23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dekabrın 22-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti rəhbərinin məlumatı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qanunlar qəbul olunmuşdur.

Sonra sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.
Gündəlikdə duran növbəti məsələ ilə bağlı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov məlumat vermişdir.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq demişdir ki, 2012-ci ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsi, bu yola sədaqət hesabına əldə olunmuşdur.
Sessiyada müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilmişdir.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimizin quruculuq konsepsiyası 2013-cü ildə – “Heydər Əliyev ili”ndə də muxtar respublikamızda inkişafın əsas hərəkətverici qüvvəsi olacaqdır. Biz bu yolla gedərək, muxtar respublikamızı davamlı inkişafa qovuşduraraq doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verəcəyik”.
2012-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirən Ali Məclisin Sədri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələrinin şəxsi heyətlərini, onların ailələrini, şəhid ailələrini və veteranları, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Bununla da, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış altıncı sessiyası öz işini başa çatdırmışdır.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun

M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Biz bu gün 2012-ci ilə yekun vururuq. Yola saldığımız ildə əldə olunan nəticələrə nəzər salsaq, aydın görmək mümkündür ki, ötən dövrlərdə qazanılan nailiyyətlər daha da möhkəmləndirilmişdir. Əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr icra edilmiş, inkişafın artan dinamikası qorunub saxlanılmış, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunmuşdur.
2012-ci ilin ən yaddaqalan hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri oldu. Bu səfər zamanı ölkə başçısının cəmi bir gün ərzində 10 yeni obyektin – Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin, Sement Zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin, həmin qəsəbədəki hərbi hissədə qərargah binasının, əsgər yataqxanası, yeməkxana və məişət kompleksinin, Naxçıvan-Culfa magistral avtomobil yolunun, Culfa şəhərində Uşaq Musiqi Məktəbinin, Sərhəd Komendantlığının və Sərhəd Zastavasının açılış mərasimlərində iştirak etməsi bu qədim diyarda gedən inkişafı səciyyələndirən əsas göstəricilərdəndir.
Biz bu inkişafa, ilk növbədə, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində nail olmuşuq. Heç şübhəsiz ki, nailiyyətlərin əldə olunmasında ölkə Prezidenti tərəfindən müxtəlif sahələrin inkişafını nəzərdə tutan, konkret məqsəd və vəzifələri özündə əks etdirən Dövlət proqramlarının qəbulu, yeridilən düzgün iqtisadi siyasət də mühüm rol oynamışdır. Bununla bərabər, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş birinci və ikinci Dövlət pro­qramları, həmçinin digər Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətli icrası da muxtar respublika iqtisadiyyatının inkişafına öz təsirini göstərmişdir. Nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr və iş yerləri yaranmış, infrastruktur və kommunal xidmətlərin səviyyəsi daha da yüksəldilmişdir.
Muxtar respublikanın inkişafına təsir göstərən mühüm amillərdən biri də blokada şəraitində yaşayan Naxçıvanın qarşılaşdığı problemlərin həllinə ulu öndər Heydər Əliyev tərəfindən göstərilən həssas dövlətçilik münasibətinin davam etdirilməsidir. Ölkəmizin bütün regionlarının tarazlı inkişafını diqqətdə saxlayan hörmətli Prezidentimizin 2012-ci il mayın 30-da imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan muxtar respublikaya 10 milyon manat vəsait ayrılmışdır. Ölkə başçısı tərəfindən göstərilən yüksək diqqət və qayğı muxtar respublika əhalisinin qurub-yaratmaq əzmini daha da artırmışdır.
İqtisadiyyatın bütün sahələrində əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici kimi Ümumi Daxili Məhsulun həcminin artımına da təsir etmişdir. 2012-ci ildə Ümumi Daxili Məhsulun həcmi bir il öncəyə nisbətən 12 faiz artaraq 2 milyard 14 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 11 faizlik artımla 4765 manata çatmışdır. Real sektorun, xüsusilə sənaye və digər istehsal sahələrinin üstün inkişafına diqqət yetirilməsi iqtisadi inkişafda dayanıqlığı təmin etmişdir. Ümumi Daxili Məhsulun böyük bir hissəsi, başqa sözlə desək, 65 faizi və ya 1 milyard 309 milyon manatı məhsul istehsalının payına düşmüşdür.
Artıq bu gün qəti əminliklə demək mümkündür ki, muxtar respublikanın iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas məqsədi, ilk növbədə, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla, dinamik sosial-iqtisadi inkişafın davamlılığını uzunmüddətli perspektiv üçün təmin etməkdən ibarətdir. Bu məqsədin reallaşması üçün qarşıda bir sıra vəzifələr dayanır. Həmin vəzifələr əvvəllər olduğu kimi, bu gün də hər bir rayonun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmasını, sahibkarlığın inkişaf etdirilməsini, yeni iş yerlərinin açılmasını nəzərdə tutur. Bununla bağlı son illər muxtar respublikada bir sıra irimiqyaslı layihələr müəyyənləşdirilmişdir. Bu layihələrin icrası nəticəsində 2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəlif təyinatlı 84 istehsal və xidmət müəssisəsi yaradılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunur. 106-sı ərzaq və 224-ü qeyri-ərzaq olmaqla, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Yeni istehsal və xidmət sahələrinin işə düşməsinə təsir göstərən mühüm amillərdən biri də səmərəli kreditləşmə mexanizminin formalaşmasıdır. Belə ki, cari ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən 56 milyon manatdan çox kredit verilmişdir. Bunun da 17 milyon manatı fərdi sahibkarlığın inkişafına, 18 milyon manatdan çoxu isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.
Muxtar respublikada həyata keçirilən özəl sektorun dəstəklənməsi, güzəştli şərtlərlə dövlət maliyyə dəstəyinin göstərilməsi, daxili bazarda haqsız rəqabətə qarşı mübarizə və antiinhisar tədbirlərinin gücləndirilməsi sahibkarlıq fəaliyyəti sahəsində münbit şərait yaratmış, 2012-ci ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 19 hüquqi və 1325 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlıq subyektlərinin sayının artması, onlar üçün kreditlərin verilməsi yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinə də müsbət təsir göstərmişdir. Cari ildə 7641-i daimi olmaqla, 7996 yeni iş yeri yaradılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 87 faizə çatmışdır.
Ümumi Daxili Məhsul istehsalının strukturunda aparılan dəyişiklik hesabına tarixən aqrar region kimi tanınan Naxçıvan Muxtar Respublikası hazırda sənayenin sürətlə inkişaf etdiyi bölgəyə çevrilmişdir. Son illər daxili tələbatın ödənilməsi məqsədilə bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun 2012-ci ildə Ümumi Daxili Məhsulun tərkibində 27 faizlik paya malik olması ilə nəticələnmişdir. Bu sektorda aparılan uğurlu islahatların nəticəsidir ki, 2012-ci ildə ötən illə müqayisədə 15 faiz çox, yəni 796 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir. Bunun da 93 faizə qədəri özəl bölmənin payına düşür.
Əlverişli iqlim şəraitinin, bərəkətli münbit torpaqların olması, üstəlik də sahənin inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi kənd təsərrüfatının inkişafına, muxtar respublikanın torpaq potensialından səmərəli istifadəyə şərait yaratmışdır. 2012-ci ilin məhsulu üçün 60 min 118 hektar sahədə əkin aparılmışdır ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 98 hektar çoxdur.
Məhsul istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək məqsədilə 2008-ci il sentyabr ayının 17-də qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılmış, 2012-ci ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkilmiş, zəmilərdən 101 min 848 ton məhsul götürülmüşdür. Ərzaq məhsullarının tərkibində xüsusi çəkisi ilə fərqlənən kartof istehsalında da müsbət dinamika saxlanılmış, 2831 hektar əkin sahəsindən 39 min tondan çox məhsul yığılmışdır. Məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə 1131 ton artmışdır.
2012-ci il fevralın 14-də təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər görülür. Cari ildə əkin sahələrindən 65 min tondan çox tərəvəz, meyvə bağlarından 42 min ton meyvə, 14 min tondan çox üzüm toplanmışdır.
Naxçıvan tarixən yüksək keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə tanınıb. Yerli əhali həmişə bu məhsulların istehlakına üstünlük verib. Zaman keçdikcə insanların artan tələbatları sırasına meyvə-tərəvəzin ilin bütün fəsillərində, xüsusən də qış aylarında istifadəsi də əlavə olunub. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların il boyu yüksək keyfiyyətdə saxlanılması və istehlakçılara çatdırılması da vacib məsələlərdəndir. Bununla əlaqədar soyuducu anbarların istifadəyə verilməsi son illər diqqət mərkəzində saxlanılır. 2012-ci ildə tutumu 2000 ton olan daha bir soyuducu anbar fəaliyyətə başlamış, beləliklə, əhalini qış mövsümündə də keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etməyə imkan yaradan anbarların sayı 15-ə, həcmi isə 11 min 720 tona çatdırılmışdır.
Aqrar sektorda yüksək iqtisadi aktivliyi qoruyub saxlayan amillərdən biri də kənd təsərrüfatının zəruri maşın və mexanizmlərlə, eləcə də mineral gübrə ilə təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194-ü 2012-ci ildə olmaqla, cəmi 879 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Cari ildə 185 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarının istifadəsinə verilmiş, bununla yanaşı, məhsul istehsalçıları 3950 ton mineral gübrə ilə təmin olunmuşdur.
Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı və məhsuldarlığın yüksəldilməsi məqsədilə mütərəqqi təsərrüfatçılıq metodlarından geniş istifadə olunmuş, 2012-ci ildə mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 321 baş, bütövlükdə isə son 4 ildə 1341 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Maldarlıqla yanaşı, əhalinin quş əti və yumurtaya olan tələbatının daha dolğun şəkildə ödənilməsi, bu sahədə idxaldan asılılığın aradan qaldırılması məqsədilə son illər quşçuluğun inkişafına da xüsusi diqqət yetirilir, yeni quşçu­luq təsərrüfatlarının yaradılması üçün müvafiq işlər həyata keçirilir. Cari ildə quşçuluğun inkişafı məqsədilə sahibkarlıq subyektlərinə 2 milyon manatdan çox kredit verilmişdir. Görülmüş tədbirlərin nəticəsi olaraq, 2012-ci ildə 9 yeni quşçuluq təsərrüfatı fəaliyyətə başlamış, beləliklə, son illər istifadəyə verilən quşçuluq təsərrüfatlarının sayı 46-ya çatmışdır. Bundan başqa, istehsal gücü saatda 10 ton olan yeni qüvvəli yem istehsalı sahəsinin fəaliyyətə başlaması istər heyvandarlığın, istərsə də quşçuluğun inkişafına öz təsirini göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafına maraq getdikcə artır. Arıçılıqla məşğul olanlara metodiki köməklik məqsədilə arıçıların ictimai birliyi yaradılmış, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi təmin olunmuşdur. Bu səbəbdən balın emalı və qablaşdırılması ilə məşğul olan istehsalçıların sayı 2012-ci ildə 3270-ə çatmışdır. Bu isə, öz növbəsində, arı ailələrinin sayının və bal istehsalı həcminin artımına da təsir göstərmiş, cari ildə 1175 ton bal istehsal edilmişdir ki, bu da keçən illə müqayisədə 14 faiz çoxdur.
Bütövlükdə, 2012-ci ildə muxtar respublikada 316 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu, ötən il ilə müqayisədə 9 faiz artım deməkdir.
2012-ci ildə torpaq sahələrindən səmərəli istifadə olunması və suvarma suyuna olan tələbatın ödənilməsi üçün meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin miqyası genişləndirilmiş, bu sistemin texniki imkanlarının gücləndirilməsi, müasir hidrotexniki qurğuların istifadə imkanlarının artırılması daim diqqət mərkəzində saxlanılmışdır. 2012-ci ildə 5 nasos stansiyası, 11 subartezian quyusu və 32 kəhriz istifadəyə verilmişdir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində həyata keçirilən ekoloji tədbirlərin intensivliyi də cari ildə saxlanılmış, ilin əvvəlindən 525 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, üç yüz mindən çox ağac və gül kolları əkilmişdir.
Muxtar respublikada tikinti-quruculuq tədbirlərinin geniş vüsət alması investisiyalara olan tələbin həcmini də artırmışdır. 2012-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi bir il öncə ilə müqayisədə 20 faiz artaraq 979 milyon manat təşkil etmişdir. İnvestisiya qoyuluşlarının 89 faizi və yaxud 871 milyon manatı bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunmuşdur. Bunun nəticəsidir ki, ilin əvvəlindən 658 obyekt tikilərək, əsaslı bərpa və ya təmir olunaraq istifadəyə verilmişdir.
Son illər tikintidə müşahidə olunan əsas istiqamətlərdən biri də yeni yaşayış binalarının tikilməsidir. Təbii ki, bu sahədə də dövlət gənc ailələrə öz köməkliyini göstərir. Belə ki, cari ildə mənzil almaq istəyən gənc ailələrə dəstək məqsədilə İpoteka Fondunun vəsaiti hesabına 718 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.
Tikinti sektorundakı fəaliyyətin bir xüsusiyyəti onun çoxşaxəli olması, yəni müxtəlif sahələri əhatə etməsidirsə, digər xarakterik xüsusiyyəti tikintinin qəsəbə və kəndlər arasında mütənasib şəkildə aparılmasıdır. Muxtar respublikanın kənd­lərində idarəçiliyin mərkəzləşdirilməsi, kəndin ictimai həyatında mühüm rol oynayan müxtəlif təşkilatların müasir standartlara cavab verən kənd mərkəzlərində yerləşdirilməsi bir tərəfdən idarəetmənin səmərəli təşkilinə şərait yaradırsa, digər tərəfdən kənd sakinlərinin yaranmış problemlərini qısa zaman ərzində həll etməyə imkan verir. Bu səbəbdən muxtar respublikada kənd və xidmət mərkəzlərinin tikintisinə diqqət artırılmış, 2012-ci ildə 13 kənd mərkəzi istifadəyə verilmişdir. Kənd sakinlərinin gündəlik istehlak mallarını sərfəli qiymətlərlə, əlavə nəqliyyat xərci çəkmədən əldə etməsi, müxtəlif xidmət sahələrində istifadə etməsi üçün kəndlərdə xidmət mərkəzləri də yaradılır. Yaradılan hər bir xidmət mərkəzi eyni zamanda yeni iş yerləri deməkdir. 2012-ci ildə muxtar respublikada 14 xidmət mərkəzi fəaliyyətə başlamışdır.
Kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi, bu sahədə infrastrukturun yenilənməsi və əhalinin keyfiyyətli xidmətlə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər cari ildə də davam etdirilib. Belə ki, xidmətin bu növünün yaxşılaşdırılması, məişət tullantılarının vaxtında yığılması və daşınması işinin operativ təşkili məqsədilə cari ildə muxtar respublikaya yeni texnika və texniki avadanlıqlar gətirilmişdir. Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Naxçıvan şəhəri, rayon mərkəzləri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.
Dinamik inkişafı şərtləndirən vacib amillərdən biri də bütün sahələr üzrə müasir infrastrukturun yaradılmasıdır. Davamlı və tarazlı sosial-iqtisadi inkişaf, ilk növbədə, infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən, qabaqcıl texnologiyaların mənimsənilməsindən keçir. Muxtar respublikamızda da bu məsələyə üstün istiqamət verilmiş, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, magistral yollar yenidən qurulur. Artıq muxtar respublikamızda magistral yolların əksəriyyəti yenidən qurulmuşdur. Belə ki, hələ ötən illərdə Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralı, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, cari ildə bu tədbirlərin davamı olaraq, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral yolu istifadəyə verilmişdir. Ölkə başçısının 2011-ci il 2 sentyabr tarixli Sərəncamı ilə tikintisinə başlanan 39 kilometr uzunluğunda Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunda və 57 kilometr uzunluğunda Çeşməbasar-Boyəhməd avtomobil yolunda işlər başa çatdırılmış və istismara verilmişdir. Həmçinin cari ildə uzunluğu 59 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun müasir standartlar səviyyəsində yenidən qurulmasına başlanılmışdır. Ümumilikdə, 2012-ci ildə muxtar respublikada 135 kilometr uzunluğunda yeni yollar salınmış, 8 körpü tikilmiş, 2 körpü isə yenidən qurulmuşdur.
Bu gün muxtar respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Artıq Naxçıvan şəhəri, Babək rayon mərkəzi, Nehrəm və Yarımca kəndlərində, Şərur və Sədərək rayonlarında yeni nəsil telefon stansiyaları qurulmuş, üçüncü nəsil avtomat telefon stansiyalarından istifadə edənlərin sayı 37 mindən çox olmuşdur. Bu da ümumi nömrə tutumunun 58 faizini təşkil edir. Həyata keçirilən islahatlar rabitə xidmətinin keyfiyyətini yaxşılaşdırmaqla bərabər, onun həcminə də müsbət təsir göstərmişdir. 2012-ci ildə, ümumilikdə, rabitə və informasiya xidmətlərinin həcmi 42 milyon manatdan artıq olmuşdur ki, bu da ötən illə müqayisədə 7 faiz çoxdur.
Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, son vaxtlar muxtar respublikada yaradılmış 4 elektrik stansiyası elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, onun ixracına da imkan yaratmışdır. Bununla yanaşı, enerji təhlükəsizliyində dayanıqlığı təmin etmək və alternativ enerji mənbələrindən maksimum şəkildə faydalanmaq üçün müvafiq tədbirlər davam etdirilir. 20,5 meqavat gücə malik Arpaçay Su Elektrik Stansiyasında və 36 meqavat gücə malik Ordubad Su Elektrik Stansiyasında işlər davam etdirilir. Bundan başqa, cari ildə 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə başlanılmışdır.
Enerji təhlükəsizliyinin təmin olunmasında təbii qazla təminat da mühüm əhəmiyyətə malikdir. Bu gün ən ucqar dağ kəndləri də əhatə olunmaqla muxtar respublikanın bütün ərazisi tamamilə qazlaşdırılmışdır. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdə saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatan xətlər yeniləri ilə əvəz olunur. Bu tədbirlərin davamı kimi, 2012-ci ildə uzunluğu 27 kilometr olan Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xəttində tikinti işləri başa çatdırılmış, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttində isə tikinti işləri davam etdirilir. Yeni qaz xətlərinin çəkilişi texniki itkilərin qarşısını alacaq, qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan verəcəkdir.
Elektrik enerjisi və təbii qazla fasiləsiz təminat enerji və qaz haqlarının toplanmasına da öz təsirini göstərmiş, istehlak olunan elektrik enerjisi və təbii qazın dəyəri tam həcmdə ödənilmişdir.
Enerji təhlükəsizliyinin təmin olunması kəskin kontinental iqlimə malik muxtar respublikamızda qış qayğılarının azalmasına da səbəb olmuşdur. Hər il olduğu kimi, 2012-ci ildə də payız-qış mövsümünə hazırlıqla bağlı Ali Məclisdə müşavirə keçirilərək aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Görülmüş tədbirlərin nəticəsidir ki, Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərindəki çoxmərtəbəli yaşayış binaları da qış aylarında fasiləsiz istiliklə təmin olunur. Həmçinin təhsil, səhiyyə, mədəniyyət obyektlərinin böyük bir qisminin, idman müəssisələrinin isə hamısının istiliklə təminatı onların qış mövsümündə normal fəaliyyətinə şərait yaratmışdır.
Aparılan məqsədyönlü iqtisadi siyasət əhali rifahının davamlı yüksəlişinə zəmin yaratmışdır. Yeni iş yerlərinin açılması, məşğulluq səviyyəsinin artırılması istiqamətində görülən tədbirlər muxtar respublikada orta aylıq əməkhaqqının yüksəlməsinə də səbəb olmuşdur. Belə ki, 2012-ci ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği ötən illə müqayisədə 7 faiz artaraq 364 manata çatmışdır. Əməkhaqlarında müşahidə olunan artım meyilləri əhali gəlirlərinin həcminə də müsbət təsir göstərmişdir. 2011-ci ilə nisbətən cari ildə əhali gəlirlərinin həcmi 10 faiz artaraq 1 mil­yard manatdan çox olmuşdur. Əhali gəlirlərinin artmasına cari il iyun ayının 1-dən başlayaraq ölkə Prezidentinin sərəncamına əsasən, keçmiş SSRİ-nin əmanət banklarında əmanəti olan ölkə vətəndaşlarına birdəfəlik ödəmələrin verilməsi də müsbət təsir göstərmişdir. Cari il dekabrın 20-dək muxtar respublika üzrə 32 min 917 əmanətçiyə 13 milyon manatdan çox birdəfəlik ödənişlər həyata keçirilmişdir.
Ümumi iqtisadi inkişafa paralel olaraq əhalinin alıcılıq qabiliyyətinin güclənməsi əldə olunmuş başlıca iqtisadi uğurlardandır. 2012-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard manatdan çox həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2011-ci illə müqayisədə 18 faiz çoxdur. Əhaliyə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə muxtar respublikanın şəhər və rayonlarında 21 ticarət və xidmət mərkəzləri istifadəyə verilmişdir.
Rifah halının yüksəlməsi, gəlirlərin həcminin artması mənzil-yaşayış şəraitinin də yaxşılaşmasına müsbət təsir göstərib. Belə ki, 2012-ci ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 349 min kvadratmetrdən artıq yaşayış sahəsi tikilmişdir.
İqtisadi sahədə dinamik artım meyilləri muxtar respublika büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin də artmasına səbəb olmuşdur. 2012-ci ilin ötən dövründə muxtar respublika büdcəsinin gəlirləri 55 milyon 773 min manata yaxın olmuşdur. Muxtar respublika üzrə pensiya və müavinətlərin ödənilməsinə yönəldilmiş vəsaitin 47 faizi, yaxud 46 milyon 572 min manatı məcburi dövlət sosial sığorta haqqı şəklində toplanmışdır.
2012-ci ildə muxtar respublikanın bankları tərəfindən 51-i hüquqi, 4431-i fiziki olmaqla, 4482 bank hesabı açılmışdır. Cari ildə açılmış bank hesablarından 4446-sı və ya 99 faizi aktiv hesablar olmuşdur. Ümumilikdə isə 2012-ci il dekabrın 20-dək açılmış 16 min 499 bank hesabından 13 min 765-i işlək hesablardır ki, bunlardan 1210-u hüquqi, 12 min 555-i isə fiziki şəxslərə məxsusdur. Cari ildə banklar tərəfindən dövriyyəyə 728 milyon manata yaxın pul kütləsi buraxılmışdır.
Muxtar respublikanın iqtisadi həyatında əldə olunan nailiyyətlər xarici ticarət əlaqələrinin həcminə, onun əhatə dairəsinin genişlənməsinə və strukturuna da müvafiq təsir göstərmişdir. Belə ki, idxaləvəzləyici və ixracyönümlü məhsul istehsal edən yeni emal müəssisələrinin işə düşməsi ixracın idxalı üstələməsi ilə nəticələnmiş, cari ildə müsbət saldo 299 milyon 806 min ABŞ dolları təşkil etmişdir. 2012-ci ildə xarici ticarət dövriyyəsinin həcmi bir il öncə ilə müqayisədə 11 fa­iz artaraq 446 milyon 158 min ABŞ dolları olmuşdur ki, bunun da 73 milyon 176 min ABŞ dolları idxalın, 372 milyon 982 min ABŞ dolları isə ixracın payına düşmüşdür.
Ölkəmizdə “qara qızıl”dan əldə edilən gəlirlərin insan kapitalına çevrilməsi bu gün sosial-iqtisadi siyasətin başlıca hədəflərindəndir. Bu sahədə də inkişafın davamlılığı təmin olunmuş, muxtar respublikada elmi-tədqiqat müəssisələrinin, təhsil ocaqlarının fəaliyyəti üçün ən müasir şərait yaradılmışdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra milli dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadiyyatın dirçəldilməsi sahəsində görülən işlərlə yanaşı, tariximizin, dilimizin, mədəniyyətimizin, milli dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında öyrənilməsinə başlanılmışdır. Elmi araşdırmalar sahəsində ilin ən yaddaqalan hadisələrindən biri də Ali Məclis Sədrinin Sərəncamına əsasən, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi oldu. Simpozium Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən mühüm amillərdən biri kimi Duzdağ mədəniyyətinin elmi dəlillər və faktlar əsasında araşdırılmasına və Naxçıvan tarixinin dəqiqləşdirilməsinə ciddi töhfələr vermişdir.
Aydın məsələdir ki, elmi kadrlar olmadan elmi işlər aparıla bilməz. Cari ildə elm və təhsil müəssisələri tərəfindən elmi kadrların yetişdirilməsinə diqqət artırılmış, 4 nəfər elmlər doktoru, 19 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Ali təhsil və elm mərkəzlərində 8 beynəlxalq əhəmiyyətli konfrans və simpozium keçirilmiş, alim və tədqiqatçılar tərəfindən 70 kitab və monoqrafiya, 97 metodik vəsait, 1000-dən çox elmi məqalə və tezis hazırlanaraq çap olunmuşdur.
Muxtar respublikamızda təhsil infrastrukturunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, müasir tədris vasitələri ilə təmin edilmiş məktəb binalarının tikintisi hər il diqqət mərkəzində saxlanılır. Cari ildə Naxçıvan şəhərində 608 şagird yerlik Naxçıvan Qızlar Liseyi, 936 şagird yerlik 17 nömrəli tam orta məktəb, Şərur rayonunun Yuxarı Aralıq kəndində 414, Qarxun kəndində 504, Dərəkənddə 216, Danyeri kəndində 414, Babək rayonunun Kərimbəyli kəndində 396, Nehrəm kəndində 900, Ordubad rayonunun Behrud və Parağa kəndlərinin hər birində 110, Yuxarı Əylis kəndində 252, Culfa rayonunun Yaycı kəndində 774, Ləkətağ kəndində 144, Şahbuz rayonunun Biçənək kəndində 252, Kəngərli rayonunun Çalxanqala kəndində 378 şagird yerlik, ümumilikdə isə 6408 şagird yerlik 15 tam orta məktəb binası istifadəyə verilmişdir. Bundan başqa, Şərur rayonunun Qorçulu kəndində 198, Şahbuz rayonunun Ağbulaq kəndində 216 şagird yerlik tam orta məktəblərin tikintisi başa çatdırılmışdır. Məktəblərin maddi-texniki bazası gücləndirilmiş, onlarda 3183 dəst kompyuter quraşdırılmış, hər 15 şagird 1 dəst kompyuterlə təmin olunmuşdur. Kom­pyuterlərdən 2643-ü və ya 83 faizi internetə qoşulmuşdur. Bundan əlavə, tədrisin keyfiyyətini artırmaq məqsədilə təhsil müəssisələrində 500 elektron lövhə quraşdırılmışdır.

Görülən işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərinin nailiyyətləri ilbəil artır. 2012-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1834-ü və ya 52 faizə qədəri tələbə adını qazanmış, məzunlardan 455 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 267-si 500-dən yuxarı bal toplamış, onlardan 7-si Prezident təqaüdünə layiq görülmüşdür. Təhsildə qazandığı yüksək nailiyyətlərə görə 3 məktəb ilin “Ən yaxşı ümumtəhsil müəssisəsi”, 5 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanmış və mükafatlandırılmışdır.
Orta ümumtəhsil müəssisələri gələcəyimiz olan uşaqlara elmin sirlərinin öyrədilməsində nə qədər böyük rola malik olsalar da, uşaqların dünyagörüşlərinin formalaşmasında, intellektual səviyyələrinin inkişafında məktəbdənkənar və məktəbəqədər tədris müəssisələrinin də rolu az deyil. Bu amil nəzərə alınaraq muxtar respublikada məktəbdənkənar və məktəbəqədər təhsilin müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılmış, cari ildə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəb Kompleksi, Şərur rayonunun Yuxarı Daşarx, Culfa şəhəri və Kəngərli rayonunun Çalxanqala kəndlərində uşaq musiqi məktəblərinin binası istifadəyə verilmişdir. Bundan başqa, Naxçıvan şəhərində 1 və 3 nömrəli, həmçinin hərbi şəhərcik ərazisində, Sədərək rayonunun Sədərək kəndində uşaq bağçaları üçün yeni binalar tikilmişdir.
Yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibbi avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Cari ildə Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, muxtar respublikanın kəndlərində 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi üçün binalar tikilib istifadəyə verilmişdir.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar da diqqətdən kənarda qalma­mış, 12 ailə fərdi yaşayış evləri ilə təmin olunmuş, 30 nəfərə avtomobil verilmişdir.
Muxtar respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədi ilə bədən tərbiyəsi və idman sahəsi daim diqqət mərkəzində saxlanılmışdır. 2012-ci ildə mövcud idman obyektlərinin siyahısına Naxçıvan şəhərindəki Stend və Sportinq Atıcı­lığı Mərkəzi, Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin binası da əlavə olunmuşdur. Mövcud idman potensialı gənclərin asudə vaxtdan səmərəli istifadə etməsinə səbəb olmaqla yanaşı, bir sıra yarışların təşkilinə də şərait yaratmış, cari ildə muxtar respublikada müxtəlif idman növləri üzrə beynəlxalq turnir və çempionatlar keçirilmişdir.
“Milli dəyərlər ili” elan olunan 2012-ci il muxtar respublikanın mədəni həyatında da bir sıra əlamətdar hadisələrlə yadda qalmış, tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası diqqət mərkəzində saxlanılmışdır.
Hər bir xalqın milli dəyərləri onun milli pasportudur. Bu gün heç bir xalqı öz milli dəyərlərindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Xalqımıza xas olan milli dəyərlərin bərpası və yaşadılması məqsədilə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında 2012-ci il “Milli dəyərlər ili” elan olunmuş, bununla bağlı geniş Tədbirlər Planı hazırlanmış və xeyli iş görülmüşdür. “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur. Bu dövrdə “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilmiş, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır.
Naxçıvanda musiqi sənətinin müxtəlif janrlarının inkişafına da qayğı ilə yanaşılmış, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri yaradılmışdır.
Naxçıvan torpağı müxtəlif dövrlərdə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının, eləcə də ictimai fikrin inkişafına mühüm təsir göstərmiş qüdrətli sənətkarlar yetişdirmişdir. 2012-ci ildə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin 140, filosof-şair Hüseyn Cavidin 130 illik yubileyləri geniş şəkildə qeyd olunmuşdur. Milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan Bəhruz Kəngərlinin 120 illik yubiley tədbirləri çərçivəsində rəssamın əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, Naxçıvanda ilk dəfə Bəhruz Kəngərli yaradıcılığının tam külliyyatını əks etdirən sərgi təşkil edilmiş, “Sənətin Bəhruz zirvəsi” adlı sənədli film hazırlanmışdır.
“Milli dəyərlər ili”ndə muxtar respublikamızda “Naxçıvan – bəşəriyyətin beşiyi” mövzusunda Beynəlxalq Rəsm Festivalının keçirilməsi Naxçıvan rəsm sənətinin inkişafına böyük töhfələr verməklə yanaşı, muxtar respublika mədəniyyətinin, incəsənətinin, rəssamlıq sənətinin təbliğində də mühüm rol oynamışdır.
Kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsi, kitabxana xidmətinin müasir tələblər səviyyəsində təşkili istiqamətində də müvafiq işlər görülmüş, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi qeyd olunmuş, bu mədəniyyət ocağında elektron kitabxana yaradılmışdır.
Turizmin inkişaf etdirilməsi regionların sosial-iqtisadi inkişafı, eləcə də xalqımızın tarixinin və milli dəyərlərin tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikamızda turizm ehtiyatlarının istifadəsi, onların iqtisadi dövriyyəyə cəlb olunması sahəsində geniş imkanlar vardır. Bu sahə ilə bağlı müvafiq infrastrukturun yaradılması, reklam işlərinin aparılması, turizm ixtisası üzrə kadrların hazırlanması istiqamətində işlər sürətləndirilmiş, Naxçıvan Turizm İnformasiya Mərkəzi yeni bina ilə təmin olunmuşdur. Turizm sahəsində fəaliyyətin səmərəliliyinin artırılması təsirsiz qalmamış, 2012-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 350 mindən çox turist gəlmişdir.
Sosial-iqtisadi həyatın bütün sahələrində müşahidə olunan dinamik artım meyilləri və əhali rifahının yaxşılaşdırılması, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, 2012-ci ildə muxtar respublika əhalisinin sayı əvvəlki illə müqayisədə 8 min 708 nəfər artaraq 427 min nəfərdən çox olmuşdur.
Ordu quruculuğu sahəsində görülən işlər muxtar respublikamızda da davam etdirilir, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Cari ildə Naxçıvan şəhərində ordu korpusu üçün idarəetmə mərkəzi və Kəngərli rayonundakı hərbi hissənin qərargah binası, Sədərək rayonunda Naxçıvan Sərhəd Diviziyasının 1-ci Sərhəd Zastava Kompleksinin və Culfa rayonunda Sərhəd Komendantlığı və Sərhəd Zastavasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Hüquq-mühafizə orqanlarının iş şəraitinin daha da yaxşılaşdırılması və bu sahədə infrastrukturun yenilənməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsi, Naxçıvan şəhər və Babək rayon prokurorluqları, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi üçün inzibati binaların, Naxçıvan Şəhər Gömrük İdarəsi və onun köməkçi infrastrukturları üçün binaların tikintisi başa çatdırılmışdır. Hüquq-mühafizə orqanlarının profilaktik tədbirlərə üstünlük verməsinin nəticəsidir ki, cinayətkarlığın sayı azalmışdır.
Beləliklə, 2012-ci ildə əldə olunmuş nailiyyətlər muxtar respublikanın ictimai-iqtisadi, sosial-mədəni həyatında yeni bir quruculuq səhifəsi açmışdır. Bu inkişafa öz töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasından 63 nəfər Azərbaycan Respublikasının medal və fəxri adları ilə təltif edilmiş, 7 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 19 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.
Bu gün Naxçıvan Muxtar Respublikasının inkişafında əməyi olanların hamısına təşəkkürümüzü bildiririk.
Sosial-iqtisadi inkişafın yekunu göstərir ki, muxtar respublikamız daha uğurlu nəticələrə və yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir. Bütün bu uğurların əsasında isə Heydər Əliyev yoluna, quruculuq xəttinə sadiqlik, bu yolda göstərilən böyük əzmkarlıq, möhkəm qətiyyət, misilsiz dövlət və Vətən sevgisi dayanmışdır. Ulu öndərimiz deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
Bu yolda hamınıza uğurlar arzulayıram.
Sağ olun!

 

Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında

Naxçıvan Muxtar Respublikasının

Q A N U N U

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin gəlirləri 55 000 000,0 manat, xərcləri 332 700 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 277 700 000,0 manat (о cümlədən mərkəzləşdirilmiş gəlirləri 36 957 000,0 manat, yerli gəlirləri 18 043 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 252 107 558,0 manat, yerli xərcləri 80 592 442,0 manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

“Naxçıvan Muxtar Respublikasının
2013-cü il dövlət büdcəsi haqqında”
Naxçıvan Muxtar Respublikası Qanununun
tətbiqi barədə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

F Ə R M A N I

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2012-ci il 22 dekabr tarixli 13-IV QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxilоlmasını təmin etmək üçün dövlət оrqanları üzrə tapşırıqların minimum həddi aşağıdakı kimi müəyyən edilsin:

 

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
3.1. “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq оlunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görsün;
3.2. bu Fərmanın 2.10.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qоyuluşu) nəzərdə tutulan vəsaitin оbyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin.
4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:
4.1. 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Kоmitəsinin xətti ilə daxil olan vergi və ödənişlərin aylıq və rüblük bölgüsünü həmin оrqanlarla razılaşdırıb təsdiq etsin;
4.2. bu Fərmanın 2.1.4-cü, 2.1.5.7-ci, 2.4.8-ci, 2.5.5-ci, 2.7.5-ci, 2.9.6-cı yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) aidiyyəti təşkilatlar üzrə bölgüsünü həyata keçirsin.
5. Bu Fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 
     Vasif TALIBOV

       Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 dekabr 2012-ci il

 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 
2013-cü il büdcəsi haqqında

Naxçıvan Muxtar Respublikasının

Q A N U N U

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin gəlirləri 43 650 000,0 manat, xərcləri 114 245 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün Dövlət Sosial Müdafiə Fondundan ayrılan dotasiya 70 595 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

“Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 
2013-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası
Qanununun tətbiqi barədə

Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2012-ci il 22 dekabr tarixli 14-IV QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın:
2.1. Fondun 2013-cü il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin;
2.2. dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam ödənməsini təmin etmək üçün lazımi tədbirləri həyata keçirsin.
3. Bu Fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 dekabr 2012-ci il

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055195
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2389
3998
32427
106526
3055195

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter