13 Noyabr 2019, Çərşənbə

Əsgər Abdullayev. Yəqin ki, bu ad çoxlarına tanışdır. 15 il Azərbaycan futbolunun flaqmanı hesab edilən “Neftçi”nin formasını geyinən, məşqçi kimi uzun illər ölkənin bir nömrəli komandasını çalışdıran təcrübəli mütəxəssis bundan sonra məşqçilik karyerasını Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Düzdür, bu, onun diyarımıza ilk iş səfəri deyil. 5 il öncə Birinci Divizionun qalibi olan “Araz-Naxçıvan”ın “sükanı arxası”nda məhz o oturmuşdur. Bu gün həm də Əsgər müəllim üçün özəl gündür. 59 yaşını qeyd edən baş məşqçi ilə söhbətimizdə bir çox məqamlara aydınlıq gətirməyə çalışdıq.

– Sizi Naxçıvanda, “Araz-Naxçıvan”ın “sükanı arxası”nda yenidən görmək çox xoşdur...
– İkinci dəfə mənə etimad göstərildiyinə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. Naxçıvan mənim üçün əziz və doğma bir diyardır. Burada “Araz-Naxçıvan”la uğurlara imza atmışam. Harada çalışmağımdan asılı olmayaraq, hər zaman burada mənə göstərilən diqqətin, etimadın həmişə yüksək olduğunu demişəm.
– Futbol Federasiyasında struktur dəyişikliyindən sonra dəvətiniz reallaşdı. Muxtar respublikanın futbolu barədə nə deyə bilərsiz?
– Bu gün muxtar respublikada futbolun inkişafı üçün hər bir imkan var. Hər zaman mətbuatdan da maraqlanırdım – yeni stadionlar tikilir, yenidən bərpa olunur. Dövlət futbolun inkişafı üçün şərait yaradıb, bunlardan səmərəli istifadə etmək lazımdır. Ən əsası yeni, istedadlı futbolçular yetişdirmək, onları üzə çıxarmaq lazımdır. Çünki muxtar respublikada əsaslı futbol ənənəsi var. İndi vəzifəmiz yeniyetmə və gənclərin futbola marağını artırmaq, onlara bu yolda bilik və bacarıqlarımızı öyrətmək, düzgün istiqamət verməkdir. Federasiyanın keçirdiyi iclasda da dediyim kimi, bunun üçün hamımız bir olub bizə göstərilən etimadı doğrultmalıyıq.

– 5 il öncə “Araz-Naxçıvan”ı Birinci Divizionun qalibi etdiniz və Naxçıvan futbolunda bir tarix yazdınız. Azarkeşlər yenidən Əsgər Abdullayevdən çempionluq gözləsinlər?
– Amma mən belə deməzdim. Bu çempionluqda təkcə mənim payım yox idi. Çempionluğumuzun memarları bizə dəstək olan rəhbərimiz və azarkeşlərimiz idi. Həmçinin bu, futbolçuların, məşqçilər korpusunun və klubda çalışanların əməyinin bəhrəsidir. Hər bir şey yüksək səviyyədə təşkil olunmuşdu və biz də, öz növbəmizdə, çempion­luğu bayram etdik. Bu çempionluqda əməyi keçən hər bir kəsə minnətdarlığımı bildirirəm.
– Çempionluqdan artıq 5 mövsüm keçib və yenidən Naxçıvandasınız. Məlum olduğu kimi, həm də Futbol Federasiyasında böyük məşqçi vəzifəsinə təyin olun­musunuz. Qarşıdakı planlarınız ­nədir?
– Əslində, bu, çətin və məsuliyyətli işdir. Məqsəd ilk olaraq muxtar respublikada futbolun inkişafına təkan vermək, kütləviliyə nail olmaqdır. Məşqçilərlə də görüşlərimiz oldu, ayrı-ayrı məşqlərdə iştirak etdik, qarşıdakı günlərdə yenidən məşqlərə baxacağıq. Hamımız bir olsaq, bu işin öhdəsindən tez bir zamanda gələcəyik. Əsas odur ki, Naxçıvanda futbol kütləvi hala gəlsin. Həmçinin keçiriləcək müəyyən yaş qrupları üzrə liqalarda istedadlı uşaqları üzə çıxarıb onlarla individual şəkildə də çalışmaq lazımdır. Artıq görəcəyimiz işlərin planları hazırlanıb və buna əsasən hər həftə digər şəhər və rayon komandalarının məşqçilərini, futbolçularını bura dəvət edib seminarlar təşkil edəcəyik.
Futbol Federasiyası işini planlaşdırılmış şəkildə qurub. Əsas hədəf isə uşaq futboludur. Qarşıdakı 5 illik proqramda da nəzərdə tutulan tədbirlərin böyük əksəriyyəti uşaq futbolunun inkişaf etdirilməsi ilə bağılıdır. Görüləcək bu işlərin qısa zaman kəsiyində öz bəhrəsini verəcəyinə əminəm.
– Sizin də qeyd etdiyiniz kimi, Futbol Federasiyası əsas işini uşaq futbolu üzərində qurub. 5 illik proqrama əsasən qarşıdakı mövsümdə hansı liqalar təşkil olunacaq?
– Futbol Federasiyasının sədri ilə, həmçinin İcraiyyə Komitəsinin üzvləri ilə görüşlərimizdə bunları müzakirə etmişik. Yekun qərara əsasən cari mövsümdən etibarən 10, 11-12 və 13-14 yaşlı futbolçular arasında liqalar təşkil olunacaq. Təbii ki, həmin liqaların hər birinin ayrılıqda əsasnamələri ölkə futbol federasiyasının qaydaları çərçivəsində hazırlanıb. Məqsəd bu liqalarda çıxış edəcək istedadlı futbolçuları müəyyənləşdirmək, onları bir araya toplayıb məşqlər aparmaq və Naxçıvanın əsas komandasını formalaşdırmaqdır. Yəni mövsüm ərzində çempion olacaq komandaya digər istedadlı, özünü yaxşı tərəfdən göstərən futbolçular da qoşulacaq və muxtar respublikanı ölkə birinciliklərində təmsil edəcəklər. Bununla yanaşı, federasiya hakimlərin yetişməsinə böyük önəm verir. Bunun üçün artıq seminarlar da keçirilir və gənc hakimlər cəlb olunur.
– Azərbaycanın futbol tarixində 2-3 tanınmış məşqçidən birisiniz. 8 il ölkənin müəyyən yaş qrupları və əsas yığmasının baş məşqçisi olmusunuz. İndi hər kəsi maraqlandıran bir sual var: Əsgər Abdullayev niyə Naxçıvanı seçdi?
– Naxçıvanı çox sevirəm və onun futbol sahəsinə kömək etmək üçün buranı seçdim. Naxçıvana ilk gəldiyimdə də demişdim ki, burada çıxış edən futbolçularda xarakter var, heç nədən qorxub-çəkinmirlər. Bu isə bir futbolçunun inkişaf etməsi üçün əlavə stimuldur. Sadəcə, onlara taktiki-texniki məşqlər keçib püxtələşdirmək lazımdır. Muxtar respublikaya ilk dəfə gələrkən öz məşqçim Əhməd Ələsgərova zəng etdim və ondan halallıq istədim. O, səbəbini soruşanda dedim ki, Naxçıvana gedirəm və siz orada komandanı zamanında çıxış etdiyi divizionun lideri səviyyəsinə yüksəltmisiniz, azarkeşlər isə bunu unutmayıb. Sizin qədər də olmasa, orada uğur qazanmağa çalışacağam. Gəldim və çempion olduq.
– Hazırda “Araz-Naxçıvan” yerli futbolçulardan təşkil olunub...
– “Araz-Naxçıvan”da əsas məqsəd istedadlı futbolçuları üzə çıxarmaq, Azərbaycan futbolu üçün layiqli naxçıvanlı futbolçular yetişdirməkdir. Əgər belə olarsa, inkişaf tez bir zamanda özünü göstərəcək. Hazırda seleksiya xarakterli məşqlərimiz davam edir. Daha çox yaşı az olan oyunçuları seçməyə çalışırıq. Seçimlər başa çatdıqdan sonra komanda tam olaraq formalaşacaq və təlim-məşq üçün Şərur Olimpiya İdman Kompleksinə yollanacaq. Burada gündə iki dəfə olmaqla, 10 günlük təlim-məşq toplanışı təşkil ediləcək. Avqust ayı ərzində yoldaşlıq görüşləri keçirəcəyik. Bundan sonra komanda yeni mövsümə tam hazır olacaq.
– Naxçıvanın müasir siması haqqında nə deyə bilərsiz?
– Naxçıvana “Neftçi”nin futbolçusu olarkən “Araz”la yoldaşlıq oyununa gəlmişdim. 2013-cü ildə isə “Araz-Naxçıvan”a məşqçi kimi dəvət olundum. Gəlib gördüklərim məni heyrətləndirdi, heç bir yeri tanımadım, hər şey tam dəyişmişdi. Özümü Avropanın hər hansı bir şəhərində hiss etdim. Yenidən bura gəldikdə isə tam fərqli mənzərə ilə qarşılaşdım. Naxçıvan gündən-günə gözəlləşən, müasirləşən bir şəhərdir. Burada özümü çox rahat hiss edirəm.
– Naxçıvan futbol ictimaiyyətinə, azarkeşlərimizə sözünüz...
– Naxçıvan azarkeşləri hər zaman öz komandasının arxasında durub, hər oyunda onu sonadək dəstəkləyiblər. Hətta ötən dövrdə getdiyimiz səfər oyunlarında belə, bizi tək qoymurdular. Bu, futbolçular üçün əlavə gücdür. Muxtar respublika rəhbəri hər zaman idmançıların yanında olur, onlara dəstək verir. Bizə bu etimad göstərilib və bunun öhdəsindən layiqincə gələcəyimizə inanıram. Qısa vaxt kəsiyində Futbol Federasiyasının görəcəyi işlər bəhrəsini verəcəkdir.
– Bu gün həm də sizin doğum gününüzdür. Qəzetimizin kollektivi adından sizi təbrik edirik. Bu özəl gündə özünüzə nə arzu edərdiniz?
– Bu gün Naxçıvanda mənə böyük etimad göstərilib, mən də bu etimadı doğrultmağa çalışacağam. Hər bir insan ad günlərini fərqli şəkildə qeyd edir. Ancaq mən təmtəraqlı doğum günləri keçirməyi sevmirəm. Dahi Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı”nda olduğu kimi mən öz kərpicimi kəsə-kəsə gedirəm (gülür). Əsas məsələ çalışdığım sahədə nailiyyət əldə etməkdir. Hər şeydən öncə işimi sevirəm, qarşıma nə məqsəd qoyulursa, həmin məqsədə çatmağı özümə borc bilirəm. Mənim üçün ən böyük doğum günü hədiyyəsi, ən böyük arzu göstərilən etimadı doğrultmağımdır.

Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR