13 Dekabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Turizm Departamenti üçün müasir iş şəraitinin yaradıldığını bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmış Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanmışdır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır.
Ali Məclisin Sədri demişdir: 2019-cu ilin yanvar-avqust ayları ərzində dünyanın müxtəlif ölkələrindən muxtar respublikaya 250 minə yaxın turist gəlmişdir. Bunun bir hissəsi Turizm-İnformasiya Mərkəzinin apardığı işlər nəticəsində mümkün olmuşdur. Ona görə də muxtar respublikanın turizm potensialı, zəngin tarixi-mədəni irsi, mətbəxi və müasir inkişafı ilə bağlı informasiyalar internet üzərindən daha geniş yayılmalı və təbliğat işləri aparılmalıdır. Binada yaradılan şərait imkan verəcəkdir ki, bu vəzifələr uğurla yerinə yetirilsin. Çünki muxtar respublikaya turistlərin cəlbi digər sahələrin də inkişafına təsir edir. Eyni zamanda muxtar respublika barədə həqiqətlər, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz dünya ölkələrinə tanıdılır.
Ali Məclisin Sədri bir daha kollektivi təbrik etmiş və açılışı bildirən lenti kəsmişdir. Bildirilmişdir ki, binada Turizm Departamenti və “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş otaqları, eləcə də 50 yerlik iclas zalı yerləşir.
Ali Məclisin Sədri iclas zalında turizm şirkətləri üçün təlim və seminarların, eləcə də ali təhsil müəssisələrinin Turizm və otelçilik ixtisası tələbələrinin iştirakı ilə görüşlərin keçirilməsi, muxtar respublikanın turizm potensialı barədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işlərinin aparılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Həyətdə Möminə xatın və Nuh peyğəmbərin məzarüstü türbələrini, Naxçıvan Muxtar Respublikasının turist marşrutları xəritəsini əks etdirən panolar quraşdırılmışdır. Turist marşrutları xəritəsində 3 müxtəlif istiqamət üzrə 24 daşınmaz tarix-mədəniyyət abidəsi, 4 su dəyirmanı, 2 müalicə mərkəzi, 2 istirahət mərkəzi, 3 təbiət abidəsi, otel, çimərlik və muzey öz əksini tapmışdır.

  

 

 

 

 

 

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR