Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir 

1. Ümumi müddəalar 

1.1. Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti (bundan sonra – Xidmət) avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair qayda və tələblərə riayət edilməsini tənzimləyən və avtomobil nəqliyyatı sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmətin müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına ­maliyyələşdirilir.
1.6. Xidmət Naxçıvan şəhərində yerləşir. 

2. Xidmətin fəaliyyət istiqamətləri 

2.1. Xidmətin fəaliyyət istiqamətləri ­aşağıdakılardır:
2.1.1. muxtar respublikada avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir;
2.1.2. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı ilə bağlı tədbirlər görür;
2.1.3. sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə müvafiq qanunvericiliyə riayət olunmasına nəzarət edir;
2.1.4. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir;
2.1.5. avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;
2.1.6. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 

3. Xidmətin vəzifələri 

3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında aidiyyəti üzrə təkliflər vermək, bu sahədə nəzərdə tutulan tədbirləri icra etmək;
3.1.2. avtomobil nəqliyyatı sahəsində pro­qramların icrasını təmin etmək;
3.1.3. avtomobil nəqliyyatının subyektləri tərəfindən sərnişin və yük daşımalarına dair qayda və tələblərə riayət olunmasına nəzarət etmək;
3.1.4. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək;
3.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıları cəlb etmək;
3.1.6. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsini, sürücülərin reysqabağı tibbi müayinəsini, o cümlədən rübdə bir dəfə həmin avtonəqliyyat vasitələrinin texniki yoxlanılmasını təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək;
3.1.7. səlahiyyətləri daxilində qiymət və tarif siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.8. avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına, qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərnişinlərin icbari sığortalanmasına, habelə mövcud tariflərə uyğun gediş haqlarının tətbiqi qaydalarına riayət olunmasına nəzarət etmək;
3.1.9. qanunvericiliklə müəyyən edilmiş qaydada taksi minik avtomobilləri ilə sərnişin daşınması qaydalarına əməl olunmasına nəzarət etmək;
3.1.10. müəyyən olunmuş qaydada avtobus və taksi minik avtomobili dayanacaqlarının, həmçinin avtovağzalların pasportlaşdırılmasını həyata keçirmək və avtovağzalların göstərdikləri xidmətlərin səviyyəsinin onlara verilmiş pasportda müəyyən olunmuş kateqoriyalara uyğunluğunu təmin etmək;
3.1.11. avtomobil nəqliyyatı sahəsində normativ hüquqi aktların, texniki norma və qaydaların tələbləri pozulduğu hallarda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;
3.1.12. avtomobil nəqliyyatı infrastrukturu obyektlərinin, o cümlədən avtovağzalların, dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki təmir stansiyalarının (sahələrinin) yerləşdirilməsinə rəy bildirmək;
3.1.13. müəyyən olunmuş qaydada avtomobil nəqliyyatı sahəsində ətraf mühitin qorunmasına dair təkliflər vermək;
3.1.14. Xidmətin fəaliyyətinin təşkili ilə bağlı ayrılan büdcə vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.15. müvafiq sahəyə daxil olan müəssisələr tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədyönlü istifadəsini və onların vaxtında qaytarılmasını təmin etmək;
3.1.16. Xidmətin sərəncamındakı dövlət əmlakını və maliyyə vəsaitlərini qanunvericilikdə müəyyən olunmuş qaydada idarə etmək;
3.1.17. Xidmətin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatların və digər məxfi informasiyanın qorunub saxlanmasını təmin etmək;
3.1.18. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.19. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

4. Xidmətin hüquqları 

4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
4.1.2. vəzifə və funksiyalarını həyata keçirmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli, eləcə də fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;
4.1.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, təkliflər vermək;
4.1.4. öz səlahiyyətinə aid məsələlərlə əlaqədar qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmələrə iddialarla (ərizələrlə) müraciət etmək;
4.1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təhlükəli və iriqabaritli ağır yüklərin Naxçıvan Muxtar Respublikasının ərazisindən daşınmasına icazə vermək və ya icazə verilməsindən imtina etmək;
4.1.6. Xidmətin fəaliyyət istiqamətləri üzrə mütəxəssis hazırlığını və ya ixtisaslarının artırılması işini təşkil etmək;
4.1.7. fəaliyyəti ilə əlaqədar konfranslar, seminarlar və digər tədbirlər keçirmək və bu tədbirlərdə iştirak etmək;
4.1.8. səlahiyyətinə aid məsələlər üzrə komissiyalar, işçi qrupları yaratmaq;
4.1.9. qanunvericilikdə müəyyən olunmuş qaydada internet saytı yaratmaq;
4.1.10. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 

5. Xidmətin fəaliyyətinin təşkili 

5.1. Xidmətə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.2. Xidmət rəisinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan müavini vardır. Xidmət rəisinin müavini Xidmətin rəisi tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Xidmətin rəisi:
5.3.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.3.2. müavini və digər rəhbər şəxslər arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini müəyyən edir;
5.3.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
5.3.4. Xidmətin işçilərini qanunvericiliyə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edir;
5.3.5. Xidmətin aparatının fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, normativ hüquqi aktların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
5.3.6. Xidmətin fəaliyyətinə dair məlumat və hesabatlar hazırlayıb aidiyyəti üzrə təqdim edir;
5.3.7. Xidməti bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə etibarnaməsiz təmsil edir;
5.3.8. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4. Xidmətdə Rəisdən (kollegiyanın sədri), onun müavinindən və Xidmətin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Xidmətin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər də daxil edilə bilər.
5.5. Xidmətin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.6. Xidmətin kollegiyası öz iclaslarında Xidmətin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
5.7. Xidmətin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Xidmətin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Xidmətin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
5.8. Xidmətin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Xidmətin rəisi tərəfindən təsdiq edilir.
5.9. Xidmətin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Xidmətin rəisi bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Xidmətin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.10. Xidmətin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.