Xəbər verdiyimiz kimi, Hindistan Respublikasının ölkəmizdəki föv­qəladə və səlahiyyətli səfiri Sanjay Rana mayın 31-də Naxçıvan Muxtar Respublikasına səfər edib. İyunun 3-dək davam edən səfər çərçivəsində diplomat muxtar respublikanın təhsil, mədəniyyət müəssisələri, tarixi abidələri və gəzməli-görməli yerləri ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunan “Əlincəqala” tarixi abidəsi və muzeyi səfirdə böyük maraq doğurub. Burada qonağa məlumat verilib ki, Əlincəqalanın iki min ildən çox tarixi var. Qala I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olub, qala-şəhər kimi formalaşıb. 14 il Əmir Teymurun qoşunlarına müqavimət göstərib. “Əlincəqala” tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır.
Culfa rayonunun ərazisində yerləşən Gülüstan türbəsilə tanışlıq zamanı Hindistanın ölkəmizdəki səfirinə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. Türbənin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. XII əsrə aid olan Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilib, abidənin orijinallığı qorunub saxlanılıb. Beləliklə, Gülüstan türbəsinə ikinci həyat verilib.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı Əshabi-Kəhfin sirli tarixi barədə öyrəndikləri səfirin hədsiz marağına səbəb olub.
Sanjay Rana Batabat iqlim-kurort zonasında da olub. Burada bildirilib ki, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə olan Batabat yaylağı ərazisindəki 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğunda hazırda 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. Səfir Batabat yaylağındakı göllərlə yaxından maraqlanıb. Diqqətə çatdırılıb ki, bu hidroloji abidələr eyni­adlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur Üzən ada, Zorbulaq da burada yerləşir.
Ağbulaq İstirahət Mərkəzi ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən bu istirahət mərkəzi qonaqda xoş təəssürat yaradıb. Bildirilib ki, 2013-cü ildə istifadəyə verilib. 3,5 hektar ərazisi olan mərkəz 2 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur.
Bununla da, Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Muxtar respublikadan xoş ovqatla ayrılan səfir Sanjay Rana “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi və Naxçıvan təəssüratları barədə danışıb. Diplomat ­deyib: – Səfərimin əsas məqsədi əlaqələrimizi inkişaf etdirmək, mədəni, təhsil, iqtisadi sahələrdə əlaqələrin stimullaşdırılmasına şərait yaratmaqdır. Biz bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafını istəyirik. Muxtar respublikaya səfərim zamanı bir sıra yüksək səviyyəli görüşlər keçirdim. Bu görüşlərdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək haqqında müzakirələr apardıq. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.
“Muxtar respublikada sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir. Bir sözlə, Naxçıvan iqtisadiyyatı günü-gündən güclənir”, – deyən Sanjay Rana muxtar respublikadakı bütün tarixi abidələrin mükəmməl şəkildə bərpa edildiyini də vurğulayıb. Onun ən çox diqqətini çəkən isə “Əlincəqala” tarixi abidəsi olub. Çünki yüksəklikdə yerləşən bu abidənin bərpası hər bir insanda təəccüb doğurur. Bu barədə danışan səfir deyib: – İlk dəfədir ki, Əlincə­qalanı ziyarət edirəm. Çox qədim tarixə malik olan qalaya yeni həyat verilib və bərpa edilib. Bura çox maraqlı bir yerdir və turistlərin qədim tarixi, möhtəşəm mənzərəni görməsi üçün ideal bir məkandır. Çox şadam ki, ailəmlə bura gəlmək mənə qismət oldu. Pillələrlə bura qalxmaq insana ayrıca bir zövq verir. Göstərilən ­diqqətə və xoş qarşılanmaya görə minnətdarlığımı bildirirəm.

 Nail ƏSGƏROV
Tural AĞAYEV