D vitamininin sağlamlıqda çox böyük rolu var. Onu həm qida, həm də Günəş şüaları vasitəsilə qəbul etmək olar. Bu, həm sümüklərin möhkəmlənməsi, həm də immun sistemi üçün vacibdir.

Mütəxəssislər bildirirlər ki, D vitamini əsasən süd və balıq məhsullarında, paxlalı bitkilərin tərkibində olur. Qidalarla yanaşı mütləq şəkildə açıq havada gəzmək də məsləhət görülür.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “D vitamini Günəş şüası vasitəsilə dəridə sintez olur. Bəzən isə mütləq surətdə həmin vitamin preparatlar vasitəsilə verilir. D vitamini çatışmazlığı bəzən problemlərə - depressiyaya, halsızlığa, ayaqlarda yorğunluğa səbəb olur. Yorğunluq zamanı əzələ və sümük ağrıları varsa, mütləq surətdə qan analizləri verildikdən sonra çatışmayan miqdarda D vitamini qəbul edilməlidir”.

Həkimlərin dediyinə görə, D vitamininin çoxluğu da orqanizmə zərərli təsir göstərir. Belə ki, kalsiumun miqdarı artıq olanda ürək və böyrəklərdə problemlər yaradır. Ona görə də D vitamini hər zaman nəzarətdə saxlanılmalı, mütəmadi şəkildə analizlər verilməlidir.

Saçların tökülməsi və dırnaqların sınması D vitamini çatışmazlığına dəlalət edən səbəblərdən biridir. Gündəlik D vitamini damcısı qəbul edilməsi profilaktika məqsədi daşıyır. D vitaminin kəskin çatışmazlığı zamanı isə onu müayinə əsasında müəyyənləşdirmək və həkimin təyin etdiyi qaydada həftəlik normaya uyğun qəbul etmək lazımdır.