Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük ­əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

AZƏRTAC