Muxtar respublikamızda məktəb binalarının tikintisi, müasir tədris şəraitinin yaradılması təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olmuşdur. Təhsilə göstərilən qayğı son 17 ildə geniş vüsət almış, muxtar respublikada 200-ə yaxın məktəb binası tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir.

    Dekabrın 14-də muxtar respublikanın müasir məktəb binalarının sırasına biri də əlavə edilmiş, Nehrəm kənd 1 nömrəli tam orta məktəbin yeni binasının açılışı olmuşdur.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: “Bu gün ölkə­mizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sabitlik və sosial-iqtisadi yüksəliş təmin olunub. Ölkəmizdə mövcud olan sabitlik bütün sahələrlə yanaşı, təhsilin də hərtərəfli inkişafı ilə səciyyələnir. Prioritet sahə olan təhsil bu gün Azərbaycan dövlətinin sosial-inkişaf xəttində mühüm yer tutur. Ona görə ki, təhsilə qoyulan sərmayə, göstərilən qayğı təkcə ölkəmizin bu gününə deyil, eyni zamanda gələcəyinə xidmət edir, yüksək intellektual potensialın formalaşmasını şərtləndirir. İstifadəyə verilən Nehrəm kənd 1 nömrəli tam orta məktəbin binası da ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının daha bir nümunəsidir”.
   Ali Məclisin Sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi və kənd sakinlərini təbrik edərək demişdir: “Məktəbdə müasir təhsilin bütün tələbləri nəzərə alınmış, ən yeni elektron tədris avadanlıqları quraşdırılmışdır. Perspektiv də nəzərə alınmaqla, 900 şagird yerlik olan məktəbdə 4-ü elektron lövhəli olmaqla, 50 sinif otağı, 57 kompyuterin quraşdırıldığı 3 kompyuter sinfi, zəngin kitabxana, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, idman zalı kollektivin istifadəsinə verilir”.

     Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək demişdir ki, bu il məktəbin məzunlarından 22-si ali məktəblərə, 6-sı orta ixtisas məktəbinə, 1-i doqquzuncu sinif bazasından Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuş, məzunlardan 4-ü isə ali məktəblərə qəbulda 500-700 intervalında bal toplamışdır. Bu nəticələr onu göstərir ki, məktəbdə tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilmiş, kollektiv qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışmışdır.

 

      Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş, ulu öndərimiz Heydər Əliyevin “Gəncləri vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə etmək üçün orta məktəblərdə çox iş görülməlidir. Məktəblərdə tədrislə bərabər, vətənpərvərlik işinə də diqqət ayrılmalı, bu sahə daim diqqətdə saxlanmalıdır” fikrini xatırladaraq demişdir: “Nehrəm kənd 1 nömrəli məktəbin keçdiyi inkişaf yolu onu deməyə əsas verir ki, məktəbin yüksək təhsil ənənələri olmuş, burada bilikli, vətənpərvər kadrlar hazır­lanmışdır. Bunun nəticəsidir ki, məktəbin məzunları bu gün müxtəlif sahələrdə çalışaraq müstəqil ölkəmizin inkişafı üçün səy göstərir, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”.Ali Məclisin Sədri yaradılan şəraitin müqabilində məktəbdə bundan sonra da intellektli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamışdır.

      Məktəbin müəllimi Təranə Fətullayeva demişdir ki, muxtar respublikada tikilən və əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri Naxçıvanın müasir tarixinin bütöv bir salnaməsi, xalqımızın dünəni, bu günü və gələcəyidir. Muxtar respublikamızın ən böyük yaşayış məntəqələrindən biri olan Nehrəmdə yeni məktəb binasının tikilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Məktəb binası müasir tədrisin tələbləri nəzərə alınaraq tikilmişdir. Yaradılan şərait qədim təhsil ənənələrinə malik olan Nehrəmdə yüksək intellektli və vətənpərvər gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək, ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir.

   Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsmiş, birincilərin təhsil aldığı siniflərə baxmışdır. Bu il birinci siniflərə 73 şagird qəbul olunmuş, 4 birinci sinif yaradılmışdır. Bildirilmişdir ki, ibtidai siniflərə məktəbin birinci mərtəbəsində, yuxarı siniflərə isə digər mərtəbələrdə ayrılmış sinif otaqlarında dərslər keçiləcək. Müasir tədrisin tələbləri nəzərə alınaraq muxtar respublikanın məktəblərində tətbiq olunan bu vasitə tədrisin səmərəliliyi baxımından əhəmiyyətlidir.

     Məktəbdə yaradılan kitabxananın fondunda 16 min 220 ədəd latın qrafikalı dərslik və 7185 bədii ədəbiyyat olmaqla, 23 min 405 ədəd kitab vardır. Bildirilmişdir ki, son 7 ildə muxtar respublikanın təhsil müəssisələrinə 1,6 milyon nüsxədən artıq dərslik, 630 min nüsxə bədii ədəbiyyat, şahmatın tədrisi üçün 325, ayrı-ayrı fənlərin tədrisi üçün isə 2140 ədəd elektron tədris vəsaiti verilmişdir. Müasir tədris vasitələrindən istifadə dərslərin keyfiyyətinin artırılmasına imkan verəcəkdir. Nehrəm kənd 1 nömrəli tam orta məktəbdə də zəngin kitabxananın yaradılması şagirdlərin bədii ədəbiyyatları mütaliə imkanlarını xeyli artırır. Baxış zamanı qeyd olunmuşdur ki, şagirdlərin kitabxanadan istifadəsinə diqqət artırılmalı, kitabxanada bədii əsərlərin müzakirələri, kitab sərgiləri təşkil olunmalı, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilməlidir.

   Təhsil ocağına müasir kompyuter dəstləri verilmiş, elektron lövhəli siniflər yaradılmış, kimya, biologiya və fizika laboratoriyaları əyani vasitələrlə təmin edilmişdir. Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və hərbi biliklərin dərindən öyrənilməsinə də diqqət yetirilmiş, hərbi kabinə yaradılmışdır.İdman zalında müxtəlif idman növləri üzrə dərslərin tədrisi və şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılmışdır.

     Baxış zamanı məlumat verilmişdir ki, məktəbdə gənc pedaqoji kadrların fəaliyyəti üçün də lazımi şərait yaradılmış, bu il keçirilən təhsil yarmarkasında kimya və riyaziyyat-informatika fənləri üzrə 2 müəllim Nehrəm kənd 1 nömrəli tam orta məktəbə təyinat almışdır. Hazırda məktəbdə 685 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 87 müəllim məşğul olur. Müəllimlər dərslərin yüksək səviyyədə tədrisinə, ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələrin qazanılmasına xüsusi diqqət yetirirlər.
   Müəllimlərlə səmimi söhbət zamanı Ali Məclisin Sədri 2013-cü ildə də muxtar respublikamızda yeni məktəb binalarının tikilib istifadəyə veriləcəyini bildirmiş, yaradılan şəraitin müqabilində məktəbdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulamışdır.

     Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıq edən məktəbin müəllimləri gənc nəslin təlim-tərbiyəsində öz səylərini əsirgəməyəcəklərinə söz vermişlər.
     Dördmərtəbəli məktəb binasının həyətində geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri və açıq idman qurğuları quraşdırılmış, 2,5 hektarlıq əraziyə 2 mindən artıq meyvə tingi əkilərək yeni meyvə bağı salınmış, məktəbin qarşısından keçən 3,1 kilometrlik kənddaxili yol asfaltlanmışdır

 

 

* * *

   Məktəb binasının qarşısında kənd ziyalıları ilə görüşən Ali Məclisin Sədri ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin, həyata keçirilən mühüm infrastruktur layihələrinin Nehrəm kəndini də əhatə etdiyini bildirmiş, bundan sonra da kəndin inkişafına, sakinlərin sosial-rifah halının yüksəldilməsinə hərtərəfli dövlət qayğısının göstəriləcəyini vurğulamışdır.

     Sakinlər kənddə yaradılan müasir infrastrukturu, istifadəyə verilən yeni məktəb binasını, həyata keçirilən abadlıq işlərini ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev quruculuq xəttinin bəhrələri kimi dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, kənd yaşayış məntəqələrinin kompleks yeniləşməsi, müasirləşməsi muxtarrespublikamızın hərtərəfli inkişafının göstəricisidir. Bu inkişaf Nehrəm kəndini də əhatə etmiş, kənddə yeni sosial obyektlər tikilmiş, yeni su və kanalizasiya sistemlərinin çəkilişi istiqamətində tədbirlər davam etdirilir. Göstərilən dövlət dəstəyi insanların məşğulluğunun təmin olunmasına, sakinlərin sosial-rifah halının yüksəldilməsinə səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti