06 Dekabr 2019, Cümə

Dadlı yay nemətlərindən biri olan qarpız muxtar respublikamızda daha çox Babək rayonunun Nehrəm kəndində əkilib-becərilir. Ən böyük kənd yaşayış məntəqələrindən biri olan Nehrəmin zəhmətkeş insanlarının ərsəyə gətirdikləri bu bostan bitkisi hər yerdə adla tanınır. Qarpız nehrəmlilər üçün əsas qazanc mənbəyi sayılır. Bazarlarda ən çox üstünlük verilən qarpızın alıcısı isə həmişə başının üstündə olur.
Neçə illərdir ki, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçisi, Nehrəm kənd sakini Cəmşid Həsənovla həmsöhbət olduq. Öyrəndik ki, təcrübəli əkinçi 20 hektar sahədə qarpız yetişdirib və indiyə qədər 250 ton məhsul əldə edib. O deyir ki, yaxşı becərildikdə 1 hektar sahədən 35-40 ton məhsul götürmək mümkündür. Torpaq sahələrini suvarmaqda heç bir çətinliyimiz yoxdur. Bənəniyar gölü və Heydər Əliyev Su Anbarından verilən su əkin sahələrini suvarmağa kifayət edir.
Qarpızın becərilmə üsullarından danışan müsahibim deyir ki, bostan bitkiləri, o cümlədən qarpız günəş şüası düşən yerlərdə əkilib-becərilməlidir. Müsahibim Türkiyənin Adana şəhərindən gətirdiyi “Holland” sortu qarpız tumlarını martın sonu, aprelin əvvəllərində torpağa basdırıb. Qarpızı istixana üsulu ilə becərdiklərini deyən Cəmşid Həsənov xüsusilə vurğulayır ki, tumları əvvəllər istifadə edilmiş, ya da dincə qoyulmuş torpaq sahələrində əkməklə daha çox məhsul əldə etmək mümkündür. Qarpız suyu sevən bitki olduğu üçün kollar çiçəkləyənə qədər bir neçə dəfə su veririk. Aprel-iyul ayları ərzində üç dəfə əkin aparır, şaxta düşüncəyə qədər də məhsul əldə edə bilirik. Bundan əlavə, qabığı nazik olan “ərəzən qarpızı”nı istixanada yox, açıq torpaq sahələrində yetişdiririk və vaxtında qulluq olunduqda iyulun sonları yaxşı məhsul əldə edirik. Çəkilən zəhmətin hədər getməməsi üçün yetişdirilən məhsulun qayğısına qalmağı bacarmaq lazımdır. Qarpızı temperaturu 2-30 dərəcə olan yerdə, sortlardan asılı olaraq 3-6 aya kimi saxlamaq mümkündür. Naxçıvan şəhərində və muxtar respublikanın bütün bölgələrində satış həyata keçiririk.
Cəmşid dayı qarpızın becərilməsindən həvəslə danışdıqca xatırlayıram ki, qarpız almaq üçün hansı satıcıya yaxınlaşsaq, ilk sualı belə olur: “Kəsim verim, yoxsa özünüz seçirsiniz?” Qarpızın yetişib-yetişmədiyini yoxlamaq üçün kəsib sonra alırıq. Ancaq düşünəndə ki, qarşındakı bu işin bilicisidir, çox vaxt seçimi onun ixtiyarına buraxırıq.

Ötən şənbə kənd təsərrüfatı malları satışı yarmarkasında olarkən satıcıdan “Haradan gətirmisiniz qarpızları?” – deyə soruşmuşdum. “Hamısı Nehrəm qarpızıdır”, – deyib, təxminən, 6-7 kiloqram ağırlığında qarpızı çəkib mənə uzatmışdı. Bu zaman məni maraqlandıran daha bir sualla satıcıya yenidən müraciət etmişdim: “Bəs yetişmiş qarpızı necə tanımaq olar?” Satıcı mənə izah etmişdi ki, yaxşı yetişmiş, şirin, sulu və içərisi qıpqırmızı olan qarpızın baş hissəsində zolaqların ucları bir-birinə daha yaxın, saplağı spiralvarı, yaşıl zolaqları tünd rəngli və bir-birinə daha yaxın olur. Qarpız almaq üçün yaxınlaşan insanlar dədə-babalarımızdan qalma bir sıra ənənəvi üsullardan istifadə edirlər. Məsələn, yetişmiş qarpızı yüngülcə əl ilə sıxdıqda o, yay kimi əli geri qaytaracaq. Digər tərəfdən barmaqla vurarkən küt səs verir, səthi parlaq olur. Əgər kəsilmiş qarpızın içərisi parlaq qırmızı, tumları isə qəhvə rəngi və qaradırsa, ala bilərsiniz. Qarpızın böyük olması onun keyfiyyətliliyini göstərmir, əsas məsələ qarpızı ələ aldıqda verdiyi ağırlıqdır. Qarpız alarkən sapının yaşıl olmamasına diqqət edin. Təcrübəli alıcı qarpızın yetişib-yetişmədiyini ilk baxışda müəyyən edə bilir.
Tərkibi vitaminlərlə zəngin olan qarpızın insan orqanizmi üçün faydaları çoxdur. Şirəli və sərinləşdirici bu məhsul aclığı və susuzluğu aradan qaldırır. Xərçəng xəstəliyinin müalicəsində xüsusi əhəmiyyətə malik olan qarpızın tərkibi likopen və sitrolin ilə zəngindir. Göz, mədə ağrısının qarşısının alınmasında, qan təzyiqinin normallaşmasında, sağlam arıqlamaqda da faydalı olan bu məhsul böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir, onun toxumları böyrək daşını əridərək bədənə rütubət verir. Mütəxəssislər qarpızı yeməkdən ya çox əvvəl, ya da çox sonra yeməyi məsləhət bilirlər. Qarpız və pendiri birlikdə yemək insana xüsusi ləzzət versə də, bu, çəkinin artmasına səbəb olur.
Xeyirli və yay aylarının əvəzsiz qidası olan qarpızın insanı zəhərləmə təhlükəsini də yaddan çıxarmayaq. Həkimlərin dediyinə görə, məhsul yetişdirilərkən azotdan daha çox istifadə etmək, dərildikdən sonra gün altında çox qalan, kəsildikdən sonra uzun müddət saxlanılan qarpız zəhərlənməyə səbəb ola bilər. Kəsərkən iç kənarları sarı, qabığında dəliklər, ortasında böyük boşluq olan çox böyük qarpızlar zəhərlənmə təhlükəsi yarada bilər. Elə buna görə də naxçıvanlılar məhz ekoloji təmiz, təbii yolla becərilən, yurdumuzun saf iqlimindən, bərəkətli torpağından qidalanan yerli məhsullara, eləcə də Nehrəm qarpızına üstünlük verirlər.
Qarpızdan məişətdə mürəbbə, kompot, turşu, şərbət, doşab, araq hazırlanır, tort, cem keks, şirə, salat, dondurma, kabab, qəlyan konservi, sandviç, çay, saqqız istehsalında, toxumundan isə maye sabunbişirmə sənayesində istifadə edilir.
Bu isti yay günlərində Nehrəm qarpızı yurdumuzun faydalı xüsusiyyətlərinə görə hər kəsin ağız ləzzəti ilə yediyi, süfrələrimizin bəzəyinə çevrilən nemətlərindəndir.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR