İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Müşavirəni açan Prezident İlham Əliyev deyib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.
Sonra müşavirə iştirakçılarının məsələ ilə bağlı çıxışları olub.
Sonda Prezident İlham Əliyev müvafiq tapşırıqlar verərək qeyd edib ki, tədbirlər planına bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır.

AZƏRTAC