli Yıldırım Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.

Ardını oxu...

XX əsrin 80-ci illərinin ikinci yarısında mənfur ermənilərin heç bir sağlam təxəyyülə sığışmayan “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün başladıqları, 30 ilə yaxın davam edən Azərbaycan-Ermənistan münaqişəsi Azərbaycanın dilbər guşələrindən biri Şuşadan başlamışdı, elə Şuşa ilə də başa çatdı. 1989-cu il Şuşanın, ümumiyyətlə, Qafqazın nadir sərvətlərindən olan, qeyri-adi flora və faunaya malik qədim Topxana meşəsinin qırılması erməni vandallığının çox “adi” və “sadə” detallarından imiş, sən demə. Sonralar bu münaqişənin elə Şuşa ətrafında daha da şiddətlənməsi, ermənilərin Şuşaya gələn su kəmərini partlatmaq, avtobus və maşınları atəşə tutmaq, Ağa körpüsünü partlatmaq yolu ilə şəhərin ölkəmiz ilə əlaqələrini kəsmələri, blokadaya almaları münaqişənin ilk günlərindəcə  diqqətimizi ermənilərin başlıca hədəfinin məhz  Şuşa olmasına yönəltməli idi. 1992-ci ilin may ayında Şuşanın işğalı, əslində isə ilhaqı quşqonmaz sıldırım qayaların başında, dağlar arasında məhz müdafiə məqsədilə yaradılan, əsrlərdir, dövlətçiliyimizin toxunulmazlıq, fətholunmazlıq rəmzinə çevrilən, Qarabağın tacı olan Şuşanın itirilməsi ilə ermənilər bütün Yuxarı Qarabağı zəbt etdilər. 

Ardını oxu...

Cocuq Mərcanlıdan başlayıb Günnütdən güc alan, Böyük Mərcanlıya, Cəbrayıl və Füzuliyə –
böyük qələbəyə aparan zəfər yolu

Çoxəsrlik tarixi-siyasi təcrübənin məntiqi nəticəsi olan məşhur “Müstəqillik qurban tələb edir” aforizmi milli müstəqilliyini böyük qurbanlar bahasına əldə edən Azərbaycan xalqının dövlətçilik tarixində daha bariz şəkildə öz real inikasını tapıb. Bu qurbanların ən bahalısı isə ötən əsrin 80-90-cı illərində torpaqlarımızın 20 faizdən çoxunun işğal edilməsi oldu. Təbii ki, bu, aciz, qorxaq, həm də kölə xislətli mənfur ermənilərin öz şücaəti hesabına deyil, neft və milyonlar səltənəti Azərbaycanı öz müqəddəratı ilə baş-başa buraxmağa heç vəchlə razı olmayan möhtəkir müstəmləkələrin Azərbaycanı var qüvvələri ilə sındırmaq, asılı vəziyyətə salmaq istəyi nəticəsində baş verdi. O zaman ölkəmizdə gedən hakimiyyət davası, iqtidarsız iqtidarın ölkəni vətəndaş müharibəsi həddinə gətirəcək özbaşınalıqları ardıcıl, faciəvi ərazi itkilərimizlə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mövcud vəziyyətdə atəşkəsə nail olmaqla ölkəni ağır siyasi-hərbi böhran vəziyyətindən, növbəti məğlubiyyət və itkilərdən xilas etdi. Ulu öndər Dağlıq Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq ictimaiyyəti obyektiv şəkildə məlumatlandırmaq, milli həmrəyliyə, ordu quruculuğuna, güclü hərbi kadr potensialına nail olmaq istiqamətində misilsiz xidmətləri ilə ərazi bütövlüyümüzün bərpası üçün real situasiyanın yetişməsinə rəvac verdi. 


Tarixi ədalət bərpa edilir

Uzun illər sonra – 2016-cı il aprel ayının əvvəllərində təcavüzkar Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribata cavab olaraq qəhrəman ordumuz işğal altında olan 2000 hektara yaxın ərazimizi, o cümlədən Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etdi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu.

Ardını oxu...

(hekayə)

Nigar “Onunla” hər dəfə “görüşə” həsrətlə can atsa da, mənzilbaşına yaxınlaşanda “ürəyi qulaqlarında döyünür”, dizləri bükülür, ayaqları sözünə baxmırdı. Beləcə, gənclik şövqünü itirməmiş, məhəbbət və qayğı dolu baxışları ilə Nigarı “qarşılayan” “Ona” yaxınlaşdı, ehmalca “qarşısında” diz çökdü. Qəlbindəki xatirələr yumaq-yumaq çözələnib, gözlərində yaşa dönüb gilələndikcə, yanağıboyu yuvarlandıqca, ürəyinə bir sərinlik gəldiyini hiss edirdi...

Ardını oxu...

Ötən ayın ümumi mənzərəsinə nəzər salsaq, bunun bir daha şahidi olarıq


Azərbaycanın dilbər guşəsi, çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik qədim diyarı Naxçıvan xüsusi əlverişli coğrafi mühitdə, mühüm geostrateji mövqedə yerləşdiyinə, təbii sərvətlərlə zəngin olduğuna görə tarixən beynəlxalq mənafelərin kəsişdiyi, siyasi maraqların toqquşduğu bir ərazi olub. Ötən əsrin sonlarında mürəkkəb ictimai-siyasi şəraitin yarandığı bir dövrdə – 1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi blokada nəticəsində iqtisadi və siyasi böhran məngənəsinə düşən, erməni yaraqlılarının hücumları ilə təkbətək qalan muxtar respublikanı məhv olmaq təhlükəsindən xilas etdi. Müstəmləkəçiliyə qarşı kütləvi şəkildə mübarizəyə qalxan naxçıvanlılar məhz yeganə xilasedici liderin – ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşməklə erməni işğalçılarını yerində oturda bildilər. Naxçıvan şəhəri ölkənin siyasi mərkəzinə – gələcək müstəqilliyin bərqərar olmasında əhəmiyyətli siyasi-tarixi rol oynayacaq bir məkana çevrildi. Bəhs olunan dövrdə müstəqilliyin bərpası istiqamətində muxtar respublikamızda görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılır, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilirdi. Nəticədə, Naxçıvan, nəinki blokada kimi ağır sınaqdan mətinliklə çıxdı, özünə­məxsus blokadada inkişaf modelini yaratmaqla tarixə öz möhtəşəm imzasını qoydu. 

Ardını oxu...

 (bir pərdəli pyes)

          Hadisələr 2020-ci ildə Müstəqil Azərbaycanda cərəyan edir. 2016-cı ildə erməni işğalçılarından azad edilmiş Lələtəpə yüksəkliyi, 2018-ci ildə – 26 ildən sonra işğaldan azad olunmuş Günnüt kəndi 2020-ci il oktyabr ayının 3-də düşməndən azad edilən Suqovuşanın pişvazına çıxıb onu salamlayırlar.

LƏLƏTƏPƏ: – Xoş gördük, Suqovuşan! Azadlığın, azad adın mübarək!

GÜNNÜT: – Bilirsənmi, “İrəli!” deyə sənin xilas əmrini verən xalqın O böyük oğlu, lideri özü müjdələdi sənin azadolma xəbərini, sənin xilaskarlarına təşəkkür etdi!

LƏLƏTƏPƏ: – Bu sevinc, azadlıq hüsnünə ikiqat gözəllik gətirib!

SUQOVUŞAN: – Çox sağ olun, dostlar! Nəhayət, mən də anamız Azərbaycana qovuşdum! Məni gözəlləşdirən, hüsnümə yaraşıq verən köksümdəki doğma bayrağın al şəfəqidir!

LƏLƏTƏPƏ: – Bu əziz gündə köksümüzdəki torpaqdan sənə hədiyyə gətirmişik!

GÜNNÜT: Bu da əsl sahiblərimizin – azərbaycanlıların ulu babalarının yaşadığı ən qədim və əzəl Qaya Qızılqayadan! (Lələtəpə və Günnüt əllərindəki torpaqları Suqovuşana verirlər. Suqovuşan torpaqları ciyərdolusu iyləyir).

SUQOVUŞAN: – Ah, nə gözəl Vətən ətri gəlir! Şükür, qovuşdurana! Bilirsinizmi, bu günlərin həsrətilə necə alışıb yanırdım?

                     

LƏLƏTƏPƏ: – Bu həsrəti biz də az yaşamamışıq. Sən də otuz ilə yaxındır, azğın düşmən yuvasına çevrilib, öz övladlarına qənim kəsilənlərə yurd-yuva olmağa məhkum edilmişdin. Vaxtilə öz övladlarının qurub-yaratdığı su elektrik stansiyası düşmənə fayda verdikcə bilirik ki, yanıb-yaxılırdın. Axı qoynundakı qədim alban abidələri özü sənin tarixi Azərbaycan torpağı olduğunu sübut edir. Mənfur düşmənlər isə sənin gözəlliklərini turistlərə öz ata-babalarından qalmış miras kimi mədh edir, balıqartırma zavodu da tikməklə iqtisadi səmərəliliyindən bəhrələnirdilər. Aprel döyüşlərində igid oğullarımızın əsas xilas hədəfi olsan da, görünür, qismət bu günə imiş.

SUQOVUŞAN: İşğalçı dövlətin Qarabağdakı qəsbkarlıqla, azğınlıqla ad çıxaran əsas hərbi bazasının köksümdə yerləşib öz övladlarımın qatilinə çevrilməsinə dözə bilmirdim. Cocuq Mərcanlı abadlaşıb gözəlləşdikcə, Nuh yurdunun vətənpərvər, hünərvər oğlu Günnütü salamlayıb onun xilaskarlarını mükafatlandıranda, köksünüzdəki bayraqlar Bakıda – qələbə ruhlu paradda zəfər yürüşü edərkən ümidim, inamım artır, bu günün gələcəyini gözləyirdim.

GÜNNÜT: – İndi artıq sən də azadsan. İgid əsgərlərimizin şimal istiqamətində irəliləməsinə, əraziyə nəzarət etmələrinə yardımçı olacaqsan. Ər oğlu ərlərimiz köksündə Ağdərə üçün təminat yollarına – Murov-Kəlbəcər-Tərtər yoluna nəzarət etməklə düşmənlərimizin hərbi imkanlarını məhdudlaşdıracaq, planlarını alt-üst edəcək, onları tezliklə diz çökdürəcək. Tezliklə öz xeyir-duanla onları Ağdama, Kəlbəcərə doğru uğurlayacaqsan. Axı sənin adın o qəhrəman, o cəsur, Vətən aşiqi Mübarizlə də bağlıdır.

                                                                              

       SUQOVUŞAN: – Bilirsiniz, igid Mübarizimiz gecə ilə sinəmdə düşmən üstünə şığıyıb, onu al qanına qəltan edib qan qusdurduqca elə bilirdim, bir ordu vuruşur düşmənlə! Köksüm qabarırdı, dizlərinə taqət, qollarına qüvvət olmağa, bağrımda gizlədilən düşmən minalarından onu qorumağa çalışırdım. Beş saatın içində beş min il də keçsə, düşmənə unuda bilməyəcəyi dərs verdi, qan uddurdu onlara, tarix yazdı! Qoruya bilmədim onu, ilk laylasını qoynumda özüm çaldım, uyutdum! Murdar düşmən onun nəşinə belə, yaxın düşməyə cəsarət etmirdi! Kaş bu azad günümü öz gözləri ilə görə idi!

LƏLƏTƏPƏ: – Qəm yemə, bax bu gün onun da ruhu Vətən göylərindən bizi şadlıqla seyr edir!

GÜNNÜT: – Bu gün səni, məni xilas edənlər də elə MÜBARİZLƏRDİR!

 

     SUQOVUŞAN: – Bilirəm, Günnüt, köksündəki Oğuz qəbiristanlıqları yaşının üç minillikdən çox olduğunu söyləyir. Adın-sorağın “Günortac daşı” kimi “Kitabi-Dədə Qorqud” dastanlarından gəlir. Başın az bəlalar çəkməyib! 26 il düşmən tapdağında inləmisən! Qoynundakı ciyərparələrin – Çanaxçı, Çivə Amağu kəndləri vaxtilə zorla düşmənə bəxşiş edilib. Səninlə yanaşı, 11 min hektara yaxın ərazini də nəzarət altına alan qeyrətli övladların İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ayıq-sayıq nəzarət edə bilir. Öz sahiblərin köksündə min bir büsat qurub əmin-aman yaşaya bilir, sənə doğma əllər sığal çəkib əkib-becərir, bəhrəni görür. Arpaçay Su Dəryaçası da artıq etibarla qorunur.

GÜNNÜT: – Lələtəpə, qalibiyyətimiz səninlə başladı. Bu xalq məğlubedilməzliyini, qüdrətini, rəşadətini ilk səninlə göstərdi! Sənin də tarixin, etnoqrafiyan, dəyərin hər kəsə yaxşı bəllidir. 2016-cı ilin şanlı Aprel döyüşlərində 40 dəqiqə ərzində halal sahibinə qovuşdun. Üzərində ayıq-sayıq keşik çəkən öz övladlarımız bu gün Cocuq Mərcanlını da məğrurluqla qoruyur, Horadiz qəsəbəsini və Füzuli rayonunu atəş nəzarətində saxlaya bilir.

                                                               

  LƏLƏTƏPƏ: – Bəli, mənim də 1993-cü ildə bağrıma dəyən murdar düşmən tapdaqlarının, nəhayət ki, dörd ildir, rəddi-izi kəsilib. 2017-ci ilin fevral döyüşləri zamanı məni anam Azərbaycanın bağrından təkrar qoparmaq istəsələr də, igid, məğrur övladlarım buna yol vermədi. Bu oğullar bundan sonra da bizləri qoruyacaqlar! Onlar MÜBARİZ ruhlu, POLAD iradəlidirlər! İLHAM qətiyyətindən güc alanlardır!

Dostlar, zəfər zəfər ardınca gəlir! Doğru deyiblər ki, xalq nazilər, üzülməz! Nəhayət, onilliklər sonra da olsa, həqiqət gün üzünə çıxdı (əli ilə Günnütü göstərir), sular duruldu Suqovuşana işarə edir), biz anamız Azərbaycana qovuşduq! Köksümüzdəki o bayraqları göz bəbəyimiz kimi qoruyaq! Onda bizim uğrumuzda şəhadət tapan ər oğullarımızın can əmanəti var!!!

GÜNNÜT: – Qoruyaq ki, bütün torpaqlarımız, doğma Qarabağımız da anamız Azərbaycana qovuşanda böyük qələbəni qeyd edəcək, bu bayraqlarımızla birgə zəfər yürüşü edəcəyik!
(Hər üçü qucaqlaşıb görüşür, əl-ələ verib xorla):

– Biz qalibik, biz Vətənik, biz Azərbaycanıq! – deyirlər.

Ətrafdan döyüş səsləri gəlir. Azərbaycan əsgərlərinin “Qələbə!”, “İlhamla irəli!”, “Qarabağ Azərbaycandır!”, “Biz birlikdə güclüyük!” səsləri yüksəlir...

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

 

 

Ötən ayın ümumi mənzərəsi də bunu bir daha təsdiq edir


Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar müdrik siyasəti, Azərbaycan Prezidenti cənab İlham Əliyevin varislik prinsiplərinə əsaslanaraq ulu öndərin siyasi ideyalarını qətiyyətlə və yaradıcı şəkildə gerçəkləşdirməsi ölkəmizin inkişaf etmiş dünya dövlətləri sırasında bərqərar olması ilə nəticələnməkdədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim diyarımızda blokada şəraitində möhtəşəm inkişaf strategiyasının həyata keçirilməsi, sosial-iqtisadi, elmi-mədəni tərəqqiyə nail olunması isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Heydər Əliyev ideyalarına sarsılmaz sədaqətinin bəhrələri, siyasi sadiqlik əzminin təntənəsidir. 

Ardını oxu...

Mürəkkəb tarixi dövrdən müasir təhlükəsiz diyara

Naxçıvan Muxtar Respublikasında çoxşaxəli dinamik inkişafa nail olunması, uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi, mühüm dövlət proqramlarının reallaşdırılması doğma yurdumuzu nəinki ölkəmizin regionları arasında liderlik səviyyəsinə yüksəldib, həm də onu beynəlxalq sferada yüksək tərəqqi tempinə malik, çiçəklənən bir diyar kimi tanıdıb. Ümummilli lider Heydər Əliyev siyasətinin muxtar respublikamızda əzmkarlıq və sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan dünyada elm, təhsil, iqtisadi-mədəni əməkdaşlıq baxımından ən etibarlı bir tərəfdaş hesab edilən bir diyara çevrilib. İftixarla demək olar ki, bu gün muxtar respublika 10-dan çox ölkəyə 10 adda, 120-dən çox çeşiddə məhsul ixrac edir, bir çox beynəlxalq layihənin iştirakçısıdr. Bu gün Naxçıvan Dövlət Universiteti 50-yə yaxın dünya universitetləri ilə beynəlxalq əlaqələrə malikdir və heç də təsadüfi deyildir ki, dünyanın 9 ölkəsindən 787 əcnəbi tələbə təhsil almaq üçün məhz bu ali təhsil ocağına üstünlük verib. 2019-cu ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415 min 932 turist səyahət üçün məhz Naxçıvanı seçib.

Cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisinə 40 minə yaxın miqrant daxil olub. Bütün bu uğurların əsasında isə heç şübhəsiz ki, ictimai-siyasi sabitliyin bərqərar olması, asayişin qorunması dayanır. Müstəqilliyin əldə edildiyi ilk illərdə bir tərəfdən mənfur erməni qəsbkarlarının davamlı işğalçı hücumları ilə müharibə yuvasına çevrilməsi, digər tərəfdən isə ölkədə hakimiyyət uğrunda gedən daxili çəkişmələr, başabəla ölkə rəhbərlərinin yarıtmaz fəaliyyəti və biganə münasibəti ilə “təklənmiş ada”ya çevrilən diyarımız nəinki turistlər, xarici iş adamları, öz həmvətənlərimiz üçün belə “arzuolunmaz məkan”a çevrilmişdi. Heç də təsadüfi deyil ki, 1990-cı il iyul ayının 22-də ümummilli liderimiz Heydər Əliyevi Naxçıvanda qarşılayan 100 minlik izdiham, 1991-ci il sentyabrın 3-də isə ulu öndərin Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri vəzifəsinə seçilməsini israrla tələb edən çoxsaylı əhali görkəmli dövlət xadiminin ətrafında sıx birləşməklə bütün maddi çətinliklərin, iqtisadi böhranın fövqündə Naxçıvanın müdafiəsini və burada ictimai-siaysi sabitliyin, asayişin bərqərar olunması arzusunu ifadə etmişdi. Təxminən 30 ilə yaxın bir dövrdə muxtar respublikada dinamik sosial-iqtisadi tərəqqi, əhalinin sosial rifah halının gücləndirilməsi, sahibkarlığın inkişafına yaradılan şərait yeni iş yerlərinin açılması, özünüməşğulluq problemlərinin ortadan qaldırılması nəticəsində ictimai-siyasi sabitlik də bərqərar olub. Muxtar respublikada aparılan məqsədyönlü dövlət siyasətinin əsasında isə o dururdu ki, sabitlik təmin olunmadan, asayiş qorunmadan davamlı inkişafdan danışmaq mümkün deyil. Bu gün Naxçıvan artıq, ən təhlükəsiz, əminamanlıq dolu bir diyar kimi dünyanın diqqət mərkəzindədir. Müxtəlif dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin rəsmi səfərlərinə məhz buradan başlaması, Avropanın məşhur iş adamlarının, mədəniyyət xadimlərinin, turistlərin məmnuniyyətlə buranı seçməsi, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı, Türk Şurası Gənc Liderlərinin ilk forumu, ənənəvi Beynəlxalq Şahmat Festivalı kimi mühüm  dünya əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi edə bilməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” adını bütün dini və mənəvi dəyərlər ehtiramı, yüksək təşkilatçılıq baxımından doğrultması iftixar və qürurvericidir. Uzun illər ərzində yürüdülən düşünülmüş siyasət, həmrəyliklə aparılan mübarizələr nəticəsində dayanıqlı xarakter almış ictimai-siyasi sabitlikdə, ictimai təhlükəsizliyin təmin edilməsində hüquq-mühafizə, xüsusilə də daxili işlər orqanlarının faəliyyətlərinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri də ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis orqanlarıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Dahi şəxsiyyət bu zərurəti əsas götürərək ölkəmizə birinci rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi sistemində çalışanların vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirmiş, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradılmış, onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirilmişdir”. 

Ardını oxu...

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüur səviyyəsinin formalaşmasında mühüm rol oynayan əsas ideoloji vasitədir. Bu mənada, ilk milli mətbuatımız “Əkinçi”nin ideya və məfkurəsi özündən çox-çox əvvəl doğulmuşdu. Böyük maarifpərvər ziyalı, “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi qəzet nəşri ideyası barədə sonralar yazırdı: “Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər”.

Ardını oxu...

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR